“Apple” bu gün təqdimat keçirəcək
13 İyun 2016 18:55 DünyaBu gün ABŞ-ın San-Fransisko şəhərində keçirilən WWDC-2016 konfransı çərçivəsində "Apple" korporasiyası özünün bəzi yeni məhsullarını təqdim edəcək.
İKT.lent.az-ın xəbərinə görə, "Apple"ın saytında konfransın online yayımı həyata keçiriləcək.
Korporasiyanın mobil cihazlar üçün "iOC10" və "Mac" kompüterləri üçün "OS X 10.12" əməliyyat sistemlərini təqdim edəcəyi bildirilir. Tədbirdə "Touch İD" skaneri, OLED-panel və USB-C portlarına malik yeni "MacBook Pro" noutbuklarının, eləcə də yenilənmiş "MacBook Air"in təqdim olunacağı da gözlənilir.
Konfrans çərçivəsində 100-dən çox texniki sessiya təşkil olunacaq. Sessiyalarda "Apple" mühəndisləri aktual texnologiyaların işlənməsi, tətbiqi və inteqrasiyası haqda danışacaqlar. "iPhone", "iPad" və "Mac" üçün ən yaxşı əlavələr "Apple Design Awards" mükafatına nominasiya olunacaq.
Qeyd edək ki, WWDC 1983-cü ildən bəri hər il keçirilir. Konfransda "Apple" mütəxəssisləri proqram tərtibatçıları üçün seminar və məşğələlər təşkil edir. Konfrans həm də yeni məhsulların və texnologiyaların anonsu üçün meydan rolunu oynayır.