Türkiyə terror təhlükəsini sərhədlərindən uzaqlaşdırmaq üçün real imkan əldə edib
Vüqar Zifəroğlu: “Hazırda bölgədə yaranmış vəziyyət Türkiyədən məhz qətiyyətlə davranaraq problemi həll etməyi tələb edir”
13 Avqust 2015 14:10 DünyaBu günlərdə qardaş Türkiyə Cümhuriyyəti ciddi sınaqla qarşı-qarşıyadır. İŞİD və PKK-ya qarşı həyata keçirilən antiterror əməliyyatı nə qədər uğurlu olsa da, bunun Türk xalqı üçün də bir o qədər acıları hiss edilməkdədir. Artıq terraktlar İstanbula da gəlib çatıb. Bəs görəsən bu tendensiya Türkiyəni terrora qarşı mübarizədən geri çəkilməyə vadar edə bilərmi? Bu və ya digər suallarla bağlı "Oğuz" Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Vüqar Zifəroğlu ilə söhbətləşdik.
-Vüqar bəy, Türkiyədə terraktlar artıq İstanbula da gəlib çatıb. Bu terraktların əhatə dairəsi genişləndiyindən və Türkiyənin ciddi bir problemlə üz-üzə qaldığından xəbər vermirmi?
-Terraktların əhatə dairəsinin genişlənməsi, terrora qarşı ciddi əməliyyatlara start verən Türkiyəni geri çəkilməyə vadar etmək məqsədi daşıyır. Türkiyə son 40 ildə daim terror təhlükəsi ilə üz-üzə qalıb. Fikrimcə Türkiyə hazırda bu təhlükəni sərhədlərindən uzaqlaşdırmaq üçün real imkan əldə edib. Məhz bu real imkana görədir ki, daxildə terrorun miqyası artır, xaricdən isə ayrı-ayrı dövlətlər rəsmi Ankaraya qarşı təzyiqlərini gücləndirirlər. Bildiyiniz kimi, daxilində hər zaman sabitsizlik və narazılıq olan bir ölkəni nələrəsə vadar etmək daha asandır. Indi isə bəzi güclər artıq bu imkani itirməkdədir. Bunu itirməmək üçün isə onlar hər yola baş vuracaqlar. Bölücü kürd və qondarma erməni soyqırımı problemləri hər zaman qardaş ölkə üçün bir təzyiq aləti kimi istifadə edilib.
-Sizcə, silsilə terraktlar Türkiyəni başladığı mübarizədən geri döndərə biləcəkmi?
-Hesab edirəm ki, döndərməməlidir. Hazırda bölgədə yaranmış vəziyyət Türkiyədən məhz qətiyyətlə davranaraq problemi həll etməyi tələb edir. Yuxarıda da qeyd etdiyim kimi təzyiqlər olacaq. Amma gələcəyi naminə Türkiyə bu təzyiqlərə sinə gərməyi bacarmalıdır. Bu gün Qərb Yaxin Sərqdə baş verən hadisələrə öz maraqları çərçivəsindən baxır. İŞİD və PKK terror təşkilatları olsalar da, onlara münasibət fərqlidir. Biri bölgədə Qərbin maraqlarına ciddi təhlükə, ikincisi isə müttəfiqdir. Təbii ki, bu cür yanaşma sərgiləməyi Qərbin bölgədəki maraqları tələb edir. Lakin Türkiyənin də öz maraqları var. Və bu maraqlar hər iki təşkilatdan gələn terror təhlükəsini sərhədlərdən uzaqlaşdırmağı tələb edir. Bu səbəbdən də Qərbin İŞİD-ə qarşı koalisiyada aktiv iştirakı tələb edildiyi halda, Türkiyənin bölgədəki bölücü qruplaşmaları da hədəf alması təbiidir.
-Bəs Qərbin antiterror əməliyyatlarına sözün həqiqi mənasında dəstək verməməsini necə dəyərləndirərdiniz?
-Bir daha təkrar edirəm: Yaxın Şərqdə baş verən proseslərdə səmimi dəstəkdən deyil, maraqların uzlaşma çərçivəsində əməkdaşlıqdan söhbət gedə bilər. Hər dövlətin, hər gücün öz marağı var. Məsələn, bölücü kürd qruplaşmalar Qərb üçün İraqın və Suriyanın şimalında radikal təkvirci qruplasmalara qarşı mübarizədə muttəfiqdirsə, Türkiyə üçün onlar potensial PKK-çı, yəni terrorçudur. Və ya Iran üçün Hizbullah mücahid hərbi birləşmədirsə, Qərb və ya ərəblər üçün terror təşkilatıdır. Azad Suriya Ordusu Türkiyə və Qərb üçün azadlığı uğrunda döyüşən hərbi-siyasi müxalif qüvvədirsə, Əsəd və Iran üçün terror birləşməsi və qanundan kənar qruplaşmadır. Yəni hər şey yanaşmadan asılıdır. Biz yalnız ümid edə bilərik ki, Qərb həmişə olduğu kimi ikili standartlardan yanaşmayaraq Yaxin Şərqdə problemlərin həllində vahid mövqe sərgiləyəcək və doğrudan da terror probleminin həllində ciddi nailiyyətə şahidlik etməyimiz mümkün olacaq.
Süleyman