Azərbaycan gender bərabərliyinin təmin edilməsi istiqamətində mühüm addımlar atıb- ÖZƏL

Milli Məclisin deputatı Hicran Hüseynova Cenevrədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Avropa üzrə İqtisadi Komissiyası (UNECE) və BMT-nin Gender Bərabərliyi və Qadınların Səlahiyyətlərinin Gücləndirilməsi üzrə Agentliyinin Avropa və Mərkəzi Asiya üzrə Regional Ofisi (UN Women Europe and Central Asia) tərəfindən təşkil olunan "Avropa İqtisadi Komissiyası regionunda gender bərabərliyinin sürətləndirilməsi üçün Pekin öhdəliklərinin 30 illiyinə nəzər salınması" mövzusunda keçirilən beynəlxalq konfransda çıxış edib. "Olaylar" xəbər verir ki, bu barədə millət vəkili özü məlumat verib: "Konfransda Azərbaycanın gender bərabərliyi sahəsində əldə etdiyi nailiyyətlərdən bəhs etdim. Qeyd etdim ki, müasir dünyada qadınların cəmiyyətin bütün sahələrində fəal iştirakı olmadan güclü və sabit dövlət qurmaq mümkün deyil. Azərbaycan, bu istiqamətdə beynəlxalq konvensiyalara qoşulmaqla, gender bərabərliyinin təmin edilməsində mühüm addımlar atıb. Qadın hüquqlarının qorunması qanunvericilikdə təsbit olunmuşdur və əmək münasibətlərində qadınların mövqeyi davamlı olaraq gücləndirilir. Zorakılıqla mübarizə, qadınlara qarşı məişət zorakılığına qarşı sərt qanunların qəbulu da bu sahədə atılan vacib addımlardandır.

Əməkhaqlarında gender fərqinin azaldılması, qızların təhsil almasına və İKT sahəsində daha fəal iştirakına yönəlmiş təşəbbüslər ölkəmizin bu sahədə əldə etdiyi irəliləyişlərin bariz nümunəsidir. Azərbaycanın bu istiqamətdə beynəlxalq göstəriciləri üstələməsi, qızların elm və texnologiya sahələrində təmsilçiliyinin artırılması ölkəmizin gələcək inkişafına böyük töhfə verəcək.

Bununla yanaşı, rəqəmsal iqtisadiyyatda qadınların rolunun artırılması üçün xüsusi platformaların yaradılmasından danışdım və kənd təsərrüfatı sektorunda qadınların yüksək təmsilçiliyinin ölkəmizin iqtisadi inkişafı üçün önəmli olduğunu vurğuladım. Gender bərabərliyinin iqtisadi inkişafın əsas şərtlərindən biri olduğunu qeyd edərək, Azərbaycanın COP29 tədbirinə ev sahibliyi edəcəyini və bu kontekstdə qadınların iqlim dəyişikliyi ilə mübarizədə fəal iştirakının vacibliyini diqqətə çatdırdım.

Çıxışımda xüsusi olaraq vurğuladım ki, gender bərabərliyi və qadın hüquqlarının qorunması mövzusunda Azərbaycanın nailiyyətləri birbaşa ölkə rəhbərliyinin bu sahəyə olan həssas yanaşması ilə bağlıdır. Xüsusilə, Prezident cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın bu məsələyə verdikləri xüsusi diqqət ölkəmizdə gender bərabərliyinin təmin olunmasında mühüm rol oynayır.

Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji islahatlar çərçivəsində qadınların sosial və iqtisadi həyatda daha fəal iştirakını təmin edən addımlar atılıb. Mehriban xanım Əliyeva isə həm birinci vitse-prezident kimi, həm də Heydər Əliyev Fondunun rəhbəri olaraq qadın hüquqlarının müdafiəsi və qadınların imkanlarının genişləndirilməsi istiqamətində bir çox layihələrə və təşəbbüslərə dəstək verir. Onların birgə səyləri nəticəsində qadınlar təhsil, səhiyyə, mədəniyyət, idman və digər sahələrdə daha geniş təmsil olunur və Azərbaycanın bu sahədə əldə etdiyi nailiyyətlər dünya miqyasında nümunə kimi göstərilir.

Bu diqqət və qayğı, Azərbaycanın qadın hüquqları sahəsində beynəlxalq səviyyədə nümunəvi ölkə kimi tanınmasına gətirib çıxarıb, və hökumətin gender bərabərliyinin hərtərəfli inkişafına verdiyi önəmi bir daha sübut edir.

Sonda, gender bərabərliyinin inkişafı və qadınların iqtisadi səlahiyyətlərinin artırılmasının beynəlxalq maliyyə mühitində əsas müzakirə mövzularından olduğunu vurğuladım. Əmək bazarlarında gender fərqinin daralması, inkişaf etməkdə olan bazarlarda ümumi daxili məhsulun artmasına mühüm töhfə verə biləcəyini qeyd etdim. Azərbaycan hökumətinin prioritetlərindən biri kimi həyat səviyyəsinin yüksəldilməsi və davamlı iqtisadi inkişafa nail olunması ilə yanaşı, bütün sektorlarda gender bərabərliyinin təmin edilməsi mühüm yer tutur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31