Danimarka azərbaycanlıları

Bu ölkədə yaşayan soydaşlarımız ölkəmizin həqiqətlərini danimarkalılara çatdırmağa nail olublar

Bu gün Azərbaycan diasporunun aktiv şəkildə fəaliyyət göstərdiyi ölkələrdən biri də Danimarkadır. Hazırda bu ölkədə onlarla Azərbaycan cəmiyyət və birlikləri fəaliyyət göstərir. Bu sırada "Vətən" Cəmiyyəti, Danimarka-Azərbaycan Dostluq Cəmiyyəti, Danimarka-Azərbaycan Türk Qadınlar Birliyi, Danimarka Azərbaycan Mədəniyyət Mərkəzi və Danimarka-Azərbaycan Cəmiyyətinin adlarını xüsusi qeyd etmək yerinə düşər. Adlarını qeyd etdyimiz təşkilat və cəmiyyətlərin əsas fəaliyyət istiqamətləri Danimarkada Azərbaycanı layiqincə təmsil etmək, ölkəmizin üzləşdiyi problemlər, Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın təcavüzkar siyasəti, eləcə də zaman-zaman xalqımıza qarşı törədilən soyqırım siyasəti danimarkalılara çatdırmağa yönəlib. Paralel olaraq Azərbaycanın zəngin tarixi-mədəni irsi, mədəniyyətimiz də həmin taşkilat və birliklər tərəfindən Danimarka ictimaiyyətinə çatdırılır,

Danimarkada fəaliyyət göstərən diaspor təşkilatlarımızdan ən fəalı "Vətən" Cəmiyyəti hesab edilir.  Cəmiyyət 1986-cı ildə təsis edilsə də, lakin aktiv fəaliyyətə müstəqillik illərindən etibarən başlayıb. Hazırda "Vətən" Cəmiyyətinə Səfər Sadiqi rəhbərlik edir. "Vətən" Cəmiyyətinin əsas məqsədi xaricdə yaşayan azərbaycanlıların Vətənlə əlaqələrinin möhkəmləndirilməsi, dünya azərbaycanlıları arasinda birliyin və həmrəyliyin təmin olunmasi, cəmiyyət və  birliklerin fəaliyyətinin gücləndirilməsi, səfirliklərlə bir komanda kimi işləmək, bütün gücləri səfərbər edib bir istiqamətə yönəltməkdir. "Vətən" Cəmiyyətinin Danimarkada fəaliyyət göstərən Azəri Türk Qadınlar Birliyi", Isvecden "Xəzər" Cəmiyyəti, Küveytdən "Vətənsevər" Cəmiyyəti və bir cox başqa cəmiyyətlərlə sıx əlaqələri var. Əsas fəaliyyəti fəaliyyət göstərdiyi ölkədə Azərbaycanı layiqincə təmsil etmək, ölkəmizin tarixi, mədəniyyəti, adət-ənənələrini, ən əsası isə üzləşdiyimiz problemlər, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini, ermənilərin Azərbaycana qarşı həyata keçirdikləri deportasiya və soyqırım siyasətini Danimarka ictimaiyyətinə, beynəlxalq aləmə çatdırmaqdır. "Vətən" Cəmiyyəti Diasporla İş üzrə Dövlət Komitəsi və Böyük Britaniyada fəaliyyət göstərən Azərbaycan səfirliyi ilə birgə tədbirlər keçirir. Həmin tədbirlər zamanı iştirakçılara Azərbaycanın tarixi, mədəniyyəti, ərazisinin işğalı,  iqtisadiyyatının yüksəlişi haqqında kitablar, broşürlər, və sənədli filmlər təqdim olunur.
