"Böyük iğtişaşlar gözlənilir" - Ermənistanda

Ermənistandakı silahlı üsyan cəhdinin kökündə, təkcə şurtvatslarla (Qarabağ klanı) axberlərin (Suriya və Livan erməniləri) Dağlıq Qarabağ məsələsinin həllinə yanaşmasındakı fikir ayrılığı və sülh danışıqlarınn təxirə salınması durmur. Çünki Qarabağ münaqişəsi, sadəcə, bir fondur, bəlkə də bu, hansısa məqamda katalizator rolunu oynayır. Amma, əslində, məsələnin kökü daha dərindədir.

Bu barədə Milli.Az-a politoloq İlqar Vəlizadə Ermənistanda baş verən silahlı üsyan cəhdi, onun yatırılması və bundan sonrakı proseslərin mümkün gedişatı ilə bağlı məsələləri şərh edərkən deyib.

Ekspertin fikrincə, etirazçıların əsas narazılığı ölkədə sosial-iqtisadi vəziyyətin, ümumiyyətlə, bərbad durumda olması ilə əlaqədardır: "Siyasi elita hakimiyyəti öz əlinə alıb və heç kimlə bölüşmək istəmir. Eyni zamanda, çox güman ki, üsyançılar ABŞ və ya digər xarici ölkələrdəki erməni diasporunun dəstəyi ilə fəaliyyət göstərirlər. Onlar da Sarkisyandan narazıdırlar. Çünki bu illər ərzində Ermənistana kifayət qədər pul yatırılıb, sərmayələr qoyulub və bütün bunlar, demək olar ki, mənimsənilib. Bundan əlavə, diaspor istəyir ki, Ermənistan az da olsa, Rusiyadan kənarlaşsın, Qərbə, avrointeqrasiyaya istiqamət alsın. Sərmayələr də, əsasən, Fransa və ABŞ-dan gəlib. Amma gedişat göstərir ki, Ermənistan hakimiyyəti Rusiyadan uzaqlaşmaq iqtidarında deyil, Sarkisyan Rusiyanın cızığından çıxa bilmir. Ona görə də etirazçılar da deyir ki, hər şeyi - iqtisadiyyatımızı, siyasətimizi Rusiyaya vermişik, üstəlik ölkədə kriminal rejim mövcuddur. Bu rejimi də Rusiya qoruyub saxlayır. Bax bu kompleks narazılıqlar böyük iğtişaşlara səbəb olur".

Politoloq hesab edir ki, üsyançıların təslim olmasından sonra Ermənistan hakimiyyəti konkret lokal üsyanı dəf etsə də, ümumiyyətlə, bu hərəkatın qarşısını almaq mümkün deyil: "Ötən ilin elektrik enerjisi tariflərinə görə meydan hadisələri də göstərir ki, bunlar yenə də təkrarlana bilər. Keçən il də belə bir illüziya var idi ki, guya ara sakitləşib və hadisələr normal məcraya yönəldilib, amma bu, belə deyildi. Ona görə də son iğtişaşlar bir daha təkrarlana və daha kəskin forma ala bilər. Bu, hakimiyyətin əldə etdiyi nisbi uğurdur. Reallıqda isə vəziyyət yenə də gərgin olaraq qalır, çünki onun səbəbləri tam aradan qalxmayıb".

Terrorçu-üsyançıların zərərsizləşdirilməsi məsələsinin bu qədər uzanmasına gəlincə, İ.Vəlizadənin fikrincə, bu, qəsdən belə edilib: "Bu ərəfədə hakimiyyət üsyançılarla, güman ki, danışıqlar aparıb və hansısa şərtlərlə onları öz tərəfinə nisbətən çəkə bilib. Amma üsyançılar çox sərt mövqe tutublar. Çünki onların tələbləri hakimiyyəti qane etmir, eyni zamanda bu tələblər dəyişməyib. Əsas tələb də o idi ki, prezident istefa verməlidir. Vəziyyəti bu cür saxlamaq və danışıqların aparılması bir tərəfdən üsyançılara imkan verdi ki, öz tələblərini daha da sərtləşdirsinlər. Lakin, eyni zamanda, hakimiyyət üçün real təhlükə yaradırdı. Ona görə də təhlükənin böyüməməsi üçün Ermənistan hakimiyyəti belə bir addım atdı. Yəni bütün hallarda risk var idi ki, üsyançıların silah gücünə zərərsizləşdirilməsi daha böyük iğtişaşlara yol aça bilər. Amma vəziyyət elə gətirib çıxardı ki, həm daxildə, həm də xaricdə bununla bağlı neqativ reaksiya çoxaldı. Ona görə də kəskin surətdə hərəkət edib əməliyyat keçirmək qərarına gəldilər. Əgər hakimiyyət, həqiqətən, hesab etsəydi ki, cəmiyyətin əksəriyyəti onlara dəstək verir, onda bu əməliyyatı daha əvvəl həyata keçirərdilər. Amma iqtidar cəmiyyətin dəstək verməyəcəyindən qorxdu. Sonda isə məcbur olub bu addımı atdı, amma bu addım yalnız hadisələrin bu gün üçün səngiməsinə imkan verir. Lakin bir müddət sonra, konkret olaraq payızda bu iğtişaşların daha kəskin formada təkrarlanması istisna olunmur. Çünki səbəblər hələ aradan qaldırılmayıb. Güman ki, növbəti etiraz dalğası da dinc formada olmayacaq. Nəzərə alsaq ki, gələn il Ermənistanda konstitusiyaya dəyişiklik edilməsi ilə bağlı referendum və parlament seçkiləri keçiriləcək, bu qüvvələr daha çox fəallaşa, keçirilən aksiyalar daha kəskin xarakter ala bilər. Növbəti dəfə bu aksiyalara qoşulan dairələr də çoxalacaq. Çünki cəmiyyət artıq ənənəvi müxalifətçilərə inanmır. Ona görə də onlar bu vəziyyətdən istifadə edəcəklər. İndiki üsyançıların Ermənistan cəmiyyətində nüfuzu çox böyükdür. Hakimiyyət isə onlarla ənənəvi üsullarla bacara bilmədiyini görsə, yenə də onlara güc tətbiqi təzyiq göstərməyə çalışacaq

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00