
Amerika mətbuatının yazdığına görə, Orlandoda homoseksualların toplandığı kluba hücum çəkərək 50 nəfəri öldürən, 53 nəfəri isə yaralayan Ömər Siddiq Mətin özü homoseksual imiş. O, Orlandodakı "Pulse" barının müntəzəm ziyarətçisi və homoseksualların tanışlıq üçün istifadə etdikləri müxtəlif tətbiqetmələrin üzvü imiş.

Lakin burada bəzi ziddiyyətli məqamlar üzə çıxıb. Belə ki, terrorçunun atası oğlunun homoseksuallara nifrət etdiyini, onun keçmiş həyat yoldaşı isə Ömərin gey olduğunu bildirib.

Qeyd edək ki, iyunun 12-də Amerika növbəti terror şoku yaşayıb. Bu dəfə terrorun hədəfi qeyri-ənənəvi cinsi oriyentasiyaya malik şəxslər olublar. Belə ki, Nyu-Yorkda əfqan əsilli ailədə anadan olmuş 29 yaşlı Ömər Mətin adlı şəxs ABŞ-ın Florida ştatının Orlando şəhərində "Pulse" gecə klubunda odlu silahdan atəş açaraq 50 nəfəri öldürüb, 53 nəfəri yaralayıb. Qətliamın törədicisi Ömər Mətin polislə atışma zamanı öldürülüb. Ö.Mətin ABŞ Milli Təhlükəsizlik Nazirliyinin podratçısı və 2012-ci il London Yay Olimpiya oyunlarının təhlükəsizliyini təmin edən beynəlxalq "G4S2" mühafizə şirkətinin ABŞ-dakı nümayəndəliyinin əməkdaşı olub.
Hadisədən sonra "İŞİD" terror təşkilatı Ömər Mətinin onların adamı olduğunu bəyan edib.