NATO-dan Ermənistana vacib mesaj

Ötən həftə beynəlxalq və regional proseslər baxımından ən yadda qalan hadisələrdən biri, daha dəqiq desək birincisi NATO-nun Varşava sammiti oldu.

Beynəlxalq müstəvidə bütün proseslər İrəvanın ziyanına işləyir

Ötən həftə beynəlxalq və regional proseslər baxımından ən yadda qalan hadisələrdən biri, daha dəqiq desək birincisi NATO-nun Varşava sammiti oldu. Hərbi Alyansın gələcək planları, qarşısında duran vəzifələrinin müzakirə edildiyi Varşavada iki məsələ əsas diqqət çəkən məqamlardan oldu. Birincisi, NATO ilə Rusiya arasında hələ də gərginliyin mövcud olduğu bir daha təsdiqini tapdı, ikincisi Hərbi Alyansın Varşava sammitinin yekunu olaraq qəbul etdiyi bəyannamədə Azərbaycanın da ərazi bütövlüyünün dəstəkləndiyi ifadə edildi. Məsələyə hansı aspektdən yanaşılmasından asılı olmayaraq NATO-nun qəbul etdiyi bəyannmədə Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi barədə bəndin yer alması rəsmi Bakının diplomatik uğuru kimi dəyərləndirilməlidir. Hərçənd sözügedən bəyannmədə Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi barədə yer alan fikirlərin əməldə təsdiqini tapacağına inam olmasa da, hər halda bunu diplomatik uğurla yanaşı işğalçı ölkəyə ünvanlanmaş mesaj da saymaq olar. Elə əksər ekspertlər də bu qənaətdədir lər.

Millət vəkili Sahib Alıyev deyir ki, Azərbaycan Respublikasının Prezident İlham Əlıyevin də qatıldığı NATO-nun Varşava sammitinin yekun bəyannaməsində Ukrayna, Gürcüstan və Moldova ilə yanaşı Azərbaycanın da torpaq bütünlüyünün dəstəklənməsi diplomatik uğur olmaqla yanaşı, həm də işğalçı Ermənistana xəbərdarlıqdır: "Xəbərdarlıqdır ki, bu hərbi-siyasi alyans Azərbaycanın öz torpaqlarını geri qaytarmaq yönündəki siyasi addımlarıyla yanaşı ata biləcəyi hərbi addımları da dəstəkləməsə belə, ən azından anlayışla qarşılayır və qarşılayacaq. Və Ermənistan status kvonun qorunub saxlanması sevdasından əl çəkməsə, apreldəkindən daha betər vəziyyətlə üzləşəcək".

Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadənin szlərinə görə, NATO sammitində Cənubi Qafqazda təhlükəsizlik problemlərinin önə çəkilməsi, dondurulmağa çalışılan Dağlıq Qarabağ münaqişəsinin yenidən beynəlxalq təşkilatların gündəmində yer tutması, bu münaqişənin region üçün nə qədər böyük təhdid təşkil etdiyini göstərdi: "NATO sammitində baş katib tərəfindən yenidən atəşkəsin qorunması, gücdən istifadəyə yol verilməməsi qeyd edilsə də, Ermənistanın işğal olunmuş ərazilərdən çıxarılması isə təssüf ki, masaya gətirilmir, işğalçı ölkəyə heç bir təzyiq göstərilmir. Təzyiq olarsa, Ermənistan istənilən vaxt Azərbaycan ərazilərini boşaltmaq məcburiyyətində qalar". Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri deyib ki, Ermənistanın silahlı qüvvələri Azərbaycanın ərazilərindən çıxarılmayınca, bu regionda atəşkəsin qorunmasına, təhlükəsizliyə

ciddi şəkildə təhdid qalacaq: "Görünən odur ki, telefon diplomatiyasında ABŞ-Rusiya-Fransa rəhbərliyi Qarabağ münaqişəsi barədə fikir mübadiləsi aparır. Bu danışıqların nəticəsi yaxın aylarda gözlənilməsə, regionda yenidən hərbi eskalasiyanın baş verməsi mümkündür. NATO və digər əlaqədar təşkilatlar isə təcavüzkar Ermənistanı cilovlamağı hələ ki fikirləşmirlər. Qarabağ münaqişəsinin həll olunmaması, regionda digər münaqişə ocaqlarının yaranmasını tətikləyir. Ukraynada separatçı qurumların mövcudluğu Qarabağ münaqişəsinin həll olunmamasının nəticəsidir. Hər halda bu amilə də xüsusi diqqət yetirilməlidir".

"Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu da hesab edir ki, Varşava sammitinin yekun bəyannaməsində Azərbaycanın ərazi bütövlüyünün tanınması barədə yer alan fikirlər işğalçı ölkə üçün bir mesajdır: "NATO bəyanatında digər dövlətlərlə yanaşı "Ermənistanın ərazi bütövlüyünə dəstək veririk" ifadəsi də vacibdir. Bu İrəvana mesajdır. Necə ki, bütün dövlətlər Ermənistanın ərazi bütövlüyünə hörmət edir, sən də zəhmət çək həmin ölkələrin, o cümlədən qonşun Azərbaycanın ərazi bütövlüyünə hörmət et. Ermənistan rəsmiləri qalxıb deməyəcəklər ki, "yox sənəddə Ermənistanın ərazi bütövlüyü dəstəklənsin, Azərbaycanın ərazi bütövlüyü dəstəklənməsin". Bunu desəydilər özlərini gülməli vəziyyətə salardılar". Politoloq qeyd edib ki, NATO və Varşava sammiti bir daha Ermənistanın nə etməli lazım olduğunu onun üzünə dedi. Ermənistan prezidenti Serj Sərkisyanın NATO sammitinə dəvət edilməsi məsələsinə gəlincə isə Elxan Şahinoğlu hesab edir ki, Serj Sərkisyan sammitlərə dəvəti NATO rəhbərliyindən alır: "Ancaq hər dəvət olunan yerə gedərlərmi? Bir halda ki, NATO bəyanatının Ermənistanın xeyrinə olmadığını sammitdən əvvəl biləsən. Ermənistan ordusu Azərbaycan ordusundan fərqli olaraq hərbi birləşmələrində nə NATO standartlarının qəbuluna səy göstərir, nə də Şimali Atlantika Blokunun şərqdəki ən böyük layihəsi olan Əfqanıstanda hər hansı kiçik rola malikdir.Serj Sərkisyanın NATO sammitlərində iştirakının sadəcə bir mənası var: Ermənistan prezidenti görüntü yaratmaq istəyir ki, NATO-nun rəqibi olan Rusiyanın vassalı deyil, müstəqil qərarlar da verə bilir. Çünki, Ermənistan üçün heç bir əhəmiyyət kəsb etməyən NATO sammitinə getməsə, bu birmənalı İrəvanın Kremldən qorxduğu anlamına gələcək".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00