Samur bələdiyyəsinin uğurları...Böhtançıların bələdiyyə sədrinə hücumları

"Qusar rayonu Samur bələdiyyəsi həm Qusar rayonunda, həm də respublikamızda fəaliyyətinə görə seçilən bələdiyyələrdəndir. Azərbaycanın Şimal qapısı məhz bu bələdiyyənin ərazisində yerləşir. Bu gün ölkəmizdə aparılan quruculuq-abadlıq işləri respublikamızın Şimal bölgəsində daha böyük vüsətlə həyata keçirilir. Hazırda respublikamızda ilk dəfə tətbiq olunan ödənişli yol məhz Samura qədər davam edir. Bu yolun ətrafında ürək açan abadlıq işləri görülmüşdür. Samur bələdiyyəsi ərazisində həyata keçirilmiş yenidənqurma işləri həm respublikamızdan yola düşən, həm də respublikamıza gələn müsafirlərin ilk anda rəğbətini qazanır. Rusiya Federasiyası vasitəsilə həm Rusiyadan, həm də MDB ölkələrindən gələn yük maşınları bu ərazidən keçdiyi üçün ilk növbədə sürücülər və müsafirlər bu ərazidə dincəlməli olurlar. Həm qonaqların, həm də yerli sakinlərin Samur qəsəbəsində dincəlmələri üçün yüksək şərait yaradılmışdır. Burada gözləmə məntəqəsi, istirahət guşələri, yeməkxana və çayxana, bərbər, camaşırxana və s. xidmət sahələri gecə-gündüz fəaliyyət göstərir.

Son dövrlər Qusar rayon İcra Hakimiyyəti başçısının göstərişinə əsasən keçid məntəqəsində daha qlobal abadlıq işləri planlaşdırılmışdır. Bu göstərişə əsasən, keçid məntəqəsi ətrafında yararsız binalar sökülür, daha yeniləri ilə əvəzlənir. Bu tədbir üçün xüsusi komissiya da yaradılıb. Haqlı olaraq yaradılmış komissiyanın tərkibinə Samur bələdiyyəsinin sədri Elnarə Ayıbova da daxil edilmişdir. Bu da tamamilə düzgün bir qərardır. Çünki tək Samur keçid məntəqəsi yox, əslində bütöv Samur qəsəbəsi abadlaşır. Çox  sevindirici haldır ki, qəsəbənin yenidən qurulması və abadlaşması işində Samur bələdiyyəsi kollektivinin xüsusi əməyi vardır. Bələdiyyə sədri Elnarə Ayıbova bu bələdiyyəyə son seçkidə sədr seçilmişdir. O, əvvəllər uzun müddət Samur qəsəbəsində bağça müdirəsi vəzifəsində çalışmışdır. Qəsəbə sakinləri onun işgüzarlığını, insanlara qayğısını başa düşüb, ona etimad göstərmişlər. Çox xoş haldır ki, yeni seçilmiş bələdiyyə sədri öz seçicilərinin etimadını doğrultmuş, onların yaxşı günlərinin şahidi olub, çətin günlərinin köməkçisi olmuşdur.

Onu da qeyd etmək lazımdır ki, Elnarə Ayıbova bələdiyyəyə seçiləndə keçmiş bələdiyyə sədrinin fəaliyyəti dövründəki müxtəlif çatışmazlıqları qısa müddətdə aradan qaldırmağa çalışmışdır. Belə ki, əvvəlki bələdiyyə sədrinin vaxtında hektarlarla torpaq sahəsi qanunsuz olaraq başqalarının əlinə keçmişdir. Ərazidə bələdiyyəyə məxsus örüş torpaqları ayrı-ayrı şəxslərə satılmış və ya uzunmüddətli icarəyə verilmişdir. Bir sıra vətəndaşların pay torpaqları da qanunsuz olaraq sahiblərinin xəbəri olmadan ayrı-ayrı adamların adına sənədləşdirilmişdir. Bütün bu işlərdə Ədliyyə Nazirliyinin Xaçmaz Regional Ədliyyə İdarəsinin rəisi Cavanşir Əvəzovun da qanunsuz fəaliyyəti olmuşdur. Məhz Elnarə Ayıbova bələdiyyə sədri fəaliyyətinə başlayarkən bu problemləri görmüş və haqlı olaraq aidiyyatı orqanlara müraciət etmiş, bələdiyyə ərazisində yaranmış bu problemlərin həll olunmasına çalışmışdlr. Həmin dövrdə "Bələdiyyə birliyi" qəzeti də bu məsələyə diqqət yetirmiş və korrupsiyaya qurşanmış Regional  Ədliyyə İdarəsinin rəisi Cavanşir Əvəzovun qanunsuz əməlləri ilə bağlı tənqidi yazı vermişdir. Həmin yazıdan və bələdiyyə sədri Elnarə Ayıbovanın tələblərindən sonra ərazidə ciddi araşdırmalar aparılmış, Cavanşir Əvəzov tutduğu vəzifədən azad edilmiş və ona cinayət işi açılmışdır. Nəticədə o, həbs edilmiş və ciddi cəza almışdır. Bu araşdırmalardan sonra vaxtilə qanunsuz yolla satılmış bir sıra torpaq sahələri Samur bələdiyyəsinə geri qaytarılmışdır. Bələdiyyə sədri Elnarə Ayıbova tək torpaq sahələrinin geri qaytarılmasına yox, qəsəbədə abadlıq işlərinin görülməsinə də diqqət yetirmişdir. Qəsəbədə su probleminin həll olunmasına, yolların çınqıl daşlarla düzəldilməsinə, yol kənarlarında və başqa ərazilərdə yaşıllıqların salınmasına, ehtiyacı olan sakinlərə maddi yardımların verilməsinə, qəsəbədəki məktəbin təmir işlərinə  diqqət yetirmiş, bayram günlərində bır sıra tədbirlərin həyata keçirilməsinə nail olmuşdur. Müharibə iştirakçısı olan bir ailəyə bələdiyyə hesabından təmənnasız torpaq ayrılmışdır.

Lakin bələdiyyənin bu nailiyyətlərinə mane olan şəxslər də peyda olmuşdur. Bələdiyyə sakinləri, bələdiyyə seçiciləri sədrin fəaliyyətini yüksək qiymətləndirsələr də bir sıra böhtançı, şər atmaqla məşğul olan insanlar vardır ki, heç bir məsuliyyət hissi duymadan, öz çirkin istəkləri naminə ayrı-ayrı təşkilatlara, hüquq-mühafizə orqanlarına yersiz və əsası olmayan şikayət ərizələri yazırlar. Bu işdə bir sıra saytlar da vardır ki, onlara yardımçı olub bu cızmaqaraları, böhtan yazıları əsaslı yoxlamadan, bələdiyyə sədrinin fikirlərini öyrənmədən işıqlandırırlar. "Nuh.az" saytında 19 oktyabr 2024-cü il tarixdə "Qarabağ qazisi Qusar rayonu Samur bələdiyyəsi sədrinin qanunsuz əməlləri ilə bağlı Ədliyyə nazirinə müraciət etdi" başlıqlı yazı verilmişdir: "Azərbaycan Respublikasının Ədliyyə naziri Fərid Əhmədova ünvanlanmış şikayət ərizəsini Şamaxı rayonu Meysər kənd sakini Şirinov Natiq Sərdar oğlu imzalamışdır. O, öz ərizəsində göstərir ki, mən İkinci Qarabağ müharibəsində iştirak etmişəm, qaziyəm, bir sıra medallarla təltif olunmuşam, vaxtilə mərhum atam Sərdar Şirinov Qusar rayonu Samur qəsəbəsindən 17 hektar torpaq sahəsini Notariat kontorunda alqı-satqı müqaviləsi ilə mülkiyyətinə almışdır. Atam vəfat edəndən sonra torpaq sahəsinin sahibi anam olmuşdur. Sonra anam bu torpaq sahəsini Samur bələdiyyəsinə bağışlamışdır. Bu, qanunsuzdur. Odur ki, mən bir varis olaraq torpaq sahəsinin bizə qaytarılmasını Qusar Rayon Məhkəməsindən tələb etməklə iddia ərizəsi yazmışam".

Daha sonra şikayətçi cənab nazirdən xahiş edir. Biz bu xahişi nöqtə-vergülünə toxunmadan  olduğu kimi təqdim edirik: "Necə ola bilər ki, atamdan miras qalmış əmlakı bələdiyyə sədri icra başçısı ilə əlbir olub bizim əlimizdən alsın. Bu dərəcədə haqsızlıq olarmı? Xahiş edirəm Qusar Rayon Məhkəməsinə tapşırıq verəsiniz ki, Samur bələdiyyəsinin sədri Elnarə Ayıbovadan qorxmasın və ədalətli qərar çıxarsın".

Bərəkallah, ərizə sahibinə. Qeyd edək ki, şikayət ərizəsi tamamilə saxta və böhtan xarakterlidir. Belə ki, ərizə sahibi Şirinov Natiq Sərdar oğlunun qardaşı Saleh Şirinov yuxarıda qeyd etdiyimiz Cavanşir Əvəzovun sürücüsü işləmiş və bu gün də regional idarədə sürücü işləyir. Vaxtilə 17 hektar torpaq sahəsini də qeyri-qanuni olaraq Cavanşir Əvəzov qohumluq əlaqəsi olan öz sürücüsü Saleh Şirinovun Şamaxıda rayonunun Meysər kəndində yaşayan atası Sərdar Şirinovun adına sənədləşdirmişdir. Məhkəmə prosesində həmin torpaq sahəsi Samur bələdiyyəsinə qaytarılmışdır. Görəsən Meysərdə oturub Samur bələdiyyəsinin fəaliyyətinə böhtan atan, şər yağdıran, özünü qazi adlandıran Natiq Şirinov hansı əsaslarla Ədliyyə Nazirindən xahiş edir ki, Qusar Rayon Məhkəməsinə təsir etsin. O, məhkəmə sədri barədə ağlına gələn böhtanları yağdırır. Bələdiyyənin iclaslarının keçirilmədiyini yazır. Sual olunur: Şamaxının dağ kəndi Meysərdə oturub Qusarda Samur bələdiyyəsinin iclaslarından necə xəbərdardır? Axı Samur bələdiyyəsi hər il audit yoxlamalarından keçir və audit rəyi alır. Natiq Şirinov bır sıra yerli adamların adını çəkir ki, bu şəxslər bələdiyyədən qanunsuz torpaqlar alıblar. Bələdiyyə sədrinin təqdim etdiyi sənədlərdən aydın görünür ki, həmin torpaq sahələri qanuni sənədlərlə ehtiyacı olanlara satılıb və aidiyyatı qurumlar tərəfindən onlara çıxarışlar verilib. Çox təəssüflər ki, böhtançı heç bir əsası olmadan bir sıra rəhbər şəxslərin adını çəkir və onların bələdiyyə sədrinə himayədar olduğunu qeyd edir.

Şikayətçiyə xatırladırıq ki, bu torpağı qanunsuz olduğu üçün bələdiyyəyə qaytarmısınız. 17 hektar torpaq bələdiyyə mülkiyyətindədir. Siz öz çirkin niyyətinizlə nə bələdiyyə sədrini, nə məhkəmə hakimini, nə də İcra Aparatının rəhbərlərini ləkələyə bilməzsiniz və buna hüququnuz çatmır. Cənab nazirdən də imdad ummağınız tamamilə yersizdir.

Ancaq ona da təəssüflənirik ki, "nuh.az" saytı bu cür qurama yazını təmtəraqla öz səhifəsində işıqlandırıb.

Yenə təəssüflənirik ki, "nuh.az" saytı əndazəni aşaraq 22 oktyabr 2024-cü il tarixdə eyni səpkili daha bir yazını işıqlandırmışdır. "Rusiya vətəndaşı Samur bələdiyyəsinin sədri Elnarə Ayıbova ilə bağlı Baş Prokurora şikayət etdi"...

