Azərbaycan ədliyyəsinin dünəni və bu günü

Prezident İlham Əliyev cənablarının 2003-cü ildə keçirilmiş andiçmə mərasimindəki nitqində söylədiyi bu sözlər yəqin ki, oxucuların yaxşı yadındadır:

Prezident İlham Əliyev cənablarının 2003-cü ildə keçirilmiş andiçmə mərasimindəki nitqində söylədiyi bu sözlər yəqin ki, oxucuların yaxşı yadındadır: "Azərbaycanın torpaqları işğaldan azad olunmalıdır, bir milyon qaçqın və köçkün öz doğma yurdlarına qayıtmalıdır, ölkəmizin ərazi bütövlüyü bərpa olunmalıdır. Azərbaycan heç vaxt bu vəziyyətlə, torpaqlarının işğal altında qalması ilə barışmayacaqdır. Hamı bilməlidir ki, sülh tərəfdarı olsaq da, müharibənin yenidən başlanmamasını və bu məsələnin sülh yolu ilə həllini istəməyimizə baxmayaraq, bizim səbrimiz də tükənməz deyildir. Azərbaycan öz torpaqlarını nəyin bahasını olursa-olsun, azad edəcəkdir".

17 il əvvəl deyilmiş bu sözlər bu gün həqiqətə çevrilmişdir. Sentyabrın 27-də Ali Baş Komandanımızın rəhbərliyi ilə şanlı ordumuzun başladığı və cəmi 44 gün çəkən zəfər yürüşü Azərbaycanın parlaq qələbəsi ilə başa çatdı. Dövlət başçımız növbəti dəfə bir daha sübut etdi ki, müasir, müstəqil Azərbaycan dövlətinin banisi ulu öndər Heydər Əliyev güclü dövlət yaratmaqla yanaşı, özündən sonra çoxşaxəli islahatların varisliyini uğurla təmin edə biləcək peşəkar bir lider də yetişdirmişdir.

Qəlbi vətən eşqi ilə döyünən hər bir azərbaycanlı kimi noyabrın 22-də öz peşə bayramlarını qeyd etməyə hazırlaşan biz - ədliyyə işçiləri də böyük sevinc içərisindəyik. 2000-ci ildə ümummilli liderimiz Heydər Əliyevin sərəncamı ilə 22 noyabr tarixi ədliyyə işçilərinin peşə bayramı kimi qeyd olunmağa başladığı gündən indiyə kimi ötən dövr ərzində Azərbaycan ədliyyəsi, onun keçdiyi mürəkkəb yol, inkişaf mərhələləri və nəhayət respublikamızın müasir həyatında mühüm rol oynayan hüquq sisteminin yaradılmasında aparıcı sahələrdən birinə çevrilən ədliyyə sistemi haqda yazılar çox yazılsa da, müxtəlif materiallar hazırlansa da, ədliyyə işçilərinin peşə bayramı ərəfəsində ölkəmizdə belə coşqu, xalqımızda belə yüksək əhval-ruhiyyə əvvəllər olmamışdı. Çünki şanlı Azərbaycan ordusunun 2 aya yaxın davam edən əks-hücum əməliyyatları nəticəsində düşmən işğalından çox sayda şəhər, qəsəbə və kəndlərimizin azad edilməsindən doğan sevinc, qürur hisslərinə Ali Baş Komandan İlham Əliyevin noyabr ayının 8-də Azərbaycanın milli qüruru, milli mənliyi, mədəniyyət, incəsənət məbədimiz olan Şuşa şəhərinin erməni işğalçılarından azad edilməsi xəbərini bütün xalqımıza, dünya azərbaycanlılarına gözəl bir müjdə kimi çatdırması bütün xalqımız kimi biz ədliyyə işçilərinin də böyük sevincinə, ruh yüksəkliyinə səbəb oldu.

Ulu Öndərin "tariximizin hər səhifəsi bizim üçün əzizdir" fikrinə sadiq qalaraq Azərbaycan ədliyyəsinin tarixindən və zəngin inkişaf yolundan bəhs etmək olduqca fərəhlidir. Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə ədliyyə tarixmizin yeni, şərəfli səhifəsi açılmışdır. Milli dövlət quruculuğunda ədliyyə fəaliyyətinə böyük önəm verilərək nazirlik Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığı gün - 1918-ci ilin may ayının 28-də təsis edilmişdir. Təcrübəli dövlət xadimi Xəlil bəy Xasməmmədov ilk ədliyyə naziri təyin olunmuş və həmin ilin noyabr ayının 22-də - bu gün peşə bayramı kimi qeyd etdiyimiz gündə nazirliyin Əsasnaməsi təsdiq edilmişdir. Bu dövrdə Çar Rusiyasından miras qalmış ədliyyə sistemi iflic vəziyyətində olduğundan nazirlik öz işinə ilk növbədə ədliyyə, məhkəmə və istintaq strukturlarının bərpası ilə başlamışdır. Kadrların hazırlanması məqsədilə hüquq kursları təsis edilmiş, qısa müddət ərzində Azərbaycan məhkəmə palatası yaradılmış, Bakı dairə məhkəməsinin və onun tərkibində prokurorluğın fəaliyyəti bərpa olunmuşdur. Dövlət dilimizin geniş tətbiqinin təmin olunması məqsədilə Azərbaycan dilini bilən şəxslərin işə cəlb edilməsi üzrə tədbirlər görülmüşdür. Ədliyyə Nazirliyi tərəfindən həmin dövr üçün ən mütərəqqi hesab edilən mühüm qanun layihələri, o cümlədən məhkəmə və istintaq fəaliyyəti, rüşvətxorluğa görə cəzaların gücləndirilməsi, amnistiyanın elan edilməsi, vətəndaşlıq barədə, habelə ictimai və dövlət əhəmiyyətli digər layihələr hazırlanaraq parlamentin müzakirəsinə çıxarılmışdır. Həbsxana işinin demokratik norma və prinsiplərə uyğun qurulması məqsədilə 1919-cu ildə penitensiar xidmət Daxili İşlər Nazirliyinin tabeliyindən çıxarılaraq Ədliyyə Nazirliyinə verilmişdir. Vəziyyətin mürəkkəbliyinə, ixtisaslı kadrların məhdudluğuna baxmayaraq ədliyyə işçiləri məhkəmə və hüquq sisteminin inkişafı naminə ölkənin süqutuna qədər şərəflə çalışmışlar. 1920-ci ilin aprel ayında Azərbaycan işğal edildikdən sonra milli dövlətçiliyin əsas sütunlarından olan Ədliyyə Nazirliyi də ləğv edilmişdir. Ədliyyə sistemində sovetlər birliyinin mahiyyətinə xas olan dəyişikliklər aparılaraq Xalq Ədliyyə Komissarlığı yaradılmış, ədliyyə və məhkəmə orqanlarından repressiya aləti kimi istifadə olunmuş, nazirlik 2 dəfə ləğv edilərək uzun illər fəaliyyət göstərməmiş, onun səlahiyyətləri ayrı-ayrı qurumlar arasında bölüşdürülmüşdür. Sabit struktura malik olmaması ədliyyə sisteminin inkişafına ciddi əngəllər törətmişdir.

