Gömrük işçilərinə birdəfəlik kompensasiyanın ödənilməsi təsdiqlənib

Yeni qulluq yerinə köçən gömrük orqanlarının vəzifəli şəxslərinə birdəfəlik kompensasiya ödəniləcək. Olaylar xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında III oxunuşda müzakirə edilən "Gömrük orqanlarında xidmət haqqında Əsasnamə"yə dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, gömrük orqanlarının vəzifəli şəxslərinin və onların ailəsinin yeni qulluq yerinə köçməsi, habelə əmlakının daşınması xərcləri və birdəfəlik kompensasiya müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada Azərbaycanın gömrük işini aparan icra hakimiyyəti orqanının hesabına köçürülən Gömrük Məcəlləsinin 334.1-ci maddəsində nəzərdə tutulmuş vəsaitlərdən (Gömrük orqanları tərəfindən gömrük işi sahəsində aşkar edilmiş cinayətlər və gömrük qaydaları əleyhinə inzibati xətalar haqqında işlər üzrə məhkəmələrin qərarları əsasında dövlət mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin satışından əldə edilən vəsait, cərimələr və bu Məcəllənin 224.1.5-ci (gömrük yığımları) və 224.1.6-cı maddələrində (haqq) nəzərdə tutulan gömrük ödənişləri) ödəniləcək. Gömrük orqanlarında qulluq yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan gömrük orqanlarının vəzifəli şəxslərinə və onların ailə üzvlərinə yaşayış məntəqəsindən asılı olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və məbləğdə mənzil kirayəsi üçün pul kompensasiyası ödəniləcək.

Qanun layihəsi gömrük orqanlarında xidmətin keyfiyyətinin yüksəldilməsi, gömrük orqanlarının əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi, gömrük orqanı əməkdaşlarının yeni qulluq yerinə köçməsinin və bununla bağlı ona kompensasiyanın, eləcə də qulluq keçmə yerində yaşayış yeri olmayan əməkdaşların mənzil kirayəsi üçün pul kompensasiyasının verilməsi məsələlərini tənzimləyir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31