Anspress bildirir ki, bu barədə açıqlamanı Dağlıq Qarabağın "baş naziri"nin mətbuat katibi Artak Beqlaryan verib.
O deyib ki, "hökumət" könüllülərə gündə 5000 dram (10.4 dollar) ödəyəcək. Könüllü əsgərlər ödənişlərdən bu gündən yararlana biləcəklər.

Bu pulu, ilk növbədə, işləməyənlərə, əvvəl dövlət idarələrində işləyib az əmək haqqı alanlara verəcəklər. Ödənişlər barədə qərar mayın 31-də könüllülərin iclasında qəbul edilib.
Həmçinin Ermənistanın Müdafiə Nazirliyi aprelin əvvəlində könüllülərə avans olaraq müəyyən miqdarda pul verib.

Aprelin əvvəlində cəbhə xəttində baş verən gərginliklər zamanı Ermənistan ordusundə əsgər çatışmazlığı yaranmışdı. Bu səbəbdən onlar yaşları 60-65 arası qoca kişiləri orduya cəlb edirdilər. Azərbaycanın cavab tədbirləri zamanı Ermənistan ordusunun beş könüllüsü öldürülmüşdü.
Həmçinin Ermənistan hökumətinin həbsxanada olan 8 məhkumu əfv edəcəyi və onların Dağlıq Qarabağa göndəriləcəyi barədə məlumatlar yayılmışdı.
Mayın 15-də İrəvanın "Vardaşen" həbsxanasının bir qrup məhkumu əfv olunmaq üçün prezident Serj Sarkisyana müraciət edib. Onların müraciətləri qəbul edilib və həmin şəxslər artıq cəzadan azad ediliblər. Lakin onlar bunun qarşılığı olaraq qondarma Dağlıq Qarabağ Respublikasında xidmət etməlidirlər.
""Vardaşen" həbsxanasının bir qrup məhkumu cəzadan azad ediləcəkləri təqdirdə işğal altındakı rejimə gedəcəklərini bildiriblər. Lakin əfv üçün müraciət edənlərdən yalnız gənclər cəzadan azad ediliblər. Onlar Qarabağa getməyə razıdırlar", - deyə mənbə bildirib.