Qadınlar ölkənin bütün ali orqanlarında təmsil olunurlar- ÖZƏL
4 Mart 10:49 Daxili siyasət"Bu gün cəmiyyətimizdə qadınların rolunun daha da artdığını görürük. Ölkəmizin ictimai-siyasi, iqtisadi, mədəni həyatında qadınlarımız fəal iştirak edirlər. Hansı sahəyə nəzər salsaq, onları orada öz peşəsini, ixtisasını dərindən bilən kadrlar arasında görürük. Respublikamızda həm kənd təsərrüfatının, həm də sənayenin inkişafında qadınlarımızın əməyi böyük və təqdirəlayiqdir. Qadınlar ölkənin bütün ali orqanlarında əzmlə, məsuliyyətlə çalışırlar. Heydər Əliyev 8 Mart Beynəlxalq Qadınlar bayramı ilə bağlı deyib: "Bu bayram, doğrudan da, bizim bütün bayramlar içərisində ən gözəl bayramdır. Çünki bu qadınlara həsr olunubdur. İnsan cəmiyyətində qadının rolu, əhəmiyyəti məlumdur. Qısaca onu demək olar ki, qadınsız insan yoxdur, qadınsız həyat yoxdur. Qadınlar cəmiyyətdə, həyatda göstərdikləri bütün başqa xidmətlərlə yanaşı, ona görə ən yüksək qiymətə layiqdirlər ki, onlar anadırlar". "Olaylar" xəbər verir ki, bunu YAP Saatlı rayon təşkilatının sədri Elşən Əzizov deyib: "Ümummilli Lider Heydər Əliyevin 2000-ci ildə imzaladığı "Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında" Fərmandan irəli gələn məsələlərin həlli istiqamətində məqsədyönlü işlər həyata keçirilib. Prezident İlham Əliyevin 6 fevral 2006-cı il tarixli Fərmanı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsinin səlahiyyətləri daha da genişləndirilib, komitə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi statusunu alıb. Bu qurum həyata keçirilən sosialyönümlü dövlət siyasətinə uyğun olaraq qadınların işlə təmin olunması, məşğulluq strategiyasının həyata keçirilməsi, gender bərabərliyinin qorunması, uşaq hüquqlarının müdafiəsi və digər istiqamətlərdə mühüm işlər görür".