Suriya-Rusiyanın Yaxın Şərqdəki son qalası
1 Oktyabr 2015 18:40 DünyaBirləşmiş Ştatlar və Rusiya prezidentlərinin BMT-nin toplantısı zamanı bir araya gəlməsindən sonra mürəkkəb geosiyasi vəziyyətin bir qədər normallaşacağı, xüsusilə Suriya, İraq, ümumilikdə Yaxın Şərqdəki hərbi qarşıdurmaların nizama salınması istiqamətində müəyyən addımların atılacağı proqnozlaşdırısa da, gözlənilənlər heç də özünü doğrultmadı. Əksinə Putin-Obama görüşü Yaxın Şərqdəki vəziyyəti bir qədər də gərginləşdirmiş oldu. Hər halda Rusiyanın məhz Obama-Putin görüşündən sonra Suriyadakı aktiv hərbi əməliyyatlara qoşulması və İŞİD-ə qarşı mübarizə adı altında Əsədə yardım etməsi belə deməyə əsas verir. Mövcud situasiyada Rusiyanın Suriyadakı hərbi əməliyyatlara qoşulmasını ekspertlər bir sıra amillərlə əlaqələndirirlər.
"Oğuz" Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri Vüqar Zifəroğlu deyib ki, Rusiyanın Suriyadakı hərbi əməliyyatlarda iştirakının iki səbəbi var. Birincisi geosiyasi, ikincisi iqtisadi amildir: "Suriya probleminin ilk günündən başlayaraq İran və Rusiya Əsəd rejimini hər vasitə ilə müdafiə etməkdə, Ankara isə müxaliflərə simpatiya sərgiləməkdə idi. Yeri gəlmişkən, bu məqam təkcə Rusiya-Türkiyə deyil, Türkiyə-İran münasibətlərində də "qordi düyünü"nə çevrilmişdi. Hətta Qərb, İŞİD faktorunun ciddi şəkildə qabarmasından sonra Əsədə münasibətdə yumşalma sərgiləsə də, Türkiyə başlıca problem qaynağı olaraq rejimi görməkdə davam edirdi. "Rusların Suriya macəraları" isə ümumiyyətlə, maraqlı mənzərə ortaya qoymuş oldu. Suriya niyə ruslar üçün vacibdir? Birincisi, geosiyasi səbəb. Suriya - ərəb baharından sonra Rusiyanın Yaxın Şərqdə öz varlığını göstərə biləcək son qalasıdır. Sovet İmperiyasının varisi olaraq bu, Moskva üçün son dərəcə önəmlidir. Suriyanın Tarsus limanı Rusiya üçün prinsipialdır. Bu liman Aralıq dənizinə çıxış imkanı deməkdir. Qərbin Suriyanı nəzarətə götürməsi isə, rus əsgərinin Yaxın Şərqdə son qalası olan Tarsus limanından çıxarılması deməkdir ki, bu Moskvanın Yaxın Şərqdən tamamən sıxışdırılaraq çıxardılmasına bərabərdir. İkincisi isə iqtisadi səbəbdir. Yəni Suriya potensial qaz ixracatşısıdır və Qərbin orada mövqelərinin güclənməsi, İranın Vyana razılaşmasından sonra bazara girməsi ilə çətin olan vəziyyəti daha da mürəkkəbləşdirə bilər. Bu səbəblərdən, eləcə də Suriyanın geosiyasi mövqeyi bu Yaxın Şərq ölkəsini Rusiya üçün vazkeçilməz edir. Rusiyanın İslam "sevgisi"ndə daha bir önəmli faktor isə İrandır. Şimal ölkəsinin əhəmiyyətli müttəfiqinin mövqelərinin güclənməsi, Moskvanın da Yaxın Şərqdəki varlığını qarant altına almaqdadır. Ümumiyyətlə bu birlikdəlik bir sıra məqamlarla izah oluna bilər. Belə ki, ABŞ-ın Cənubi Qafqaz və Orta Asiyaya nüfuz etməyə çalışmasını hər iki ölkənin ortaq təhdid olaraq görmələri, NATO-nun Şərqə doğru genişlənməsi, Xəzər enerji qaynaqlarından Qərb şirkətlərinin istifadəsi və üçüncü dövlətlərin bölgədə olmasını bu iki ölkənin arzulamamaları, Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində hər iki ölkənin münasibətləri, Cənubi Qafqaz siyasətlərinində ortaq maraqlar, güclü Azərbaycan istəməmələri və Ermənistan faktorundan istifadə kimi ümumi maraqlıar da var. Hər iki ölkənin xarici siyasətində yanacaq ehtiyatlarından siyasi alət kimi istifadə etmələri və bunu müəyyən məqamlarda təzyiq alətlərinə çevirmələri, Fələstin, Suriya məsələsində vahid mövqelər də var.
Göründüyü kimi, Suriya və İran Rusiya üçün son dərəcə əhəmiyyətlidir.
S.İsmayılbəyli