Danimarkada yaşayan azərbaycanlılar hər ilin mart ayında Herlev şəhərində Novruz bayramı münasibətilə tədbir keçirirlər ki, bu da yerli ictimaiyyət tərəfindən böyük maraqla qarşılanır. Danimarkanın yerli əhalisi ilə yanaşı türklər, ruslar, özbəklər, uyğurlar, latışlar, ukraynalılar, ləzgilər və başqa millətlərin nümayəndələrinin də iştirak etdiyi bayram şənliyi Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayır. Tədbir iştirakçılarına Azərbaycanla bağlı sənədli film nümayiş etdirilir. Azərbaycanın milli geyimləri, musiqi alətləri, milli musiqisi qonaqların böyük marağına səbəb olur. Həmçinin Azərbaycanın milli mətbəxi və Novruz şirniyyatları danimarkalıları valeh edir. Herlev şəhərində danimarkalılardan ibarət musiqi qrupunun ifa etdiyi Azərbaycan musiqisinin sədaları altında keçirilən Novruz şənliyinin bütün qonaqları unudulmaz bir gecə yaşayırlar.
28 may Respublika Günü də dünyanın hər bir ölkəsində olduğu Danimarkada geniş qeyd edilir. Hər il Danimarkada fəaliyyət göstərən "Vətən" Cəmiyyəti və Azəri Türk Qadınlar Birliyinin təşkilatçılığı ilə Hillerod şəhərinin mərkəzindəki "Torvet" meydanında Azərbaycanın milli bayramı - Respublika gününü qeyd edilir. Meydanda Azərbaycan bayraqları ilə yanaşı Danimarka, Türkiyə, Türkmənistan, uyğur və çeçen bayraqlarının dalğalanması bu xalqların nümayəndələrinin də Azərbaycanın sevincinə şərik çıxdığından xəbər verir. Tədbirdə qonaqlara Azərbaycana aid məlumat kitabları və broşürlər, Azərbaycanın tarixi və incəsənəti ilə bağlı kitablar təqdim olunur. Eyni zamanda Azərbaycan barədə məlumat vərəqələri  şəhər sakinləri və qonaqlara təqdim edilir. Türkiyədən gəlmiş qonaqların Azərbaycan mahnılarını məharətlə ifa etməsi hamının alqışına səbəb olub. Aşıq Abbas və Xaqani bəyin ifasında səslənən "Yallı" rəqsinin sədaları altında azərbaycanlılarla birlikdə danimarkalılar, türklər, türkmənlər, uyğurlar, çeçenlər və digər azsaylı xalqların nümayəndələri rəqs ediblər. Azərbaycan musiqisi və şirniyyatları ümumiyyətlə bütün qonaqları valeh etmişdir. "Eurovision 2011" mahnı müsabiqəsinin qalibləri Eldar və Nigarın ifasında səslənən "Running Scared" mahnısı Azərbaycan bu mötəbər yarışmada qalib gəlməsi sevincini bir daha bütün iştirakçılara  yaşatmışdır.

Danimarkada yaşayan soydaşlarımız bu ölkənin elmi və mədəni həyatında göstərdikləri xidmətə görə, zaman-zaman müvafiq qurumlar tərəfindən təltif edilib, mükafata layiq görülüblər. Danimarkanın Glostrub xəstəxanasının professoru və Kopenhagen Universitetinin baş elmi işçisi həmyerlimiz Məsud Aşina 2011-ci ilin "Nevrologiya" sahəsi üzrə "Mogens Fog" mükafatına layiq görülüb. Professor "Novo Nordisk" fondunun miqrenin öyrənilməsi məqsədi ilə elmi tədqiqatların davam etdirilməsi üçün 2,5 milyon qrant alıb. Qeyd edək ki, 1965-ci ildə Bakıda anadan olan Məsud Aşina Azərbaycan Tibb Universitetini bitirib, aspiranturada təhsil aldıqdan sonra Danimarkada doktorluq dissertasiyası müdafiə edib. O 150-dən artıq elmi məqalənin və 20-dən artıq  elmi kitabın müəllifidir. Həmyerlimiz Danimarkada uzun müddət apardığı tədqiqatlar nəticəsində miqrenin müalicəsi istiqamətində uğur əldə edib. Məsud Aşina məşhur "Annals of Neurolog" elmi jurnalına verdiyi müsahibədə bildirib ki, "artıq miqren xəstəliyinin müalicəsi üçün yeni dərmanlar kəşf edilib və bu yaxınlarda onların istehsalına başlanacaq".