Bu yazıda isə Qusar rayonu Samur qəsəbəsində müvəqqəti yaşayan Güləhmədov Vadim Eldar oğlu eyni məzmunlu şikayət ərizəsi ilə Baş Prokurora müraciət etmişdir. Bu yazıda da qeyd olunanlar uydurmadır, şər-böhtandır. Heç bir məsuliyyət hiss duymadan Baş Prokurora ünvanladığı şikayət ərizəsində bələdiyyə sədrinin şəxsiyyətini aşağılayır, onu guya qanunsuz əməllərdə günahlandırır və yersiz ittihamlar irəli sürür. Bizi maraqlandıran bir məsələ də var. Hər iki yazı necə olub ki, "nuh.az" saytında yayımlanıb. Ədliyyə Nazirinə, Baş Prokurora ayrı-ayrı şəxslər tərəfindən ünvanlanmış ərizələr bir həftə müddətində saytda yayımlanır. Burada ciddi şübhələr yaranır. Ərizələrin məzmunu eyni, ittihamlar eyni... Onu da qeyd edək ki, Vadim Güləhmədov əvvəllər də bu məsələ ilə bağlı aidiyyatı orqanlara bır sıra şikayət ərizələri ünvanlamışdır. Bu materiallar toplanılaraq Qusar Rayon Polis Şöbəsində araşdırılmış və 10 fevral 2024-cü il tarixdə Qusar Rayon Polis Şöbəsi İB-nin baş müstəntiqi, polis kapitanı Ümüd Xankişiyev tərəfindən rədd edilmişdir. Bəs Vadimi narahat edən məsələ nədir?  Görəsən Rusiya vətəndaşının Samur bələdiyyəsindən umduğu nədir? Araşdırmamız zamanı çox faktlar açıqlandı. Bələdiyyə sədrinin dediklərinə görə, Vadim Güləhmədov heç yerdə işləməmiş, o, ancaq keçid məntəqəsi ərazisində qanunsuz valyuta mübadiləsi ilə məşğul olmuşdur. Bunu bütün Samur sakinləri və keçid məntəqəsinin yaxınlığında işləyənlər təsdiq edə bilərlər. Bələdiyyə sədri onu da bildirdi ki, Vadim Samur bələdiyyəsinə məxsus örüş torpaqlarını özbaşına zəbt edib orada yaşıllıqları məhv etməklə özü üçün bağ salmışdır: "Hazırda həmin torpağın geri qaytarılması zərurəti yaranmışdır. Çünki örüş torpaqları heç kimə satıla bilməz. Onun zəbt etdiyi torpaq əvvəlki bələdiyyə sədrinin zamanında qeyri-qanuni olaraq başqa birisinə icarəyə verilmişdir. Bundan əlavə Samur keçid məntəqəsində Vadim Güləhmədova məxsus valyutadəyişmə məntəqəsi də sökülmüşdür".

Deməli, torbada pişik var imiş. Hər iki şikayətçi əlbir olub fəaliyyətdə olan, xalqa xidmət edən, işgüzar bələdiyyə sədrini ləkələmək, onu seçicilər qarşısında nüfuzdan salmaq, şərəf və ləyaqətinə toxunmaq missiyasını qarşılarına məqsəd qoyublar. Əfsuslar olsun ki, hər iki böhtançı təkcə onu yox, öz yazılarında məhkəmə hakimlərini, icra rəhbərlərini və başqa səlahiyyətli şəxsləri də ittiham ediblər."

Cümşüd İsgəndərin  imzası  ilə Prezident İlham Əliyevə yazılmış  bu məkrubda daha sonra  deyilir:

"Hörmətli cənab Prezident, ümidvarıq ki, yerlərdə bu cür hallara son qoymaq üçün öz köməkliyinizi göstərəcəksiniz. Hazırda respublikamızda bələdiyyə islahatları aparılır. Növbəti bələdiyyə seçkilərinə hazırlaşırıq. İstəyimiz odur ki, işgüzar bələdiyyə rəhbərlərinə qarşı böhtan və iftiralara son qoyulsun, ara qarışdıran, şər yağdıran, böhtan dolu yazılarla respublikanın ayrı-ayrı təşkilatlarını narahat edən şəxslərə qarşı tədbir görülsün."

Cümşüd İsgəndər

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31