Türkiyəyə qarşı sistemli iş aparılır
Başlıca hədəf Türk dünyasının inkişafına əngəl olmaqdır
9 İyun 2016 12:51 DünyaTürkiyə yenə sınaq qarşısındadır. Bir tərəfdən bəzi Avropa dövlətlərinin qondarma erməni "soyqırımı" kartından istifadə edərək Ankaraya qarşı yeni təzyiqlərə başlaması, digər tərəfdən PKK terror təşkilatının həyata keçirdiyi silsilə terraktlar qardaş ölkəni çətin duruma salıb. Xüsusilə, cərəyan edən proseslər fonunda ən ciddi təəssüf doğuran və düşündürücü məqam Almaniyanın qondarma soyqırımı tanımasıdır. Ən azı ona görə ki, bu gün Almaniyada 3,5 milyon türk yaşayır və ən azı onların səsi alman parlamentarilərini bu yalnış qərara imza atmaqdan geri çəkə bilərdi. Eyni zamanda Almaniya parlamentində təmsil olunan türkəsilli deputatlar da lobbi fəaliyyəti ilə həmkarlarını inadlarından döndərə bilərdilər. Ancaq təəssüf ki, bunların heç biri baş vermədi. Bəs görəsən almanlarda ortaya çıxan türk nifrəti nə ilə əlaqədardır?
Hüquqşünas, müstəqil tədqiqatçı İlqar Altay da hesab edir ki, məlum qətnamənin qəbuluna Almaniya Bundestaqındakı türk əsilli 7 deputatın hamısının səs verməsi təəccüblü və düşündürücüdür: "Belə çıxmırmı ki, bu deputatlar onlara dəstək verib parlamentə göndərən Almaniya türklərinin bu barədəki fikirlərini ifadə edir? Yəni, Almaniyadakı böyük türk toplumu bu "soyqırım"ın tanınmasına qarşı birmənalı qətiyyət göstərsəydi, o milli toplumun içindən seçilən həmin deputat nümayəndələr bu qətnaməyə dəstək və üstəlik təşəbbüs göstərərdimi? İkincisi, Almaniya Bundesdaqının türkəsilli deputatlardan da istifadə edib çıxardığı gözlənilməz qərarın arxasında, bütün dövlət sisteminin xüsusi hazırlıq təşkili görünür. Sanki, bu bir mühüm ümumilli məsələ imiş. Hiss olunur ki, bu plan əvvəldən, bütün detallarına qədər hərtərəfli və sistemli işlənib hazırlanıb. Elə hazırlanıb ki, həyata keçirildikdə Türkiyə tərəfinin etiraz arqumentləri üçün boşluq, tutqac yeri qalmasın". İlqar Altay qətnamənin indi qəbul edilməsinin də müəyyən səbəblərinin olduğunu söyləyib. Onun sözlərinə görə, bunun bir səbəbini də Türkiyə siyasətində axtarmamaq yanlışlıq olar: "Ankaranın ümumiyyətlə, son illər öz anlaşılmaz, dəyişkən, sıçrayışlı xarici siyasətindəki bəzi qüsurları arayıb, ortaya çıxarıb yoluna qoymaması dərin yanlışlıq olar. Məsələn, nədən Almaniyadakı türksöylu deputatlarla əlaqələr kifayət qədər olmayıb? Nədən, orada yaşayan çox böyük türk icması ilə lazımi işlər aparılmayıb? Almaniyadakı minlərlə türk məscidlərinə rəhbərlik edən, Türkiyədən maaş verilib göndərilmiş imamlar nə işlə məşğul olublar və onlarla Ankaradan koordinasiya nə səviyyədə olub? Almaniya kimi ehtiyatlı qeosiyasi gedişlər edən dövlətlə münasibətdə son dövrlər hansı problemlər olub ki, onlar da bu qəflət gedişi ediblər? Bir günün işi olmayan "tanıma" hazırlığı