Valideynlərini itirmiş uşaqların sosial müdafiəsi gücləndirilir

Prezident İlham Əliyevin yanında keçirilən iqtisadi müşavirədə verdiyi  tapşırıqlara uyğun olaraq  Azərbaycandan xaricə pul köçürmələri və ixrac dəyərinin tam qaytarılması ilə bağlı məsələyə nəzarətin daha da gücləndirilməsi prioritet sahəyə çevrilib. Artıq sözügedən məsələ İqtisadi Şuranın iclasında müzakirəyə  çıxarılıb. Pul köçürmələrinə nəzarətin gücləndirilməsi niyə daha da aktuallaşıb?  Məsələnin bundan sonra necə tənzimlənəcəyinə Milli Məclisin deputatı Vüqar Bayramov açıqlama gətirib. Deputat bildirib ki, burada ixrac əməliyyatları zamanı əldə olunmuş vəsaitin 180 gün ərzində ölkəyə gətirilməsi, fiziki və hüquqi şəxslər üzrə ölkəyə qaytarılmayan valyuta vəsaitləri ilə bağlı məsələlər öz əksini tapır: "2024-cü ilin geridə qalan aylarının rəsmi statisikası göstərir ki, Azərbaycan ixracının həcminin azalmasına baxmayaraq pul köçürmələrində artım müşahidə olunmaqdadır. Bu ilin ilk 7 ayında ölkəmizin ticarət dövriyyəsinin 26 milyard 239 milyon dollar olub. Onun 15 milyard 446 milyon dolları ixracın, 10 milyard 793 milyon dolları isə idxalın payına düşüb. 2023-cü ilin yanvar-iyul ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 3,3 faiz, real ifadədə 5,0 faiz, o cümlədən idxal 3,0 faiz, ixrac isə 6,1 faiz azalıb. Göründüyü kimi, enerji məhsullarının qiymətinin azalması ümumi ixracatımızın həcminə də təsirsiz ötüşməyb. Bütün bunlar ilə yanaşı, bu ilin ilk yarısında (hələlik 7 aylıq göstəricilər elan edilməyib) Azərbaycandan xaricə 343 milyon dollar pul köçürülüb. Xaricdən ölkəmizə köçürülən vəsaitlərin həcmi 36.4 faiz azlasa da Azərbaycandan xaricə köçürmələr 34,7% artıb. Rəsmi statistika da təsdiq edir ki, Azərbaycandan xaricə pul köçürmələri və eləcə də ixracın dəyərinin ölkəyə tam qaytarılması üzrə nəzarətin daha da gücləndirilməsi aktuallaşıb. Daha çox valyutanın ölkədə qalması əsas isə hər zaman hədəflərdəndir".
Millət vəkili əlavə edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin göstərişinə uyğun olaraq gələn ildən minimum əməkhaqqı yenidən artırılacaq və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi təklifləri gələn ayın 1-dək təqdim edəcəyi gözlənilir: "Bizə ünvanlanan sualların bir qismi isə özəl sektorda maaş artımlarının olub-olmaması ilə bağlıdır.
Minimum əmək haqqındakı artım mülkiyyət növündən asılı olmayaraq bütün sektorlarda minimum maaş alan işçilərin hammısını əhatə edir. Deməli, gözlənilən artımlar həmçinin özəl sektora da şamil olunur. Yəni, heç bir sektorda minimum əmək haqqı məbləğindan aşağı maaş ödənilə bilməz. Sadəcə, artımlar özəl sektorda hazırda minimum maaşalanlara şamil olunacaq. Məsələn, əgər vətəndaş özəl sektorda çalışıb 345 manat maaş alarısa minimum əmək haqqındakı artım ona şamil olunacaq. Minimum əmək haqqında nə qədər artım olacaqsa onun maaşı ən azı o qədər artmalıdır. Bununla yanaşı, əgər özəl sektorda çalışan şəxsin maaşı minimum əmək haqqının yeni artımından sonra yaranan məbləğdən də çoxdursa bu halda artıq orada dəyişiklik sahibkarın qərarından asılıdır. Məsələn, əgər özəl sektorda çalışan vətəndaş 800 manat maaş alırsa minimum əmək haqqındakı artımdan sonra onun gəlirinin artırılması birbaşa sahibkardan asılı olacaq. Minimum əmək haqqı dəyişikliyi özəl sektorda yalnız minimum səviyyədə maaş alanlar üçün icbaridir. Daha yüksək maaş alanların əmək haqqları həmin sahibkarlıq subyektinin öz qərarından asılıdır. Bununla belə, minimum əmək haqqındakı gözlənilən artım, inflyasiya səviyyəsini də nəzərə alaraq özəl sektorda da daha yüksək maaş artımlarına gedilməsi tövsiyyə olunandır".
Onun bildirdiyinə görə, "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Qanuna təklif edilən dəyişikliklərə əsasən bu kateqoriya vətəndaşlarımıza ilk dəfə işə düzələn zaman 6 min manat birdəfəlik müavinət veriləcək: "Mövcud qanunvericiliyə əsasən, sözügedən kateqoriyadan olan uşaqlar, habelə onların arasından olan şəxslər ilk dəfə işə düzələn zaman orta aylıq əmək haqqının beş mislindən az olmayan miqdarda birdəfəlik müavinətlə (5017,5 manat), habelə paltar, ayaqqabı, yumşaq ləvazimat, avadanlıq və ya öz arzularına əsasən onların əvəzinə verilən pul kompensasiyası ilə (265 manat) təmin olunurlar. Daha səmərəli sosial təminat məqsədi ilə pul kompensasiyasının da sözügedən müavinətin tərkibinə daxil edilməklə məbləğin 6 min manat müəyyən edilməsi təklif edilib. Bu hüquq valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş şəxslər, habelə onların arasından olanlardır. Onlar ilk dəfə işə düzəldikdə artıq bu müavinətin alınması üçün müraciət etmək hüququna malik olurlar.
Bu müavinəti almaq hüququ olan vətəndaşlarımız yaşayış yeri üzrə Dövlət Sosial Müdafiə Fondunun struktur bölməsinə, "DOST" mərkəzinə və ya "Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə" müraciət edə bilər. Bu zaman aşağıdakı sənədlər tələb olunur: şəxsiyyət vəsiqəsi və doğum haqqında şəhadətnaməsinin surəti; əmək kitabçasının surəti; valideynlərin ölüm haqqında şəhadətnaməsi və yaxud bu barədə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələrinin arayışı. Deməli, bu vətəndaşlarımız işə düzələndən sonra müvafiq sənədlər ilə müraciət edib həmin müvainəti ala bilərlər. Bütün bunlar ilə yanaşı bir sıra müavinətlərlə bağlı məlumatlılığın nisbətən az olduğunu nəzərə alsaq, belə ödənişlərin proaktiv təyin olunması vacibdir. Yəni, hər hansı sənəd tələb olunmadan elektron müavinətin hesablanması və təyinatı daha məqsədəuyğundur".
Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31