Sabah Xocalı şəhərinə və Ballıca kəndinə növbəti köç olacaq
14 Yanvar 14:36 Daxili siyasətYanvarın 15-də Xocalı şəhərinə və Xocalının Ballıca kəndinə növbəti köç karvanı yola salınacaq. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"-a verilən məlumata görə, respublikanın müxtəlif ərazilərində çətin şəraitdə müvvəqəti məskunlaşan Xocalıdan olan ailələr növbəti dəfə doğma torpaqlarına köçürüləcək.
Belə ki, sabah Xocalı şəhərinə 6 ailə (25 nəfər), Xocalının Ballıca kəndinə isə 18 ailə (92 nəfər) yola salınacaq. Onlar əsasən, Bakı, Sumqayıt, Gəncə şəhərləri, eləcə də respublikanın müxtəlif rayonlarında müvvəqəti məskunlaşmış ailələrdir.
Qeyd edək ki, indiyədək Xocalı şəhərinə 44 ailə, Ballıca kəndinə isə 48 ailə köçürülüb. Xatırladaq ki, Ballıca kəndinə sonuncu köç dekabrın 27-də Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində olub. Həmin gün Ballıca kəndinə 21 ailə(119) nəfər köçürülüb.
Bildirək ki, Xocalı rayonu 1992-ci il fevralın 26-sı Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənib.