Fətullah Gülən Türkiyəyə verilir? - 100 min imza toplandı
12 Avqust 2016 11:39 DünyaHazırda ABŞ-da yaşayan Fətullah Gülənin Türkiyəyə ekstradisiyası üçün Ağ Evin rəsmi internet səhifəsində başladılan petisiya kampaniyası vaxtından əvvəl başa çatıb.Publika.az xarici mediaya istinadən xəbər verir ki, petisiyada nəzərdə tutulan 100 min imza artıq əldə edilib.Petisiyanın uğurla başa çatması münasibətilə kampaniyanı aparan "Türkiyə" adlı qrupun rəsmisi Cahit Oktay və Türkiyənin diaspora nümayəndələri Nyu-Yorkda mətbuat konfransı keçiriblər.Cahit Oktay deyib ki, petisiyada nəzərdə tutulan 100 min səs 3 həftədən də tez vaxtda əldə edilib.Türkiyəli iş adamı İbrahim Kurtuluş isə Fətullah Gülənin ABŞ-da saxlanılmasından ciddi narahatlıq keçirdiyini söyləyib: "ABŞ Fətullah Güləni dərhal Türkiyəyə təhvil verməlidir. Türkiyə və ABŞ strateji müttəfiq dövlətlərdir. Ancaq bu gün ABŞ-da prezident seçkilərində iştirak edən bir sıra namizədlər Fətullah Gülənin qanlı pullarını xərcləyir. Bunun əvəzində isə onlar Güləni müdafiə edirlər. Türkiyə xalqı ABŞ-dan ədalətli addım atılmasını gözləyir. Biz prezident Barak Obamanı və NATO müttəfiqlərini Türkiyə xalqının yanında olmağa çağırırıq. Eyni ilə sizin keçmiş prezidentiniz Corc Buşun dediyi kimi, terrorçuların yanındasınız, yoxsa bizim? ABŞ-da 11 sentyabr terror hadisələrindən sonra küçələrdə "şübhəli nə isə görsəniz, dərhal bizə xəbər verin" sözləri yazılmış plakatlar asılıb. İndi biz də Türkiyə-ABŞ cəmiyyəti olaraq birmənalı şəkildə deyirik ki, Pensilvaniyada bir terrorçu oturur, lazım olan addımı atın. Bunu bütün Türkiyə xalqı tələb edir".