10 minə Həcc ziyarəti - QMİ-nin qiymət artımının səbəbi

Azərbaycanda Həcc ziyarətinin qiyməti 6100 dollar, yəni təxminən 10 400 manata çatıb. Məsələn, 2018-ci ildə qiymət 4150 dollar, yəni 7055 manat olub. Deməli, ötən müddət ərzində qiymət 3400 manata yaxın - az qala 50 faiz artıb.

Qafqaz Müsəlmanları İdarəsinin builki bahalaşma ilə bağlı izahında deyilir: "Bütün ölkələrdə müşahidə edilən qiymət artımları, habelə, Səudiyyə Ərəbistanı Krallığının müvafiq qurumları tərəfindən yeni xidmətlərin təqdim edilməsi ilə əlaqədar olaraq QMİ 2026-cı il Həcc mövsümündə bir nəfər üçün ziyarət paketinin qiymətini 6 100 ABŞ dolları müəyyən edib".

Qiymət artımı və yekun məbləğ (6100 dollar) nə dərəcədə obyektiv və ədalətlidir?

Məlumat üçün bildirək ki, hazırda Həcc ziyarətinin qiyməti ölkədən-ölkəyə, seçilən xidmət səviyyəsinə, hotelin yerləşməsinə və uçuş məsrəflərinə görə dəyişir. Səudiyyə Ərəbistanında yerli sakinlər üçün təklif olunan paketlər 8-13 min Səudiyyə riyalı arasında dəyişir. Bu, təxminən 2-3,5 min ABŞ dollarına bərabərdir.

Pakistan kimi ölkələrdə isə qiymətlər daha yüksəkdir - dövlət proqramı üzrə 2025-ci ilin Həcc paketi 1 milyon 175 min Pakistan rupisi civarındadır. Bu da təxminən 3,800-4,100 ABŞ dolları deməkdir. Dünya miqyasında Həcc səfərinin iqtisadi səviyyəli paketləri əsasən 3-7 min dollar, orta səviyyəli paketlər 8-10 min dollar, yüksək və lüks xidmətlər isə 11 min dollardan yuxarı qiymətlərlə təklif olunur. Qiymətlərə hotel seçimi, nəqliyyat, qida, bələdçilik və digər xidmətlər daxildir. Haram məscidinə yaxın hotellərdə qalmaq və əlavə xidmətlərdən istifadə ümumi məbləği artırır.

Bəzi ölkələrdə dövlət subsidiyası və kvotalar hesabına qiymətlər nisbətən aşağı olur. Məsələn, müəyyən dövlətlərdə "iqtisadi", "orta" və "lüks" kimi fərqli kateqoriyalar tətbiq olunur ki, bu da zəvvarlara öz imkanlarına uyğun seçim etməyə şərait yaradır.

Ümumilikdə Həcc ziyarətinin qiyməti hazırda 3 min dollardan başlayaraq, xidmət səviyyəsinə görə 10-15 min dollara qədər yüksələ bilir. Azərbaycandan Həccə getmək istəyənlər üçün isə məbləğ əsasən seçilən xidmət səviyyəsi və yerləşmə yerindən asılı olaraq formalaşır. 

Həcc qiymətləri əsasən pandemiyadan sonra artmağa başladı. Qiymətlərlə bağlı ictimaiyyət arasında fikir isə birmənalı deyil. Bəziləri bu qiymətlərin çox yüksək olduğunu desə də, bəzi inanclılar bunun əleyhinə çıxış edir. Misal üçün, dini mövzular üzrə mütəxəssis, siyasi şərhçi Kənan Rövşənoğluya görə, zəvvarların pulunu hesablamaq doğru deyil: "Bəziləri başqasının pulunu hara xərclədiyini müzakirə etməyi özünə borc bilir. Uzun illərdir Həcc səfərinin baha qiymətindən yazan biri kimi bu gün də düşünürəm ki, qiymətlərin aşağı salınması həm mümkündür, həm də vacibdir. Amma bu, heç kəsə başqalarının şəxsi seçiminə və inancına qarışmaq haqqı vermir. Nə qədər pul xərcləmək hər bir insanın şəxsi qərarıdır. Axı bu, ticarət deyil - dini ziyarətdir, ibadətdir". 

K.Rövşənoğlu qeyd edir ki, insanların istirahətə və ya dini səfərə çıxması fərqli seçimlərdir və birini digərinə qarşı qoymaq doğru deyil: "Hər il on minlərlə azərbaycanlı Türkiyəyə, Misirə, İspaniyaya, Fransaya və digər ölkələrə istirahətə gedir. Həccə isə təxminən 1500 nəfər gedir. Təbii ki, insanlar xeyirxahlığı, yardımı dindardan gözləyirlər - bu, başadüşüləndir, çünki din bunu tələb edir. Amma bu o demək deyil ki, kiminsə inancına müdaxilə edib, onun necə yaşamasına və nəyə pul xərcləməsinə qarışasan. İnsanların seçiminə və inancına hörmət göstərmək sadəcə dini deyil, həm də insani borcdur".

Ceyhun Məmmədov: "Deputat üstün deyil, onlar da Qarabağa portalla  getməlidirlər" | Modern.az

Ceyhun Məmmədov 

Deputat, ilahiyyatçı Ceyhun Məmmədov "Yeni Müsavat"a bildirib ki, Həcc ziyarətinin qiymətləri Azərbaycanda həddən artıq yüksəkdir və bu, bir çox vətəndaşın səfər imkanlarını məhdudlaşdırır: "Biz dəfələrlə bu məsələni qaldırmışıq. Qiymətlər çox yüksək olduğu üçün maddi imkanı çatmayan insanlar alternativ yollar axtarırlar. Hesab edirəm ki, müxtəlif qiymət kateqoriyaları tətbiq olunmalıdır - yəni aşağı, orta və yüksək səviyyədə seçim imkanı verilməlidir". 

Deputatın sözlərinə görə, bir çox ölkələrdə qiymətlər hotel ulduzlarına görə müəyyən edilir və bu, daha ədalətli yanaşmadır: "Hamı üçün eyni - 10 min manatlıq qiymət qoymaq düzgün deyil. 3 ulduzlu hotellərdə daha münasib, 5 ulduzlularda isə daha yüksək qiymət olmalıdır. Əks halda insanlar alternativ variantlara üz tutmağa davam edəcəklər". 

Natiq Cəfərli - Vikipediya

Natiq Cəfərli

İqtisadçı Natiq Cəfərli mövzu ilə bağlı "Yeni Müsavat"a bunları deyib: "Burada obyektivlikdən və ya reallıqdan söhbət getmir. Məsələ ondadır ki, Həcc ziyarətini yalnız bir şirkət təşkil edir və bu şirkət Qafqaz Müsəlmanları İdarəsinə yaxın şirkətdir. Qiyməti də məhz onlar müəyyənləşdirirlər. Çünki hər bir ölkəyə Həcc ziyarəti üçün kvota verilir və həmin kvotaya da onlar sahibdirlər. Başqa hər hansı bir turizm şirkəti bu günlərdə kənardan zəvvar apara bilmir, çünki hər bir müsəlman ölkəsinin öz kvotası var və bu kvota Qafqaz Müsəlmanları İdarəsinə verildiyi üçün onlara yaxın olan şirkət həm qiyməti müəyyənləşdirir, həm də ziyarəti təşkil edir. Yəni burada nə obyektivlikdən, nə reallıqdan, nə də bazar iqtisadiyyatından söhbət gedir. Faktiki olaraq məsələ bir şirkətin qiymət diktəsidir". 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31