Camala Ukraynada filmə çəkilibmiş -çempion haqqında maraqlı faktlar

"Eurovision- 2016" mahnı müsabiqəsinin üzərindən artıq həftələr keçməsinə baxmayaraq, müsabiqənin nəticəsi və qalib olan ukraynalı təmsilçisi Camala barəsində müzakirələr hələ də davam edir. Xüsusən də erməni və rus saytları onun barəsində müxtəlif qərəzli məlumatlar yaymaqdadırlar.

Bu dəfə isə rus mətbuatının hədəfində ukraynalı Camalanın baş rola çəkildiyi, 2014-cü ildə ekranlara çıxan "Поводырь" (Bələdçi" ) filmi olub. Qeyd edək ki, film 1930-cu illərdə SSRİ dövründə Ukraynada baş verən faciəli repressiyalar, ukraynalı ziyalıların məhv edilməsi, aclıqdan bəhs edir. Filmdə amerikalı oğlanla kor musiqiçinin Ukrayna boyu səfəri, Camalanın böyük məharətlə yaratdığı müğənni qız  Olqa Levitskanın amerikalı vətəndaşına olan sevgisi təsvir edilir. Filmin şüarı belədir: "Gözlərini yum və qəlbinlə bax". Film ekranlara çıxan andan böyük uğur qazanıb. Qeyd edək ki, filmin çəkilişləri üçün kifayət qədər böyük məbləğdə vəsait ayrılıb.

Rus saytları filmdəki hadisələri mifologiya adlandırır və olayların heç bir sənədlə təsdiqini tapmadığını bildirirək ciddi tənqid atəşinə tutublar. Belə ki, filmdə belə bir məqam var: Xarkovda ukraynalı müğənniləri Moskvada keçiriləcək xalq mahnıları konqresinə aparılması adı altında qatara doldurularaq yola salınır. Lakin yolda meşəyə düşürülən müğənnilər güllələnirlər.  Filmdə Amerika vətəndaşları ukraynalılara kömək edən, Ukrayna mədəniyyətinin məhv edilməsi ilə bağlı Moskvanın planının qarşısını alan şəxslər kimi təqdim olunub. Bu da aydındır ki, Rusiyanı həm narahat, həm də qıcıqlandıran bir məsələdir. Saytlar daha çox amerikalıların Ukraynanın dostu kimi təqdim edilməsi faktını qabardır, bu məqama eyhamla yanaşırlar. Bu məqamda bir məsələni də qeyd edək ki, Xarkovda filmdə bəhs edilən, güllələnən qurbanların xatirəsini əks etdirən abidə açılıb.

"Camalanın Moskvaya qarşı münasibəti əvvəllər başqa cür olub... "

Başqa bir rus saytı yazır: "Maraqlıdır, filmə çəkilməzdən əvvəl Camalanın Rusiya ilə əlaqələri tamam başqa cür idi. Bundan əvvəl o,  Moskvada keçirilən caz festivallarında, Moskva "Şəhər günü" tədbirində və Sovet İttifaqının Berlindəki hücumuna həsr olunan xatirəsinə mərasimində iştirak edib. Lakin sonra o, öz düşüncəsində dəyişiklik edir və tezliklə SSRİ-nin ötən əsrin 30-cu illərində törətdiyi repressiyalardan bəhs edən "Bələdçi" filminə çəkilir... ".

Başqa bir iddialara görə, dəyişən təkcə Camalanın düşüncələri deyil, həm də siyasi baxışları olub: "2009-cu ildə Viktor Yanukoviç prezidentliyə namizəd olduğu ərəfədə "True Romance Skrypnyk" televiziyasının müxbiri müğənniyə "Yanukoviç təşkil etdiyi mitinqdə mahnı oxyarsınız?" sualına Camala çox maraqlı, belə bir cavab verib: "prezidenti sevmək lazımdır. Bunu öz prezidentinə qarşı Amerika vətəndaşları edir". Lakin 2013-cü ildə Camala "Meydan" hadisələrində prezident Yanukoviçin vəzifəsindən getməsi üçün bütün addımları dəstəklədiyini açıqlamışdı".

Lakin rus saytları Camalanın çəkildiyi filmi tənqid etməklə həm də müğənninin digər yaradıcılıq fəaliyyətini üzə çıxartmış oldular. Filmdən də görünür ki, Camala həm müğənni, həm də aktrisa kimi geniş yaradıcılıq imkanlarına malikdir. O, həm krım-tatarlarının deportasiyasından bəhs edən "1944"mahnısı, həm də Rusiya mətbuatının tənqidləri ilə yenidən gündəmə gələn, 1930-cu illərdə repressiyaya tuş gələn ukraynalılardan bəhs edən "Поводырь" (Bələdçi" ) filmindəki obrazı ilə daha çox tamaşaçı kütləsi sevgisi, marağına səbəb olub.

Rusiya "Eurovision- 2017"-ni boykot etmək fikrindədir...

Rusiya mətbuatında yayılan digər məlumatlara görə, Rusiya Ukraynada keçiriləcək "Evrovision-2017" mahnı müsabiqəsindən imtina etmək fikrindədir. İctimaiyyət arasında keçirilən sorğular əsasında məlum olub ki, Rusiyanın yarıdan çoxu "Evrovision-2017"-ni boykot etmək təklifini irəli sürüb. Sorğu zamanı araşdırılıb ki, əhalinin 80 faizi səsvermənin ümumi yekunlarının ədalətsiz olduğunu, üçdə ikisi Camalanın istedadına görə deyil, siyasi baxışlar hesabına qalib gəldiyini, qələbəyə layiq olmadığını bildirirlər. 52 faiz sorğu iştirakçıları isə "Eurovision" təşkilatçılarının Moskva və Kiyev arasındakı münasibətlərin daha da gərginləşməsi üçün bu cür addım atdıldığını iddia edib.

Onu da qeyd edək ki, "Eurovision" yarışmasından sonra mətbuat konfransında Camalaya Rusiya vətəndaşlığı təklif olunsa da müğənni bu təklifə rədd cavabı verərək artıq başqa vətəndaşlığı olduğunu bildirmişdi:

"Yox, sağ olun. Mənim vətəndaşlığım var və başqası lazım deyil".

Musavat.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00