Azərbaycan diasporunun uğurlu 20 ili

"Azərbaycanda Diasporla İş üzrə Dövlət Komitəsinin yaranmasının 20 illik yubileyi qeyd olundu. Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycanda diaspora quruculuğunun banisi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır".
Bu sözləri Olaylar.az-a açıqlamasında politoloq İlyas Hüseynov deyib.
"Ulu öndərin təşəbbüsü ilə 2001-ci il noyabr ayının 9-10-da Bakıda keçirilən Dünya Azərbaycanlılarının I Qurultayında xarici dövlətlərdə yaşayan həmvətənlərimiz ilə sistemli iş aparılmasını təşkil etmək, soydaşlarımız arasında milli birliyin möhkəmləndirilməsini təmin etmək məqsədilə xüsusi dövlət qurumunun yaradılması ideyası irəli sürüldü. Eyni zamanda, 2002-ci ilin 5 iyul tarixində prezident Heydər Əliyevin fərmanı ilə Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradıldı.
Ötən dövr ərzində Diaspora Komitəsi mühüm işlər həyata keçirmişdir. Qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin 2018-ci ilin 5 iyul tarixində imzaladığı fərmanla Azərbaycan Diasporuna Dəstək Fondu yaradılmışdır və Azərbaycan Diasporuna Dəstək Fondu bu illər ərzində 200-ə yaxın diaspor təşkilatlarının sənədlərini həmin ölkələrin qanunvericiliyinə uyğun olaraq tərtib edilməsi və qeydiyyatdan keçməsinə dəstək göstərmişdir. Eləcə də, 100-dən çox layihəni maliyyələşdirmişdir.
Azərbaycan diasporunun birliyə nail olunması və sistemli işin təşkil edilməsi məqsədilə 2019-2023-cü illər üçün strateji yol xəritəsi hazırlanmışdır. Məhz vahid ideya və maraqlar uğrunda dövlət diaspora əməkdaşlığının inkişafı, qüvvələrin ümumi məqsəd naminə birləşdirilməsi, xüsusən böhranlı vəziyyətlərdə düşünülmüş çevik planın olması üçün fəaliyyət göstərilib. Bu işlər həm koronavirus pandemiyası, eləcə də, Vətən müharibəsi dövründə sistemli həyata keçirilib.
Digər önəmli məsələ gənclər şəbəkəsinin yaradılması ilə bağlıdır. Diaspora gənclərin fəaliyyətinin artırılması, milli kimliyin qorunub saxlanılması və liderlik potensialının inkişaf etdirilməsi məqsədilə Azərbaycan Diaspor Gəncləri Şəbəkəsi formalaşdırılmışdır.
Diaspor fəaliyyətində mühüm bir mərhələni əhatə edən koordinasiya şuralarının yaradılması və Azərbaycan evlərinin açılması mühüm işlərin sistemli şəkildə həyata keçirilməsinə şərait yaratmışdır. Hazırda dünyanın 31 ölkəsini əhatə edən və 130 diaspor təşkilatını özündə birləşdirən 14 koordinasiya şurası, 12 ölkədə fəaliyyət göstərən 18 Azərbaycan evi fəaliyyət göstərir. Xüsusilə Vətən müharibəsi dövründə xaricdə yaşayan azərbaycanlıların təşkilatlanmasını və birliyini müşahidə etdik. "Xocalıya ədalət" kompaniyası çərçivəsində Azərbaycan həqiqətlərinin Avropa ictimaiyyətinə çatdırılması üçün mitinq və aksiyalar təşkil olundu. Eləcə də, 2020-ci ilin Tovuz hadisələri, Vətən müharibəsi zamanı Avropanın 30 ölkəsində on minlərlə soydaşımızın iştirak etdiyi 300-dən artıq aksiya həyata keçirildi.
Xüsusilə qeyd etmək lazımdır ki, Şuşa bəyannaməsinə uyğun olaraq Azərbaycan və türk diasporları arasında qarşılıqlı əməkdaşlıq, dəstək və həmrəylik fəaliyyətinin gücləndirilməsinə hazırkı dövrdə xüsusi diqqət ayrılır.
Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə xarici ölkələrdə "Qarabağ" adlı həftə sonu Azərbaycan məktəbləri fəaliyyət göstərir. Hazırda Ottava, Varşava, Stokholm, London kimi şəhərlərdə fəaliyyət göstərən "Qarabağ" məktəbində yüzlərlə azərbaycanlı uşaq təhsil alır. Bu da milli kimliyimizin qorunub saxlanılması, dil vərdişlərinin artırılması və Azərbaycançılıq ideologiyası ətrafında xaricdə yaşayan soydaşlarımızın birləşdirilməsinə xidmət edən bir addımdır.
Biz 20 illik dövrü təhlil edərkən diaspor fəaliyyətində olan mühüm uğurları qeyd etməliyik və bundan sonra da post-münaqişə reallıqları kontekstində dövlətimizə maddi və mənəvi dəstəyin göstərilməsi Azərbaycan soydaşlarının mühüm bir öhdəliyidir. Azərbaycana sərmayələrin yatırılması, siyasi və iqtisadi sahədə ölkəmizin milli maraqlarının xaricdə qorunması bu gün mühüm prioritetlər sırasındadır.
Qeyd etmək istəyirəm ki, Şuşada keçirilən "Zəfər" qurultayında Prezident İlham Əliyev də soydaşlarımıza yönəlik mühüm mesajlar verdi və bu proqram xarakterli nitqdə məhz yeni dövrdə, yeni geosiyasi reallıqlar çərçivəsində soydaşlarımıza bir sıra mühüm vəzifələr və öhdəliklər müəyyən olundu. Düşünürəm ki, gələcək dövrlərdə də bu öhtəliklərin icrasından irəli gələn məsələlər öz həllini tapacaq".
Politoloq Aydın Quliyevin sözlərinə görə, hər bir ölkə üçün diasporla iş xarici dövlət siyasətinin ən mühüm və labüd istiqamətlərindən biri olmalıdır:
"Azərbaycan dövləti bu labüdlükdən, zərurətdən çıxış edərək diasporla iş aparılmasını xüsusi bir məsələ kimi nəzərdən keçirir. Düz 20 il əvvəl Azərbaycanda dünya azərbaycanlılarının ilk toplantısının keçirilməsindən sonra diasporun quruculuğu və diasporla əlaqədar dövlət siyasətinin həm siyasi olaraq istiqamətlərinin müəyyənləşdirilməsi, həm də qanunvericilik əsaslarının yaradılması, strukturlaşdırılması yönündə işlərin həyata keçirilməsinə başlanılıb.
Bu gün Azərbaycanın xaricdə yaşayan soydaşlarımızdan ibarət diasporumuz böyük bir şəbəkənin içində fəaliyyət göstərir. Bu şəbəkə Azərbaycan dövlət strukturlarından, xaricdə Azərbaycanın diplomatik korpuslarından, diasporumuzu təşkil edən və əhatə edən sırf diaspor təşkilatlarından, xaricdə azərbaycanlıların yaratdıqları və Azərbaycan dövlətinin himayə etdiyi müəyyən mədəniyyət, humanitar qurumlardan ibarət bu şəbəkə olduqca geniş bir iş həyata keçirir.
Ümumiyyətlə diasporun apardığı fəaliyyətin dövlətçilik üçün nə qədər önəmli olduğunu biz başqa dövlətlərin timsalında da görürük. Heç təsadüfi deyil ki, Ermənistan   uzun müddət Azərbaycana qarşı bu təcavüzkar siyasəti məhz erməni diasporunun aktiv iştirakçılığı və təşkilatçılığı ilə aparıb. Hətta deyərdim ki, ölkəmizə bu təcavüzün on illər boyu əsl mahiyyətinin dünyadan gizlədilməsində erməni diasporunun çox böyük rolu olub. Amma Azərbaycan son bir neçə ildə erməni diasporunun mövqelərinə çox sarsıdıcı zərbələr endirdi. Bu zərbələrin endirilməsində də aydın məsələdir ki, bizim xaricdəki diasporumuzun özünəməxsus rolu və iştirakı olub.
Heç kimə sirr deyil ki, İsrail kimi güclü bir dövlətin yaranması məhz yəhudi diasporunun fəaliyyətinin nəticəsi olaraq meydana çıxıb. Bu nöqteyi nəzərdən Azərbaycan diasporunun rolu və missiyası bir qədər fərqlidir. Çünki Azərbaycan diasporu nə erməni diasporu kimi namərd, yalançı və cinayətkar işlərlə məşğul olmalı deyil və olmur da, nə də Azərbaycan diasporunun çiyninə yəhudi diasporu kimi İsrail dövlətini qurmaq kimi böyük bir missiya düşmür. Yəhudi diasporundan fərqli olaraq Azərbaycan diasporu müstəqil dövlətçiliyimizi yaratmayıb, əksinə, bu gün müstəqil dövlətçiliyimizin, dövlətimizin dünyada mənafelərinin qorunmasında, müdafiə olunmasında diasporun üzərinə çox böyük yük düşür. Yəni, əgər yəhudi diasporunun timsalında bu diaspor dövləti qurubsa, Azərbaycan diasporunun timsalında dövləti Azərbaycan xalqı qurub, amma diaspor xaricdə Azərbaycan dövlətinin hüquqi, mənəvi, siyasi, diplomatik və hətta maliyyə dəstəyi altında fəaliyyət göstərir. Bax bu bizim diasporumuza özünəxas xüsusiyyətlər verən amillərdən biridir. Biz Vətən müharibəsində diasporumuzun rolunu və erməni təxribatlarının ifşa olunmasında rolunu gördük. Kütləvi aksiyaların təşkil olunmasında, Azərbaycanın reallıqlarının tanıdılmasında, göstərilməsində diasporumuzun fəaliyyəti təqdirəlayiqdir.
Əlbəttə son 15 ildə diasporun fəaliyyətində nəzərə çarpan dəyişikliklər var. Çox yeni və çoxsaylı strukturlar yaranıb. Xaricdə Azərbaycan evləri, diasporun koordinasiya şuraları, "Qarabağ" məktəbləri və digər mədəniyyət, humanitar yönümlü qurumlar məhz bizim diasporumuzun əli, dəstəyi ilə yaradılıb və fəaliyyət göstərirlər.
Bu gün diaspor quruculuğu sahəsində dövlətin siyasətini şərti olaraq bir neçə istiqamətdə qruplaşdırmaq olar. Birinci, diaspor fəaliyyətinin qanunvericilik əsaslarının təkmilləşdirilməsi. Bəllidir ki, qanun qəbul olunub, hətta, zaman-zaman bu qanunda şəraitdən asılı olaraq müəyyən dəyişikliklər edilir. Xüsusi diaspor strukturu, dövlət strukturu yaradılıb ki, bu da olduqca vacibdir.
İkinci istiqamət diasporun xaricdə təşkilatlanması işinin yerinə yetirilməsi. Bu istiqamətdə də nəticələr var. Dediyim kimi dünyanın 30-dan artıq ölkəsində Azərbaycanın diaspor təşkilatları var, həm də sırf diaspor təşkilatlarından əlavə bu diaspor təşkilatlarının himayəsi altında fəaliyyət göstərən müxtəlif humanitar, mədəni yönümlü qurumlar da mövcuddur ki, çox əhəmiyyətli və zəruri iş həyata keçirirlər.
Üçüncü şərti istiqamət Azərbaycan diasporunun Türkiyə diasporu ilə, eləcə də, digər türkdilli dövlətlərin diaspor təşkilatları ilə əlaqələrinin   gücləndirilməsi. Bu nöqteyi nəzərdən diasporumuzun apardığı iş əslində Azərbaycan dövlətinin apardığı ümumtürk inteqrasiyasının dərinləşdirilməsi siyasətinin tərkib hissəsidir. Çünki əgər Azərbaycan dövləti bu gün türk dövlətlərinin birləşməsi, inteqrasiya olunması üçün vacib səylər göstərirsə, eynilə həmin səyləri bizim diasporumuz xaricdə digər türkdilli ölkələrin diasporlarının münasibətlərinin istiləşməsinə sərf etməlidir və müəyyən səviyyədə də edir. Xüsusilə də Türkiyə diasporu ilə  Azərbaycan diasporunun əlaqələrinin möhkəmləndirilməsi, müstəsna beynəlxalq və daxili əhəmiyyətli hadisədir. Ona görə ki, bu iki gücün birləşməsi bütün hallarda həm Türkiyənin, həm Azərbaycanın dünyada mövqelərinin gücləndirilməsinə öz təsirini göstərə bilir.
Xüsusilə "Şuşa Bəyannaməsi"nin imzalanmasından sonra Azərbaycan və Türkiyə diasporlarının fəaliyyətin birləşdirilməsi, əlaqələndirilməsi üçün işin canlandığını hiss edirik. Əlbəttə, hələ məsələ bitməyib, bu istiqamətdə işlər daha da dərinləşdirilməlidir və iş elə bir həddə gəlib çatmalıdır ki, dünyada Azərbaycan diasporu və Türkiyə diasporu kimi anlayışlar öz yerini ümumtürk diasporu kimi anlayışa verməlidir. Hədəfimiz bu olmalıdır. Azərbaycan və türk diasporundan ayrılıqda  danışmaq əvəzinə dünya ümumtürk diasporu anlayışından danışmağımız bizim üçün daha əhəmiyyətli olardı və bizim üçün bir hədəf olmalıdır."



Röyalə Xəyal

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31