"İcra başçısı niyə gəlmədi?"-Siyavuş Novruzov İmişli hadisələrindən danışdı

"Avropada erməni çörəyi yeyənlər İmişlidə olan hadisələri tamam başqa istiqamətə yönəltdilər". "Olaylar"ın məlumatına görə, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin yaz sessiyasının ilk plenar iclasında deyib.

Deputat bildirib ki, qəzanı törədən adam belə bir hadisənin olmasını istəməzdi: "Hadisə baş verib və mən İmişlinin hər iki deputatı ilə söhbət etdim. İcra başçısı rayon mərkəzindən üç kilometr aralıdadı, niyə camaatın yanına gəlmədi? Polis rəisi niyə o camaatın qabağına çıxmadı? Bir dənə prokurordan savayı başqa bir adam o camaatın qabağına çıxmadı. Bu xalqdır. İnsanları başa salmaq lazımdır. Səni orada öldürəcəkdilər? Əksinə qabaqlarına polis düzdülər. Bu insanlarda qıcıq yaratdı. Bütün Azərbaycan xalqı Prezidenti dəstəkləyir, sevir. Bizim hamımızın canı Prezidentə fədadır. Amma çıx camaatın qarşısına, camaatı başa sal. Niyə camaatdan kənar qaçırsız? Nəyə görə? Dövlət əmlakına ziyan vurduğuna, əsəblərini idarə edə bilmədiklərinə görə 18 nəfər həbs edildi. Mən xahiş edirəm ki, onları bağışlasınlar, cavan uşaqlardır. Amma belə hərəkətlərdə rayon hüquq-mühafizə orqanları insanların qabağında olmalıdır. Əgər onun üzü yoxdursa camaatın qabağına çıxmağa, onda gedib ərizəsini yazıb çıxsın evinə getsin".

Qeyd edək ki, yanvarın 18-də saat 12:30 radələrində İmişli şəhəri, Abbasqulu Şadlinski küçəsində Dövlət Yol Polisi avtomobilinin iştirakı ilə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Xidmətə gedən DYP avtomobilinin qarşısına digər nəqliyyat vasitəsinin çıxması nəticəsində xidməti avtomobil yol kənarında olan uşaqlara dəyib. Hadisə nəticəsində 2 məktəbli ölüb, bir məktəbli və YPX avtomobilinin sürücüsü xəsarət alıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31