Türkiyə hədəf taxtasında
Türkiyə-Rusiya münasibətlərinin istiləşməsi reallığı ilə barışa bilməyən xarici güclər Ankara üçün daha bir xain plan gerçəkləşdirdilər. Belə ki, Rusiya-Türkiyə xarici işlər nazirlərinin nəzərdə tutulan görüşü ərəfəsində Rusiyanın qardaş ölkədəki səfiri Andrey Karlov terror hücumu nəticəsində qətlə yetirildi. Baş vermiş hadisə öz-özlüyündə bir neçə mənfi tendensiyanın yaşanmasına yol açacaq ki, bunlardan ən başda gələni Ankaranın nüfuzuna vurulacaq zərbədir. Belə ki, bundan sonra Türkiyə barədə beynəlxalq aləmdə mənfi rəy formalaşdırılacaq ki, bu ölkə nəinki Türkiyəyə səfər edən xarici ölkə vətəndaşlarının, hətta diplomatik nümayəndəliklərin belə təhlükəsizliyini qorumağa qadir deyil. Bu arada İranın Türkiyədəki bütün nümayəndəliklərini bağlaması da bunun ilkin görüntülərindəndir Bəs görəsən ekspertlər Rusiya səfirinə qarşı həyata keçirilən terror aktı barədə nə düşünürlər? Ümumiyyətlə, bu addım nəyə hesablanıb?
20 Dekabr 2016 12:58 DünyaTürkiyə-Rusiya münasibətlərinin istiləşməsi reallığı ilə barışa bilməyən xarici güclər Ankara üçün daha bir xain plan gerçəkləşdirdilər. Belə ki, Rusiya-Türkiyə xarici işlər nazirlərinin nəzərdə tutulan görüşü ərəfəsində Rusiyanın qardaş ölkədəki səfiri Andrey Karlov terror hücumu nəticəsində qətlə yetirildi. Baş vermiş hadisə öz-özlüyündə bir neçə mənfi tendensiyanın yaşanmasına yol açacaq ki, bunlardan ən başda gələni Ankaranın nüfuzuna vurulacaq zərbədir. Belə ki, bundan sonra Türkiyə barədə beynəlxalq aləmdə mənfi rəy formalaşdırılacaq ki, bu ölkə nəinki Türkiyəyə səfər edən xarici ölkə vətəndaşlarının, hətta diplomatik nümayəndəliklərin belə təhlükəsizliyini qorumağa qadir deyil. Bu arada İranın Türkiyədəki bütün nümayəndəliklərini bağlaması da bunun ilkin görüntülərindəndir Bəs görəsən ekspertlər Rusiya səfirinə qarşı həyata keçirilən terror aktı barədə nə düşünürlər? Ümumiyyətlə, bu addım nəyə hesablanıb?
Millət vəkili Sahib Alıyev deyir ki, Rusiyanın Türkiyədəki səfirinin qətlə yetirilməsi ilk növbədə qardaş ölkənin prestijinə vurulan zərbədir: "Terrorçunun kimliyi bəllidir. Terrorun arxasında hansı gücün durduğu da sirr deyil. Bu terrorun Türkiyə, Rusiya və İranın xarici işlərlə müdafiə nazirlərinin Moskva görüşünə bir gün qalmış törədilməsi özlüyündə hər şeyi açıq-aydın göstərir. Üç dövlət Suriya məsələsində razılığa gəlmək və ümumiyyətlə regionda yeni bir əməkdaşlıq modeli qurmaq üçün intensiv danışıqlar aparırlar. Son zamanlar bir-birinin ardınca törədilən terror aktlarıyla sanki biriləri Türkiyəyə xəbərdarlıq edir ki, bu plan, özəlliklə də Rusiyayla sıx əməkdaşlıq ona baha başa gələcək. İlkin reaksiyalardan belə görünür ki, həm rəsmi Moskva, həm də Ankara Rusiyanın Türkiyədəki səfirinin qətlə yetirilməsinin arxasında kimin durduğunu yaxşı anlayırlar və bu olay ötən ilin noyabrındakı insidentdən fərqli olaraq iki ölkəni bir-birinə daha da yaxınlaşdıracaq"