Danimarka azərbaycanlıları, xüsusilə burada fəaliyyət göstərən diaspor təşkilatlarının rəhbərləri ölkənin ictimai-siyasi həyatında da aktiv rol oynayır, Danimarkanın qanunverici orqanı, həmçinin digər rəsmi qurumları ilə sıx əməkdaşlıq edirlər. Belə ki, Danimarkada fəaliyyət göstərən "Vətən" Cəmiyyəti ölkənin Hillerod şəhərində Frederiksberg Rodhusda "İnteqrasiya günü" adlı tədbirdə iştirak etmişdir. Bu tədbir Danimarkada fəaliyyət göstərən müxtəlif xalqların cəmiyyətlərinin öz dövlətlərinin tarixini, mədəniyyətini və incəsənətini təmsil və təqdim etmək məqsədi daşıyır.  Azərbaycan üçün ayrılmış hissədə ölkəmizi tarixinə, mədəniyyətinə, incəsənətinə, eləcə də Azərbaycan torpaqlarının erməni işğalına məruz qalması, Qarabağa dair kitab və broşürlər nümayiş etdirilmiş, tamaşaçı və qonaqlara milli kulinariyamıza aid şirniyyatlar təqdim olunmuşdur. Azərbaycanın milli geyimləri qonaqlarda xüsusi maraq doğurmuşdur. İştirakçılar Azərbaycanın qədim tarixə və zəngin mədəniyyət malik ölkə olaraq özləri üçün bir daha kəşf etdiklərini bildirmiş və onlarda ölkəmizə olan marağı daha da gücləndirmiş, bir çoxları Azərbaycan səfər etmək niyyətini açıqlamışlar. "İnteqrasiya günü"nün əsas təşkilatçısı Frederiksberg Komunun Viceborgmesgteri Margit Orsted və Vicekontorchef Annette Jensen tədbirdə fəal iştirak etdiklərinə görə "Vətən" Cəmiyyətinin sədri Səfər Sadiqiyə təşəkkür etmiş, xatirə şəkli çəkdirmişlər.
Danimarkada fəaliyyət göstərən "Vətən" Cəmiyyətinin üzvləri həmçinin  bu ölkənin parlamentinin türk əsilli deputatları Hüseyn Arac və Yıldız Akdoğanla görüşüblər. Görüşdə "Vətən" Cəmiyyətinin sədri Səfər Sadiqi Azərbaycan və türk icmalarının əlaqələri, Danimarkada fəaliyyət göstərən türkdilli xalqların icmalarının birliyinin yaradılmasına dair irəli sürdüyü təklifin mahiyyəti, rəhbəri olduğu qurumun qarşısında duran vəzifələr barədə məlumat verib.  "Vətən" Cəmiyyətinin üzvləri Zaur Qubatov və Mehriban Əliyeva Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı, Azərbaycanın iqtisadi inkişafı və apardığı sülhməramlı siyasəti barədə məlumat veriblər. Daha sonra görüşdə Azərbaycan torpaqlarının işğalı, BMT-nin bu işğalın dayandırılmasına dair 4 qətnaməsinin əməl olunmadığı və 1 milyon azərbaycanlının qaçqın olmasının Danimarka parlamentində müzakirəyə çıxarılması yolları müzakirə edilib. Danimarka parlamentinin üzvü Hüseyn Arac bu təklifin həyata keçməsi üçün öz məsləhətlərini, gələcəkdə birgə çalışacaqlarını və Azərbaycanla bağlı tədbirlərdə Yıldız Akdoğanla birgə iştirak edəcəklərini bildirdi.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31