Erməni general Ermənistanı ələ salır: savadsızlıq və dəlik "çətir"

Dağlıq Qarabağdakı erməni separatçılarının hərbi birləşmələrinə 1999-cu ilədək rəhbərlik etmiş Samvel Babayan yenidən hakimiyyətə dönmək niyyətindədir.

Dağlıq Qarabağdakı erməni separatçılarının hərbi birləşmələrinə 1999-cu ilədək rəhbərlik etmiş Samvel Babayan yenidən hakimiyyətə dönmək niyyətindədir.
Daha doğrusu, "general", "İjo" ləqəbi ilə tanınan S.Babayan yenidən qarabağlı ermənilərin silahlı dəstələrinə komandan olmaq istəyindədir.
Xankəndinə yollanan S.Babayan son həftələrdəki açıqlamalarını və ultimatumlarını artıq real işə çevirməyə başlayb. Dağlıq Qarabağa gedən Babayanı 1000-dən artıq tərəfdarı qarşılayıb.

Onlar Dağlıq Qarabağdakı separatçı rejimin rəhbəri Bako Saakayanın iqamətgahının qarşısına yığışaraq S.Babayanın "komandan" təyin olunmasını tələb ediblər.
Aksiyanın təşkilatçısı Ermənistanda müxalifətdə olan Milli İntibah Partiyasıdır. Partiya sədri Hayk Xanumyanın dediyinə görə, Dağlıq Qarabağ ermənilərinin təhlükəsizliyini hazırda təmin edə biləcək yeganə şəxs S.Babayandır.
Bu, siyasi prozaika, hadisələrin görünən və ya, daha doğrusu, bilərəkdən göstərilən tərəfidir.

Yaşananların mahiyyəti isə budur ki, Samvel Babayan "Dağlıq Qarabağ ermənilərinin təhlükəsizliyinin təminatı" adı ilə yeni siyasi oyunun fəal iştirakçısına çevrilib.
Oyunun rəhbəri və ssenari müəllifi isə Ermənistanın sabiq prezidenti Robert Köçəryandır. Böyük siyasətə qayıdışını elan edən və Ermənistanın indiki dövlət başçısı Serj Sarkisyanın hakimiyyət səlahiyyətlərinin yeni prezident seçkilərindən sonra da davam etdirilməsini istəməyən R.Köçəryan ölkənin idarəetmə mexanizmlərini əlinə keçirməkdə israrlıdır.

Ermənistanda yaratdığı və pərdəarxası rəhbərlik etdiyi "Çiçəklənən Ermənistan" Partiyasına ağır zərbələr vurulmasından, bu partiyanın sədri, oliqarx Qagik Sarukyanın siyasəti tərk etməklə bağlı bəyanata vadar edilməsindən sonra mövqelərinin zəiflədiyini anlayan Robert Köçəryan taktikasını dəyişmək, S.Sarkisyanın Dağlıq Qarabağdakı marionetkası Bako Saakyanı zərərsizləşdirmək, bu da olmasa onun siyasi aktivliyini minimum səviyyəyə endirməklə ilk effektiv addımını atmaq fikrindədir.
Samvel Babayanın indi "qarabağlı ermənilərin təhlükəsizliyinin təminatı"ndan dolayı narahat olması barədə dedikləri sırf siyasi məqsədlərə hesablanmış açıqlamalardır. Çünki aprel ayının əvvəllərində Dağlıq Qarabağda və işğal olunmuş digər ərazilərdə Ermənistan ordusu Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə hücuma keçəndə S.Babayan Dağlıq Qarabağda deyildi.

Aprelin 1-də başlayaraq aprelin 5-də başa çatan "dördgünlük müharibə" Ermənistan üçün çox acı nəticələrlə sonuclananda da Babayan gözə dəymədi.
Amma indi R.Köçəryandan göstəriş alan "İjo" Moskvadan İrəvana qayıdır, sonra da Xankəndinə yollanır. 
Onun Ermənistanda müsahibələrinin dərc olunduğu kütləvi informasiya vasitələrinə fikir versək, həmin media strukturlarının istisnasız olaraq hamısı ya Robert Köçəryanın nəzarətindəki strukturlar tərəfindən maliyyələşdirilir, ya da Ermənistanın ikinci prezidentinə xüsusi rəğbəti ilə fərqlənmir. Üstəlik, "general" Babayanın açıqlamaları onun hərbi taktika və strategiya baxımından tam bisavad olduğunu aşkar göstərir.