prosesi barədə Türkiyə hakimiyyəti, onun xariclə əlaqəli orqanları nədən öncədən tədbirlər görməyib? Nəhayət, Suriya problemində Rusiyaya qarşı Qərbin marağını təmin edən fədakar qarşıdurma mövqeyi seçmiş Türkiyə dəstək əvəzində bu araqarışıq dövründə niyə Qərb tərəfdən zərbə alsın? Avropa ilə Türkiyə arasında qaçqınlar məsələsində yüksək səviyyəli anlaşma-razılaşmadan dərhal sonra nədən belə bir təəccüblü əks addım atılsın?". İlqar Altay hesab edir ki, bu sualların cavabı qaranlıq olduğu üçün türk xalqı, Türkiyə təəssübkeşli bütün dünya sıravi toplumu da bu qərarı gözlənilməz hərəkət kimi xüsusi təlatüm və narahatçılıqla qarşıladı: " Amma yüksək dairələrdə bu sualların cavabı yəqin var və hətta, bəziləri üçün bu bəlkə də gözlənilən idi. Türkiyə dövlət rəhbərliy də bu gedişatdan təbii ki, xəbərsiz olmamalıydı və olubsa, ona da, təəssüf edirəm. İstənilən halda Almaniya tərəfindən atılan bu addım zamansız, yersiz və səhvdir. Almaniya 2-ci Dünya savaşından sonrakı uzaqgörən, sabit qeyri-impulsiv, siyasətinə uygun gəlməyən addım atdı. Bununla, nəinki Türkiyə və Almaniyada yaşayan türk toplumunu həm də dünya türk birliyini incitmiş oldu. Bu məsələ 25 ildir, ermənilərlə müharibə şəraiti yaşayan Azərbaycan üçün də ağrısız keçmədi və öz mənfi qiymətini aldı. Zaman da bu addımın səbəblərini və həm də səhv olduğunu göstərəcək. Ancaq, fikrimcə bu məsələnin üzərində həyati və həlledici kimi dayanaraq, xüsusi pessimizmə qapılmağa da dəyməz. Çünki, Türkiyə kimi qüdrətli bir dövləti, kiminsə ona qarşı hansısa soyqırımı tanıması, qəti sarsıda bilməz. Almaniyadan da böyük Rusiya bu "erməni soyqırımı" quramasını tanıyıb nə olub? İkincisi, dünyada hər şeyin bir eniş, bir də ki yüksəliş dövrü var. Və talenin yüksəliş yolunun qarşısını heç bir qüvvə ya hadisə ala bilməz. Çünki bu dünya gedişatının bir qanunauygunluğudur. Türkiyə, dünya türk toplumu bu gün həyatın yüksəıliş axınındadır. Vaxtilə bütün dünya Almaniyaya qarşı durub yəhudi soyqırımını tanıdı. Almaniya hətta özü, bu soyqırımı qəbul etdi. Üzr də istədilər, xeyli kompensasiya da verdilər, nə oldu? Almaniya bütün dünya dövlətlərindən daha sürətli inkişaf etdi. İkiyə bölüb, söküb aparıb, səsini aldıqları Almaniya və Yaponiyaya bu gün qalib kimi salam verib yer göstərirlər. Niyə? Çünki, ilahidən inkişaf payı onların idi". Müstəqil tədqiqatçı deyir ki, dünyada gedən qlobal proseslərin analiz edəndə indi Türkiyənin, dünya türkünün dövrü olduğunu görərik: "Türkiyənin güclənməsi, dünya türklərinin oyanışı dövrüdür. Bu, heç kimdən asılı olmayan, dünyanın bir qarşısıalınmaz axınıdır. Bu axının da qabağında çox belə erməni hürüşü, "soyqırım" tanışlığı və sair olacaq. Amma türk yolu aydındır, türk karvanı böyükdür və bu karvanı yolundan heç bir maneə, "hürüş" döndərə bilməz".
Füzuli