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə bildirib ki, Rusiya səfiri Andrey Karlovun Ankarada öldürülməsi Moskvanın Suriyada Bəşər Əsədə verdiyi dəstək və Hələb şəhərinin Əsəd ordusunun nəzarəti altına keçməsi ilə bağlıdır: "Əlbəttə, Rusiya tərəfinin ilk reaksiyası bu olacaq ki, Türkiyə tərəfi sərgiyə qatılan səfirin təhlükəsizliyini təmin etməli idi. Səfirə kimin atəş açdığı da vacibdir. Əgər Rusiya səfirini İŞİD deyil, Suriya silahlı müxalifətinin təmsilçisinin vurduğu təsdiq olunarsa. Moskvanın Ankaradan tələbi Suriyanın silahlı müxalifətinə dəstəkdən əl çəkməsi olacaq. Moskvanın Ankaraya ünvanlayacağı əsas mesaj bu olacaq: "Bu da Sizin dəstək verdiyiniz hərbi müxalifət. Onların İŞİD -dən heç bir fərqi yoxdur". Türkiyənin problemi az idi, biri də əlavə olundu".
Politoloq hesab edir ki, buna baxmayaraq, olay təyyarə olayında olduğu kimi Rusiya-Türkiyə münasibətlərinə mənfi təsir etməyəcək: "Tam əksinə Ankara əlindən gələn hər şeyi edəcək ki, Suriya məsələsində Moskva ilə ortaq məxrəcə gəlsin. Çünki, Ankara səfirin vurulmasına görə üzərində mənəvi məsuliyyət hiss edəcək. Başqa sözlə Rusiya səfirini itirsə də, olay sanki Kremlin işinə yarayacaq, Türkiyəni daha çox özünə tərəf çəkməyə müvəffəq olacaq".
"Oğuz" Müstəqil Araşdırmalar Qrupunun sədri, politoloq Vüqar Zifəroğlu isə qeyd edir ki, kritik Moskva görüşündən bir gün əvvəl, gözlərin Rusiya və Türkiyənin Suriya ilə bağlı İranı da oturdacaqları masaya dikildiyi, hər kəsin görüşdə hansı qərara gələcəklərini müzakirə etdikləri bir zamanda, paytaxt Ankaranın ən önəmli nöqtəsində rus səfirinə edilən sui-qəsd planlı idi və onun veridyi mesajlar açıqca ortadadır: "Türkiyənin paytaxtında, rus səfirinə, Rusiya paytaxtında keçiriləcək kritik görüşdən bir gün əvvəl, "Hələb qisası" sloqanı ilə törədilmiş bir qəsd. Hər bir məqamı öz-özlüyündə bir mesajdır. Hələb hələ uzun müddət müzakirə predmeti olacaq və bu şəhərin iqtidar qüvvələrinin nəzarətinə keçməsi, hələ o demək deyil ki, onun haqqında fərqli xəbərlər eşitməyəcəyik. Yaxın Şərq elə bir çıxmaza daxil olur ki, təsiri dünyanın hər nöqtəsində hiss ediləcək". Vüqar Zifəroğlu deyib ki, birinci-dünya müharibəsi də belə sui-qəsdlə başlamışdı: "İndi hər şey Rusiyanın baş verənlərə nə dərəcədə olqun davranacağından asılıdır. Moskvadan gələn ilk açıqlamalar onu göstərir ki, Rusiya baş verən terrorun bir provokasiya olduğunu qəbul edir və baş verən olay Türkiyə ilə münasibətlərə təsir etməyəcək. Tətikçinin arxasında hansı qüvvənin durduğu isə yaxın 1-2 gün ərzində aydınlaşacaq. Hər halda ümid edək ki, Karlov XXI əsrin Ferdinandı olmayacaq".
