Terrorçular açıq savaşdan qorxaraq "vur və qaç" taktikasına keçiblər
Türkiyə ordusu və polisi şərq bölgəsinin müxtəlif qəsəbələrində PKK-ya ağır zərbələr endirdikcə, terrorçular açıq savaşdan qorxaraq "vur və qaç" taktikasına keçiblər.
8 İyun 2016 16:11 DünyaTürkiyə ordusu və polisi şərq bölgəsinin müxtəlif qəsəbələrində PKK-ya ağır zərbələr endirdikcə, terrorçular açıq savaşdan qorxaraq "vur və qaç" taktikasına keçiblər.
Milli.Az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzi adından onun rəhbəri, siyasi ekspert Elxan Şahinoğlu PKK-nın Türkiyə ərazisində dünən və bu gün ardıcıl terror aktı törətməsinə münasibətində bildirib.

Onun sözlərinə görə, İstanbuldan sonra PKK-nın bu gün də Mardində partlayış törətməsi göstərir ki, terrorçular aqoniya içindədirlər: "Əvvəl hərbçiləri və polisləri qətlə yetirirdilər, indi mülki vətəndaşları - yaşlıları, qadınları və uşaqları hədəf alıblar. Hələ bir yekə-yekə "kürdlərin azadlığı uğrunda" savaşdıqlarını deyirlər. PKK onlarla razılaşmayan kürdləri də öldürür, gecə ikən evlərindən oğurlayır".

Ekspert qeyd edib ki, qətliamlar həyata keçirən PKK Avropa ölkələrində, o cümlədən Almaniyada dərin kök salıb: "Əlbəttə, Avropa ölkələri PKK-ya birbaşa silah və sursat vermirlər. Ancaq elə PKK-nın Almaniyada topladığı xərac həmin silahların alınmasına və həmin silahlar vasitəsilə mülki insanların qətliamına yönəlib".