10 min nəfər kraliçanın şərəfinə toplandı

Böyük Britaniya kraliçası 2-ci Yelizavetanın 90 illik yubileyi ilə bağlı tədbirlər davam edir. Bu dəfə kral ailəsi paytaxt Londonda böyük bir ziyafət təşkil edib. Mərasimə nə az, nə çox - düz 10 minə qədər insan qatılıb.

Ən uzun ömürlü kraliça kimi tarixə düşən 2-ci Yelizaveta Bukingem sarayının qarşısında təşkil olunan şənliyi şəxsən izləyib. Onunla yanaşı ziyafəti şahzadələr Viliam, Keyt və Herri də izləyib. Tədbirdə küçə karnavalı də təşkil olunub. Müxtəlif səhnəciklər quraşdırılaraq 2-ci Yelizavetanın hakimiyyətdə olduğu illər canlandırılıb.

Lakin ziyafət olaysız da ötüşməyib. Krallıq sarayının keşikçilərindən biri mərasimdən öncə huşunu itirib və yerə yıxılıb. Nizam-intizama görə, saray qarşısında keşik çəkən əsgərlər istənilən halda tərpənməməlidir. Bu üzdən yıxılan əsgərin hərbçi yoldaşları ona kömək edə bilməyib. Əvəzində zərərçəkən əsgərin köməyinə digər hərbçilər gəlib.

Həkimlərin ilkin müayinəsindən sonra məlum olub ki, uzun müddət hərəkətsiz qalan gənc keşikçinin beyin-qan dövranı pozulub və nəticədə o halsız vəziyyətə düşüb, özünü idarə edə bilməyib. Britaniya mətbuatı yazır ki, yəqin, bu, əsgərin sonuncu iş günü idi. Çünki, krallıq sarayını qorumaq kimi məsul bir tapşırığı yerinə yetirməli olan şəxs bir dəfə huşunu itirib yerə yıxılırsa, demək ki, bu hal yenə təkrarlana bilər. Bu üzdən əsgəri ikinci dəfə eyni risk altında qoymurlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00