Münhen diplomatik uğurunun davamı- Berlin mitinqi-Siyasi analiz
Münhen diplomatik uğurunun davamı-Berlin mitinqi
24 Fevral 2020 13:58 DiasporaDünya çoxminli Azərbaycan diasporunun səsini eşidəcəkmi?
Artıq uzun illərdir ki, Azərbaycan işğalçı Ermənistana, erməni lobbisinə qarşı müdafiə taktikasından hücum taktikasına keçib. Dünya Azərbaycanlılarının ikinci qurultayı zamanı Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən verilən bu tapşırıq və tövsiyə əsasında ötən illər ərzində dünyada erməni yalanlarını ifşa etmək istiqamətində görülən işlər, Azərbaycan həqiqətlərinin, erməni təcavüzünün dünyaya çatdırılması məqsədilə dünyanın fərqli ölkələrində həyata keçirilən tədbirlər, eləcə də əldə edilən uğurlar, nəticələr onu deməyə əsas verir ki, dövlət başçısının hər bir azərbaycanlı, xüsusilə də dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları, onların təmsilçiləri qarşısında qoyduğu vəzifə yüksək peşəkarlıqla icra edilir. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 2006-cı ildə, elə Dünya Azərbaycanlılarının İkinci Qurultayında müəyyən etmiş olduğu bu strategiya hər bir azərbaycanlı, ürəyi Azərbaycanla döyünən, onun haqq səsini dünyaya malik olduğu cüzi imkanlar hesabına çatdıran soydaşımızda stimul yaratdı, təkan verdi. Cənab Prezidentin məlum tapşığından sonra Heydər Əliyev Fondunun birinci vitse-prezidenti Leyla xanım Əliyevanın elan etmiş olduğu "Xocalıya Ədalət" kampaniyası isə bu prosesi bir qədər də sürətləndirdi, Azərbaycanın haqq işi uğrunda aparılan mübarizənin yeni bir mərhələsi başladı. Sözügedən kampaniyanın dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən diaspor təşkilatları, cəmiyyət və dərnəklərlə birgə keçirilməsi daha yaxşı nəticələrin əldə edilməsinə yol açdı. Məhz koordinasiyalı şəkildə həyata keçirilən fəaliyyətlər, kampaniya çərçivəsində müxtəlif ölkələrdə keçirilən aksiyalar, müxtəlif səpkili tədbirlər nəticəsində dünyanın bir çox ölkələri 1992-ci ildə ermənilərin Xocalıda tərətdikləri insanlıq əleyhinə cinayətləri soyqırım kimi tanıdı. Bir sıra ölkələrin parlamentləri, digər rəsmi qurumları, bəzi beynəlxalq təşkilatlar bu hadisəni pisləyən bəyanatlar qəbul etdi. Hazırda da eyni müsbət tendensiya davam edir və dünyanın müxtəlif ölkələrində keçirilən müxtəlif səpkili tədbirlər, Azərbaycanın haqq səsinin dünyaya çatdırılması məqsədilə ortaya qoyulan fəaliyyətlər artıq dünyada erməni yalanlarının tamamilə ifşa olunmasına, beynəlxalq aləmdə Azərbaycanın haqq işinin müdafiə edilməsinə gətirib çıxarır. Elə bu günlərdə Almaniyada keçirilən ümumAvropa Qarabağ mitinqi də bunun əyani sübutu idi. Məlumat üçün qeyd edək ki, fevralın 22-də, Xocalı soyqırımının 28-ci ildönümü ərəfəsində Almaniyada Ümumavropa Qarabağ mitinqi keçirilib. Berlin şəhərindəki Brandenburq qapıları yaxınlığındakı Paris meydanında keçirilən mitinqdə Azərbaycan, Almaniya, Niderland, Macarıstan, Polşa, İspaniya, İtaliya, Belçika, İsveç, Latviya, Litva, Estoniya, Çex Respublikası, Avstriya, İsveçrə, Norveç, Finlandiya, Fransa, Rumıniya, Xorvatiya, Böyük Britaniya, Yunanıstan, Moldova, Ukrayna, Gürcüstan, Türkiyə, ABŞ, Kanada və bir sıra başqa ölkələrdə yaşayan soydaşlarımız, eləcə də Azərbaycana dost münasibət bəsləyən xalqların diaspor üzvləri iştirak edib.
Xocalı soyqırımının 28-ci ildönümü ərəfəsində keçirilən mitinqin iştirakçıları "Qarabağ Azərbaycandır!", "Biz terrora yox deyirik", "Azərbaycan ədalət tələb edir!", "Xocalıya biganə qalma!", "Dinc və günahsızların qatillərinə ar olsun!", "Erməni yalanlarına dur de!", "İşğalı dayandırın!", "Qarabağ haqqımızdır!" kimi şüarlarla beynəlxalq təşkilatlara çağırış ediblər.
Aksiya iştirakçıları 28 il əvvəl ermənilərin Xocalıda törətdikləri soyqırıma beynəlxalq səviyyədə hüquqi-siyasi qiymət verilməsini, işğal olunmuş Azərbaycan torpaqlarının geri qaytarılması üçün Ermənistana təzyiq göstərilməsini, yurd-yuvalarından didərgin düşmüş azərbaycanlıların pozulmuş hüquqlarının bərpa edilməsini, münaqişə ilə bağlı qəbul olunmuş məlum beynəlxalq sənədlərə Ermənistanın riayət etməsini tələb ediblər.
Mitinq zamanı yerli sakinlərə, turistlərə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin acı nəticələrini, Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycanın məruz qaldığı maddi və mənəvi itkiləri əks etdirən broşürlər paylanıb. Minlərlə soydaşımızın iştirak etdiyi Ümumavropa Qarabağ mitinqinin sonunda yekun sənəd qəbul edilib və bir sıra beynəlxalq təşkilatlara ünvanlanıb.
Yaxın tarixə nəzər salsaq görərik ki, keçən il də qoca qitədə anoloji aksiya keçirilmişdi. 2019-cu ildə Avropanın siyasi paytaxtlarından biri sayılan Belçikada keçirilən mitinq də məhz Xocalı soyqırımının ildönümünə təsadüf edirdi. Düzdür, Belçika mitinqində kütləvilik o zaman Berlin aksiyası qədər olmasa da, 2019-cu il aksiyası ÜmumAvropada Azərbaycan həqiqətlərinin yayılması, Xocalı soyqırımının belə bir geniş şəkildə dünyaya çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edirdi. Fevralın 22-də Berlində keçirilən mitinqdə daha çox, minlərlə soydaşımızın iştirak etməsi isə artıq həmvətənlərimiz ümummilli məsələlərdə tam mənada birdirlər, həmrəydirlər. Aksiyanın bu dəfə Almaniyada keçirilməsini isə həm də bir neçə gün əvvəl Münhendəki Azərbaycanın diplomatik uğurunun davamı kimi xarakterizə etmək olar. Bundan sonra isə sıra dünya birliyi, beynəlxalq təşkilat və qurumlardadır. Ümid etmək olar ki, nəhayət dünyada sülh və sabitlik tərəfdarı kimi çıxış edən beynəlxalq təşkilatlar Azərbaycanın, çoxminli azərbaycanlıların səsini eşidəcək, Xocalıda insanlıq əleyhinə cinayət, soyqırım törədənlər ədalət qarşısına çıxarılacaq, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi istiqamətində qısa müddətdə, məqsədyönlü addımlar atılacaq.
Süleyman
Olaylar.az