Əl Qaidə lideri 11 min kilometrdən vuruldu

Əl Qaidənin Suriyadakı əsas liderlərindən sayılan Misir vətəndaşı Rifai Əhməd Taha 11 min kilometr məsafədən idarə olunan əməliyyat nəticəsində öldürülüb.

Əl Qaidənin Suriyadakı əsas liderlərindən sayılan Misir vətəndaşı Rifai Əhməd Taha 11 min kilometr məsafədən idarə olunan əməliyyat nəticəsində öldürülüb.

Axar.az bildirir ki, bu ilin aprelində baş tutan əməliyyat ABŞ-ın Nevada ştatından idarə olunub.
 
61 yaşlı Taha ABŞ-ın qlobal terrorçular siyahısında olub. O, Misirdə Müsəlman Qardaşları (İhvan) hərəkatının dəstəklədiyi Məhəmməd Mursi general Əbdülfəttah Sisi tərəfindən devrildikdən sonra İhvana yaxın minlərlə şəxs kimi Türkiyəyə sığınıb. Amerikalılara görə, Taha Türkiyədəki sığınacağından çıxdıqda məhv edilməli idi.
 
Rifai Əhməd Taha bu il aprelin 5-də Əl Qaidənin Suriyadakı qolu Nüsrə Cəbhəsi və digər cihadçı qruplar arasındakı anlaşılmazlığı həll etmək üçün Suriyaya gedib. Tahanın getdiyi avtomobil Suriyanın Türkiyə sərhədinə yaxın İdlib şəhərində bir yanacaqdoldurma stansiyasında dayandığı zaman pilotsuz uçan aparat (PUA) tərəfindən vurulub.
 
Vaşinqton indi də 2015-ci ildə Taha ilə eyni fotoşəkildə yer alan misirli Məhəmməd Şavki İslambulinin izindədir. O, Misir Camaatı cihadçı təşkilatına liderlik edir. İslambulinin 1980-1990-cı illərdə Üsamə bin Ladenin yaxın adamı olduğu təxmin edilir. Qəzetdə yer alan məlumatlara görə, Tahanın İstanbuldakı cənazə mərasiminə qatılanlar arasında İslambuli də olub.
 
ABŞ-ın ona yönəltdiyi ittihamlar isə çox ciddidir. İslambuli 2005-ci ildə ABŞ Maliyyə Nazirliyi tərəfindən qlobal terrorçu siyahısına salınıb. Lakin ötən il Birləşmiş Millətlər Təşkilatının xüsusi araşdırmasından sonra İslambulinin adı BMT-nin terror siyahısından çıxarılıb.
 
2014-cü ildən bəri ABŞ İslambuli və Tahanı Əl Qaidəyə bağlı, yalnız Qərbdə terror hücumları planlaşdıran Xorasan qrupu ilə əlaqədə ittiham edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00