Yeni hədəf ASTANA - İslamçılar ABŞ-dan Asiyaya kimi terror əsdirir

Son günlər Qazaxıstan terror dumanına bürünüb.

Ard-arda keçirilən əməliyyatlar, partlayışlar əhali arasında ajiotaj yaradıb. Düzdür, axırıncı hadisələr terrorçuların ziyanına olsa da, proses səngimədən davam edir.

Baş verənləri təməlində siyasi faktorlar dayanır, yoxsa bunu dini məsələlər ilə əlaqələndirmək olarmı?

Milli.Az bildirir ki, mövzu ilə bağlı atv.az-a açıqlama verən siyasi şərhçi Vüqar Zifəroğlu dedi ki, bu barədə versiyalar müxtəlifdir:

"Hadisələrin rus əhalisinin daha sıx yaşadığı bölgədə baş verməsi, istər-istəməz Rusiya faktorunu qabardır. Xatırlatmaq yerinə düşər ki, bu hadisələrdən əvvəl rus ekspertlerin həmin ərazilərlə bağlı düşündürücü açıqlamaları da olmuşdu. Dövlət çevirilişində adı hallanan iş adamının Rusiya Dövlət Duması sədrinin keçmiş müşaviri olması da diqqətçəkən məqamdır.

Son zamanlarda Qazaxıstanda torpaqların əcnəbilərə icarəyə verilməsinə etiraz olaraq kütləvi aksiyalar keçirilirdi. Prezident Nursultan Nazarbayevin "Torpaq Məcəlləsi"nə dəyişiklikləri ləğv etməsinə baxmayaraq, gərginliyin səngidiyini söyləmək olmazdı. Görünür, xarici güclər bu şəraitdən yararlanmaq niyyətində olublar.

Burada başqa bir məqam, siyasi dini müxalifət məsələsidir. Qazaxıstanda siyasi islamın yayılması və hakimiyyətə qarşı alternativ gücə çevrilmək təhlükəsi artıq uzun zamandır ki formalaşmaqdadır.

Qazaxıstan, eyni zamanda, dünyanın üç nəhəng siyasi güc mərkəzinin Rusiya, Çin və Qərbin maraqlarının üzərində toqquşduğu strateji əhəmiyyətə malik bir məkandır. Bu ölkə 1990-cı illərdən Qərbin strateji enerji tərəfdaşıdır. Eyni zamanda, ölkədə ikinci böyük etnos ruslardır və ümumiyyətlə, rusların bu ölkədə ənənəvi geosiyasi və iqtisadi maraqları var. Qazaxıstan həmçinin Çinlə həmsərhəddir və bu ölkənin aktiv geosiyasi təsir zonasına daxildir.

Yəni, baş verənlər əslində mürəkkəb proseslərin tərkib hissəsidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00