Rusiyalı məşhur tennisçi Mariya Şarapova populyar müğənni Kayli Minouqun eks-sevgilisi model Andres Velekoso ilə görüşür. Anspress bildirir ki, cütlük Parisdə əl-ələ tutaraq gəzən zamanı yaxalanıb. Onlar birlikdə çox xoşbəxt görünürdülər.
Şarapova və Velekoso münasibətlərini hələlik gizli saxlamaq istəyirlər. Onlar bu barədə heç bir rəsmi şərh verməyiblər. Tanınmış cütlük bir neçə dəfə festivallara da qatılıb, lakin sevgili olduqlarını büruzə verməyib. Gözəl tennisçinin hətta Andresin dostları ilə də bir yerdə vaxt keçirdiyi iddia olunub.

Əvvəl Mariya Şarapova bir neçə il həmkarı Qriqor Dimitrov ilə görüşüb. Onlar ötən ilin yayında ayrılıblar. Qriqor hazırda Nikol Şerzinqer ilə görüşür. Andres Velekosa əvvəl məşhur ifaçı Kayli Minouq ilə sevgili olub. 5 il birlikdə yaşayandan sonra cütlük 2013-cü ildə ayrılıb.

Bir müddət əvvəl Mariya Şarapovanın qanında dopinq tapılıb. Beynəlxalq Tennis Federasiyası (ITF) tennisçini bir müddət yarışlardan uzaqlaşdırıb. Bu qadağa onun işi haqqında yekun qərar verilənə kimi davam edəcək. Məlumatdan sonra idmançı ilə əməkdaşlıq edən bir sıra şirkətlər iş birliyini davam etdirməkdən imtina ediblər.