Müstəqil ekspert Rövşən Məmmədli bildirib ki, əvvəllər səfirin öldürülməsi müharibə elan etmək üçün bəhanə idi. İndi isə belə hadisələrin təəssüflər olsun ki, çox şahidi oluruq: "Yaxın günlərdə Ərdoğan Rusiyaya birgünlük səfər etməliyidi. Yanvar ayında isə Türkiyə prezidentinin böyük səfəri gözlənilirdi. Ərdoğan üzünü Rusiyaya çevirir. Ona görə də Qərb xüsusi xidmət orqanlarına bu sərfəli deyil. Türkiyə bir siyasi meydandan digərinə keçməyə qərar verib". Ekspert deyib ki, Türkiyənin hədəfə alındığı artıq faktdır: "Bu hədəfçilərin ən böyük istəyi Türkiyə ilə Rusiyanı üz-üzə gətirmək, bu iki ölkəni bir-birinə düşmən etmək,bacarsalar lap qarşıdurmaya sövq etməkdir. Bu anlarda Rusiyanın səfiri Türkiyənin paytaxtında güllələnib". Rövşən Məmmədli onu da deyib ki, Türkiyə növbəti səhlənkarlığının ziyanına düşüb: "Hesabla bu cür şəxslər möhkəm mühafizə altında olmalıydılar. Rus-Türk yaxınlaşması çox qarınlara sancı salır. Yaxın Ermənistandan tutmuş, okeanın o tayına qədər. Az qala hər gün terrorla rastlaşan Türkiyə nəyi gözləyir? Paytaxtda və qaynar bölgələrdə hərbi vəziyyət tətbiq olunmalı, hər xırda şübhəli hal araşdırılmalı, xarici diplomatların həyatlarının təhlükəsizliyi üçün lazımi
tədbirlər görülməlidir. Hesab edirəm Rusya dövləti, Rus xalqı bu hadisəyə anlayışla yanaşacaq.səbirli olacaq, düşmənin tək Rusiya səfirini yox. onun faciəsində hər iki dövlətin istiləşən, mehribanlaşan münasibətlərəni hədəfə aldığını nəzərə alacaqlar. Bəli Rusiya və Türkiyə kimi iki iri bölgə dövlətinin yaxşı niyyətlərlə bir araya gəlmələri, dostluq münasibətlərini daha da inkişaf etdirmələri, iki ölkənin maddi istehsalında bir-birlərinə dayaq olmaları xain imperialist dövlətləri əməlli başlı narahat edir. Onlar bütün cəhdlərə əl atırlar ki, bu iki dövlətin yaxınlaşmasının qarşısını alsınlar. .Necə deyərlər İngilis siyasəti deyəsən xoda düşüb, bu siyasətə qoşulan yeni xainlərdə peyda olub". Ekspert deyib ki, bir neçə ay öncə Türkiyə sərhəddində Rusiyaya məxsus təyyarə olayını da həmin düşmən qüvvələr planlaşdırmışdı: "Düşmən çox ağıllı və hazırlıqlıdır. Odur ki,Türkiə və Rusiya dövlətlərindən daha da çox sayıqlıq tələb olunur".
Millət vəkili Fazil Mustafanın sözlərinə görə, Türkiyəyə qarşı ən alçaq üsullarla mübarizə aparırlar. O, bildirib ki, Rusiya səfirinin öldürülməsi Türkiyənin ağır durumda buraxılmasını hədəfləyən bir addımdır: "Bəsit bir terrorçu işi deyil, arxasında çox ciddi güclərin durması şübhəsizdir. Yaxşı ki, Rusiya məqamlarından gələn açıqlamalar soyuqqanlı və işin mahiyyətini anlayacaq üslubdadır və hədəfin Türkiyə-Rusiya münasibətlərinin pozulması olduğunu bəyan edirlər. Hamımız Türkiyəmizin bu ağır durumunda dəstəyimizi əgirgəməməliyik. Türkiyəni ağır töhmət altına soxan bu Vətən xainlərinin tez bir zamanda üzə çıxarılması və gərginliyin azaldılması istiqamətində ağıllı addım atılması vacibdir"
Süleyman İsmayılbəyli