Məsələn, İrəvandakı "Civil.net"ə verdiyi müsahibəsində S.Babayan deyib: "Əslində, "dördgünlük müharibə" deyilən hadisə müharibə yox, Azərbaycanın başladığı və uğurla başa vurduğu diversiya idi". 
Halbuki, reallıq odur ki, Azərbaycan hücum edən yox, müdafiə olunan tərəfdi və əks-hücumu uğurla başa vuran hərbçilərimiz erməniləri xüsusi strateji əhəmiyyət daşıyan mövqelərdən vurub çıxardılar.
Ermənistan Müdafiə Nazirliyi, erməni hərbi ekspertlər, habelə Ermənistan prezidenti və nazirlər də baş verənləri "qısamüddətli müharibə" kimi dəyərləndirirlər.
S.Babayan "Dağlıq Qarabağ qoşunlarının komandanı" olacağı təqdirdə bizə "layiqli cavab" verəcəyini deyir.
Amma bu bisavad avantüristin cavabını elə ermənilər veriblər.

İrəvandakı "Aravot" qəzeti yazır: "Samvel Babayanın belə sərsəm bəyanatlarınını reallıq kimi qəbul edənlər ya çox sadəlövh insanlardır, ya da gerçəkləri görmürlər. Azərbaycan illərdir ki, ordusunu gücləndirir, artilleriya, raket və reaktiv sistemlər alır. Reallıq budur ki, Ermənistan nə maliyyə, nə insan resursları baxımından Azərbaycanla rəqabət aparmaq gücündə deyil. Samvel Babayan Azərbaycana meydan oxuyur. Amma unutmayaq ki, Naxçıvandakı raket sistemlərinin hədəf vurma məsafəsi 150 kilometrə qədərdir. Naxçıvandan Ermənistanın paytaxtına olan məsafə isə vur-tut 42 kilometrdir. Azərbaycanın bu silahından müdafiə olunmaq, şəhər və kəndlərimizi qorumaq gücümüz varmı? Axı Samvel Babayan "Bakıda çay içə bilərik" deyəndə, bu sözlərinin nə qədər düşünülməmiş, eyni zamanda gülünc səsləndiyinin fərqindədirmi?! General olduğunu deməklə iş bitmir. Əsas məsələ hərb sənəti və taktika ilə bağlı kolxoz sədri səviyyəsində bəyanatlar verməkdən utanmaqdır. Bu hiss də ki Samvel Babayanda yoxdur".

"General" Samvel Babayan Xankəndidə olarkən maraqlı açıqlama ilə çıxış edib: "Dağlıq  Qarabağ ermənilərinin təhlükəsizliyini təmin etməyin çox asan, effektiv yolu var. İlk əvvəl səmamızı tam mühafizə etməliyik, çünki bütün zərbələr - mərmilər, pilotsuz uçan təyyarələrin raketləri, raketlər səma ilə gəlir. Məsələn, yağış olanda çətir açırsan ki, islanmayasan. Biz məhz belə çətir yaratmalıyıq".
Əcəba, S.Babayan belə "çətir"i necə, hansı vasitələrlə yaratmaq fikrindədir?

Ermənistanın yeganə çıxış yolu Rusiyadan ən müasir hava hücumundan müdafiə sistemlərini satın almaqdır. Fəqət, Rusiya ermənilərə bu silahları satmır və İrəvanı sakitləşdirmək üçün Gümrüdəki 102-ci bazaya belə sistemləri yerləşdirir.
102-ci bazadakı silahlar isə, təbii, Ermənistan ordusunun texnikası deyil və İrəvan bu silahlarla sistemləri Gümrüdən Dağlıq Qarabağa yollamaq imkanlarına malik deyil.

Ermənistan qarabağlı erməni terrorçularının hava hücumundan müdafiə sistemini yaratmaq üçün xarici ölkələrdən silah və müvafiq texnika ala bilərdi. Fəqət, bu, sadəcə, mümkün deyil: Qərb ölkələrindən heç biri MDB dövlətlərinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü, Rusiyadan tam asılı və Moskvanın "strateji müttəfiqi" olan Ermənistana belə silahlar satmayıb, bundan sonra da satan deyil.

Çin, ərəb ölkələri də istisnadır: heç bir ölkə Azərbaycanın işğal altında olan ərazilərindəki separatçı rejimə aşkar şəkildə silah satmaq niyyətində deyil.
Və ən nəhayət: "general" Samvel Babayan təki gerizəkalılar hələ də anlamırlar ki, Ermənistan sadalanana maneələri aşsa belə, silah və hərbi texnikanı alsa belə, Azərbaycan eyni addımları ata bilməyəcək?

Səfil, işsizliyin maksimum həddə çatdığı, büdcəsi aşsüzənə çevrilən, xarici borcların astronomik həddə çatdığı Ermənistan S.Babayanın vəd etdiyi "çətir"i yaratmaq üçün milyardlarla dolları haradan tapacaq?
Son sual: dünyada bütün növ raketlərdən, mərmilərdən, uçan pilotsuz aparatlardan tam mühafizəyə nail olmağa imkan verən sistem yoxdur, ola da bilməz.

Amma Ermənistanda Robert Köçəryanla Serj Sarkisyan arasındakı mübarizədə belə sistemlər artıq xəyallarda olsa da, "yaradılıb".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00