Terraktlarla Türkiyəyə hansı mesajlar verilir?

Türkiyə Yaxın Şərqə bənzədilir və xalqın təhlükəsizlik orqanlarına güvənini sarsıtmağa cəhd edilir

Türkiyə yenə terrorla baş-başadır. Son günlər Türkiyənin müxtəlif yerlərində ard-arda həyata keçirilən terror aktları onlarla Türk vətəndaşının ölümünə, bir çoxunun yaralanmasına yol açdı. Qardaş ölkənin hüquq mühafisə orqanları mümkün terror hadisələrini önləmək üçün hərəkətə keçsə də, lakin bir şey gün kimi aydın oldu ki, hələ də Ankara terror qarşısında aciz durumdadır. Nədən ki, bu terraktların arxasında yalnız PKK deyil, onu idarə edən güclər dayanır. Türkiyədə PKK-nın əli ilə törədilən terrorlar da əslində Ankaraya bir mesajdır. Elə əksər siyasi analitiklər də bu qənaətdədir. Politoloq Natiq Mirinin sözlərinə görə, terraktın Quranın nazil olduğu Ramazan ayının ilk günlərində həyata keçirilməsi bir daha göstərdi ki, bunu törədənlərin İslamla, insanlıqla heç bir əlaqəsi yoxdur: "İnsanlıqla əlaqəsi olmayan bu əməlin mahiyyətində PKK terrorçularının iddia etdiyi kimi azadlıq mücadiləsi deyə, bir dəyər də ola bilməz. Olsa-olsa, bu, özündə çoxlu mesajlar daşıyan bir siyasi sifarişli terrordur. Bəs İstanbul və Mardində ard-arda törədilən terrorda Türkiyəyə hansı mesajlar və kimlər tərəfindən verildi? İlk olaraq Mardində törədilən terrorun arxasından çıxan PKK-ya baxaq. PKK terrorçuları Türkiyədə qəhrəman mehmetciklərin sayəsində bitirilmə nöqtəsinə gəlib. Bu terroru törətməklə PKK bir daha topluma, hökümətə mesaj verdi ki, hələ də bitməmişik, ayaqdayıq. Bunun ikinci tərəfi isə əsasən xalq üçün hesablanıb. İctimai rəydə "hökümət terrorla bacara bilmir və terror bitməyəcək" kimi gələcəyə yönəlik ümidsizlik yaratmaqla xalqı dövlətə qarşı qaldırmaq istəyirlər. PKK-nın tükənmə nöqtəsinə gəldiyini Türkiyənin baş naziri Binalı Yıldırım da təsdiq edib. O, PKK rəhbərliyinin hökümətə müxtəlif mənbələrdən danışıqlar təklifi göndərdiklərini bildirib. Baş nazir çıxışında terror təşkilatından "görüşə bilərik, silahları buraxmaq olar, danışaq" kimi xəbərlərin gəldiyini deyib. Yıldırımın terrorçulara cavabı isə sərt olub: "Danışacaq heç bir şey yoxdur. Danışacaq tək şey bayrağımızdır. O bayrağın rəngi şəhidlərimizin qanı, hilalı müstəqilliyimizin simvolu, ulduzu şəhidlərimizin göy üzündə parlayan ulduzudur". Binali Yıldırım PKK terror təşkilatına daxildə və xaricdə dəstək verən güclərin olduğunu, günü gəlincə türk millətinin həmin güclərdən hesab soracağını da söyləyib. Bu terrora verilən ən doğru cavabdır. Həm də AKP hakimiyyətinin PKK ilə bundan əvvəlki "çözüm prosesi" danışıqlarının nə qədər yanlış olmasının etirafıdır. Çünki terrorun istədiyini onlara verməklə terror müvəqqəti səngiyə bilər, amma bunun bədəlini Türkiyə ödəyə bilməz". Bəs terror nə istəyir Türkiyədən? Politoloq bildirib ki, terror və arxasındakı güclər Türkiyədən "muxtar bölgə" adıyla

