“Apple” məhkəmədə Rusiya Gömrük Xidmətinə uduzdu
1 İyun 2016 18:50 DünyaMoskvanın Arbitraj Məhkəməsi ABŞ-ın "Apple" korporasiyasının Rusiya bölməsi "Eppl Rus" MMC-nin Rusiya Federal Gömrük Xidmətinin Mərkəzi Gömrük İdarəsinin 3 qərarının ləğv olunması barədə iddiasını rədd edib. "RİA Novosti"nin verdiyi məlumata görə, şirkət "Apple Watch" üçün kiçik kəmərlərin təsnifatının dəyişdirilməsini istəyib. Belə ki, Rusiya gömrük orqanları bu kəmərcikləri "ağıllı saat"ın bir hissəsi kimi yox, ayrıca məhsul kimi təsnif edərək bu təsnifata uyğun rüsum alırlar. Gömrük tərəfi məhkəmədə mövqeyini belə əsaslandırıb ki, kəmərciklər cihazın idarə olunması ilə bağlı hər hansı funksiya yerinə yetirmir, sadəcə, saatların qola bağlanması üçün nəzərdə tutulub və ayrıca qablaşdırılır. "Apple" nümayəndələri isə kəmərciklərin cihazın funksionallığını dəstəklədiyini və nəbzin ölçülməsində rol oynadığını, bu səbəblə saatın bir hissəsi sayılması lazım olduğunu bildiriblər. Məhkəmə dövlət orqanını haqlı sayıb. Yuxarı instansiyaya şikayət verilməyəcəyi təqdirdə, qərar bir ay sonra qüvvəyə minəcək.