"Səfirin qətlinin arxasındakı qüvvələr çox ləyaqətsiz düşmənlərdir"
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisinin deputatı Qüdrət Həsənquliyev ötən gün Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətlə yetirilməsi hadisəsini pisləyib.
20 Dekabr 2016 14:23 DünyaBütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisinin deputatı Qüdrət Həsənquliyev ötən gün Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətlə yetirilməsi hadisəsini pisləyib. İtənilən ölkənin səfirinə əl qaldırmaq, onu qətlə yetirmək ən ağır cinayətdir:
"Səfir elə toxunulmaz şəxsdir ki, heç bir ləyaqətli insan, hətta düşmən saydığı ölkənin səfirinə əl qaldırmaz. Yəni, səfir bu qədər çox müqəddəs və toxunulmaz şəxs hesab olunur. Ona görə də bu cinayəti hazırlayan və törədənlər, bu qətlin arxasında dayanan qüvvələr çox ləyaqətsiz düşmənlərdir. Mən bu hadisəni şiddətlə qınayıram, cinayəti törədənləri isə ləyaqətsiz və şərəfsiz hesab edirəm. Bu qətlin arxasında dayanan şəxslər mütləq tapılıb cəzalandırılmalıdır".
Deputat qeyd edib ki, sözügedən hadisədən sonra Rusiya və Türkiyə prezidentləri çox soyuqqanlı və hisslərə qapılmadan davranış nümayiş etdiriblər:
"Baş verən hadisə ilə bağlı həm Rusiya, həm də Türkiyə prezidentləri hissə qapılmadan çox soyuqqanlı açıqlamalar veriblər. Bu isə çox müsbət və vacib haldır. Türkiyə və Rusiya böyük və nüfuzlu dövlətlərdir. Ona görə də Türkiyə və Rusiyanın bu cinayətin arxasında dayanan şəxsləri tapıb cəzalandırmaq imkanları var".
Q.Həsənquliyev vurğulayıb ki, bu cür terror aktlarını həyata keçirən qüvvələr Türkiyəni yolundan döndərə bilməyəcək:
"Düşünürəm ki, onlar bu cür terror aktları ilə öz istəklərinə çata bilməyəcəklər. İnanıram ki, iki ölkə bu hadisə ilə bağlı yaranan vəziyyəti də uğurla dəf edəcəklər". Publika.az