gələcəkdə Türkiyə ərazisində Kürdüstan dövlətini yaratmaqla bu dövləti parçalamaq istəyir: "Suriya və İraq da daxil Türkiyə sərhədlərində kiçik dövlətciklər yaratmağa çalışılır, yeni xəritələr cızılır, Türk cumhuriyyəti düşmənlərlə əhatə olunur. Bununla da Türkiyə problemlərilə öz içinə qapadılır, bütün enerjisi yalnız daxildə xərclənir, geosiyasi aktiv müdaxilələrdən təcrid olunur. Türkiyə Suriya və İraqda gedən proseslərdən uzaq qalır, Suriyanın şimalından dənizə çıxış koridoru üçün PKK-ya icazə verir, Yaxın Şərq və Qafqazdakı enerji mənbələrindən vaz keçir, yenidən Qərbin əlavəsinə çevrilir, onların buyruq qulu və Qərbin bufer zonası olmağa razılıq verir. Nə Türkiyə dövləti, nə də toplumu bu alçaqlıq kompleksini qəbul etməz və sonunadək terroru əsdirənlərin qarşısında dik duruş nümayiş etdirəcəyi baş nazir Yıldırımın ifadələrində də sezilir. Türkiyə bütün müsəlman dünyasının ümid yerinə çevrildikcə, terrorun, siyasi basqıların davam edəcəyi qaçılmazdır. Bu da təbiidir. Çünki bar gətirən ağaca daş atanların sayı çox olar. Eynən xristian Avropasında olduğu kimi". Natiq Miri onu da qeyd edib ki, bu gün Avropada qondarma "erməni soyqırımı"nı tanımaq üçün sanki yarışa giriblər: "Yüz iilərdir Türkiyəyə müttəfiq olan Almaniya özünün də bilavasitə iştirak və təşviq etdiyi prosesləri bu gün soyqırım kimi dəyərləndirir və bunu Türkiyənin ünvanına bağlayır. Halbuki 1-ci Dünya müharibəsində Almaniyanın hərbi müttəfiqi olan Türkiyə ordusunun baş qərargah rəisi və 2 korpusunun komandanı almanlar idi. Məhz onların məsləhət və təklifləri ilə Türkiyəyə qarşı üsyan qaldıran ermənilərin köçürülməsi prosesinə rəvac verilib. İndi almanlar bunların yaddan çıxdığını və yağmurun bütün çatlaqları örtdüyünümü düşünürlər? Bu azmış kimi, bir də İstanbul və Mardində ard-arda terroru təşviq etməklə diqqətləri soyqırım qətnaməsindən yayındırmaq və bunu da anlamadığımızımı hesab edirlər? Digər tərəfdən, ABŞ Türkiyənin Suriya ilə sərhəd şəhəri olan Münbicdə PKK terrorçularının uzantısı olan PYD ilə hərbi əməliyyatlar keçirir, gələcək "Kürdüstan" üçün dənizə çıxış koridoru hazırlayır, buna əngəl olmamaq və diqqətlərin bu ərazidən yayınması üçün isə Türkiyədə terror törədilir və bunu görmədiyimizimi zənn edirlər? Bundan başqa, Türkiyədə terrora dəstək verən PKK-nın siyasi qolu HDP deputatlarının məsuliyyətə cəlb olunmasının yolunu açmaq üçün toxunulmazlıq kimi imtiyazları ləğv edilib və bu qərara MHP kimi millətçi partiya da dəstək verib. Ancaq bu, PKK-nı yemləyən və onu qoruyanların xoşuna gəlməyib. Xüsusilə də dövlət başçısı Ərdoğan toxunulmazlıqların ləğvi qərarını təsdiq edəndən sonra Avropadan çatlaq səslər gəlməyə başlayıb. Belə ki, Ərdoğanın qərarı təsdiq etməsinə etirazını bildirən Avropa Parlamenti (AP) Türkiyənin demokratiyadan uzaqlaşdığını iddia edib. Terror təşkilatı PKK-ya açıq dəstək verən deputatların mühakimə olunmasının önünü açan toxunulmazlıqların qaldırılmasını demokratiya ilə uzlaşmadığını bəyan edən AP üzvləri, Türkiyə və prezident Ərdoğanın ünvanına sərt ifadələr

işlətməkdən də çəkinməyiblər. Bununla da PKK terrorunun sahibsiz olmadığını nümayiş etdiriblər. İndi sual olunur, necə olur ki, Bundestaqda qondarma "erməni soyqırımı" qətnaməsinin lehinə bir nəfər istisna olmaqla, bütün deputatlar səs verərndə bu, demokratiya adladırılır, Türikiyə Böyük Millət Məclisində toxunulmazlıq qərarına yüzdən çox əleyhinə səs verənlər olmasına rəğmən bu qərar diktaturanın simvolu olur? AP-nin ən böyük qrupu olan Xristian Demokratların (EPP) Türkiyə üzrə məruzəçisi, alman deputat Renate Sommer prezident Ərdoğanın bütün Avropa dəyərlərini pozduğunu və Türkiyədə hakimiyyətin diktaturaya sürüşdüyünü bəyan edib. Sommer bir az da irəli gedərək, Türkiyənin etibarlı ölkə olmaqdan çıxdığını və bu səbəbdən Avropa Birliyinə üzvlük danışıqlarının dayandırılmasını təklif edib. Hələ bu da son deyil. Daha bir PKK dəstəkçisi AKP hakimiyyətini günahlandırıb. Özü də Türkiyənin yetişdirdiyi və İslam imamı adına iddia edən biri. Ədalətdən qaçıb ABŞ-a sığınan "Nurçu"ların lideri Fetullah Gülən dünən təşkilat tərəfindən maliyyələşən qəzetlərdə son günlərdə baş verən terror aktlarını pisləmək üçün baş sağlığı dərc etdirib. Ancaq maraqlıdır ki, baş sağlığı elanında terroru törədən PKK haqda bir kəlmə belə söz və ittihamdan söz açılmır, yalnız dövlət və hökumət rəsmiləri günahlandırılır, Türkiyə Yaxın Şərqə bənzədilir və xalqın təhlükəsizlik orqanlarına güvənini sarsıtmağa cəhd edilir. Göründüyü kimi, harada və kimliyindən asılı olmayaraq dəst xətt eynidir və ümumi məqsədə xidmət edir. Və bir şey aydındır ki, Türkiyə bölgəsindəki tarazlıqları müəyyənləşdirməyə, qlobal ədalətsizlikləri mühakimə etməyə, güclənməyə, aktiv geosiyasi oyunçu olmağa və müstəqil siyasət yürütməyə davam etdikcə ona qarşı olan açıq və örtülü mübarizənin hesabını da ödəmək məcburiyyətində qalacaqdır. Ancaq bu, Türkiyəni doğru yolundan sapdırmamalıdır. Çünki Türkiyə öncə bütün müsəlmanların, sonra isə dünyanın pənah gətirə biləcəyi bəlkə də tək qapıdır".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00