Hərbi münasibətlər pozula bilər - Almaniyanın İncirlik bazası təlaşı

Almaniya parlamenti erməni "soyqırımı" qəbul etməsindən sonra alman dövləti Türkiyə ilə hərbi əməkdaşlığının pozulması ehtimalından narahat olmağa başlayıb. Avropa.info bildirir ki, "Spiegel Online"nın Almaniya Müdafiə Nazirliyinə istinadən yaydığı məlumata görə, hərbçilər qətnamənin qəbulundan narazıdırlar. Onlar, ilk növbədə, birgə hərbi layihələrin pozulmasından, xüsusilə İncirlik bazasındakı "Tornado" təyyarələri və Egey dənizində miqrantlara qarşı NATO-nun apardığı reydlərə maneçilik yaranmasından narahatdırlar.

"Spiegel Online" yazır ki, Almaniya müdafiə naziri Ursula von der Leye səsvermədən öncə alman hərbi rəhbərliyi ilə görüşərək, Türkiyənin gözlənilməz reaksiya verə biləcəyi barədə onları xəbərdar edib. Xüsusilə, Türkiyənin NATO üzvü olmasına baxmayaraq, Ərdoğanın necə davranacağı almanlar üçün naməlum olaraq qalır.

Alman "Tornado" kəşfiyyat təyyarələrinin İŞİD-ə qarşı beynəlxalq koalisiya qüvvələrinə dəstək verdiyi nəzərə alınarsa, Almaniya ordusunun İncirlik bazasındakı fəaliyyətində problemlər yarana bilər.

Digər problem isə Egey sahillərində miqrant qaçaqçılığına qarşı reydlər aparan NATO katerlərinin çətin vəziyyətə düşə biləcəyi ilə bağlıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00