Ölkəmizdə ədliyyə sisteminin təşəkkülü və ümumiyyətlə Ədliyyə Nazirliyinin əsaslı surətdə təsis edilməsi ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, dahi öndər Azərbaycana rəhbərlik etdiyi dövrdə - 1970-ci ildə Ədliyyə Nazirliyi dövlət strukturu kimi bərpa olunmuş, bununla da Azərbaycan ədliyyə tarixində yeni mərhələ başlanmışdır. Ədalət, qanunçuluq və hüquq qaydalarının təminatına hər zaman üstünlük verən Heydər Əliyev "ədaləti ədalətsizliklə bərpa etmək olmaz" - deyərək qanunun aliliyini əsas meyar kimi müəyyənləşdirmiş, cinayətkarlığa, rüşvətxorluğa qarşı SSRİ məkanında ilk dəfə aşkar və cəsarətli çıxış edərək, barışmaz münasibət nümayiş etdirmiş, insanlara hüquqi xidmətlərin yaxşılaşdırılmasını əsas prioritetlərdən biri kimi müəyyən etmişdi. Bu baxımdan, Ədliyyə Nazirliyinin də həmin dövrdə təşəkkülünü təbii hesab etmək olar. Bu illərdə Ədliyyə Nazirliyi sabit fəaliyyət göstərərək məhkəmə orqanlarına təşkilati rəhbərliyi həyata keçirmiş, əhaliyə hüquqi yardımı, notariat fəaliyyəti və məhkəmə ekspertizasının aparılmasını, hüquqi biliklərin təbliğini təmin etmişdir. 1972-ci ildə Ədliyyə Nazirliyinin əsasnaməsi təsdiq edilmiş, ədliyyə işinin gələcək inkişafı üçün zəmin yaranmışdı. Həmin dövrdə nazirlik qanunların sistemləşdirilməsi və məcəllələşdirilməsi, hüquqi biliklərin artırılması, məhkəmələrə təşkilati, eləcə də notariat, məhkəmə ekspertizası, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı və vəkillik fəaliyyətinə rəhbərliyi həyata keçirmək səlahiyyətlərinə malik olmuşdur. 1991-ci ildə xalqımız müstəqilliyini bərpa etsə də, ölkəmiz naşı siyasətçilərin vəzifə çəkişməsi, qeyri-ardıcıl, səriştəsiz siyasət, vətəndaş qarşıdurması, erməni təcavüzü nəticəsində müstəqilliyinin yenidən itirilməsi təhlükəsi ilə üz-üzə qalmışdı. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin qeyd etdiyi kimi, "Əfsuslar olsun ki, müstəqilliyimizin ilk illərində Heydər Əliyev hakimiyyətdə deyildi. Əgər olsaydı, biz böyük itkilərlə üzləşməzdik". Məhz belə ağır bir vəziyyətdə xalqın təkidli çağırışı ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası, müdrik siyasəti, dəmir iradəsi, zəngin bacarığı ilə milli dövlətçiliyimizin itirilməsi təhlükəsi aradan qaldırılmış, demokratik hüquqi dövlət quruculuğuna başlanılmış, dahi öndərin bilavasitə rəhbərliyi ilə ilk milli Konstitusiyamız qəbul olunmuşdur. İslahatların hərtərəfli və kompleks həyata keçirilməsi məqsədilə müxtəlif komissiyalar yaradılmış, hüquqi sahəyə xüsusi önəm verən Ulu Öndər Hüquqi İslahat Komissiyasına rəhbərliyi bilavasitə öz üzərinə götürmüş, qısa müddət ərzində mühüm qanunlar qəbul edilmişdir. Azərbaycan ədliyyəsi yeni inkişaf mərhələsinə qədəm qoymuş, nazirliyin ənənəvi fəaliyyət istiqamətləri, o cümlədən normativ aktların dövlət qeydiyyatı və uçotu, ekspertizası, notariat və qeydiyyat, məhkəmə ekspertizası sahəsində iş yenidən qurulmuşdur.

Cəzaların icrası sisteminin təkmilləşdirilməsi və islah-tərbiyə işinin humanistləşdirilməsi məqsədilə penitensiar müəssisələrin Daxili İşlər Nazirliyindən Ədliyyə Nazirliyinə verilməsi işi başa çatdırılmış, istintaq aparatı, icra xidməti yaradılmış, bələdiyyələrlə işin təşkili və onların fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi və s. ilə bağlı nazirliyə yeni səlahiyyətlər verilmişdir. Ölkəmizdə müasir məhkəmə sisteminin formalaşması da Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Liderin rəhbərliyi ilə yeni üç pilləli məhkəmə sisteminin yaradılması, hakimlərlə ilk dəfə test üsulu ilə keçirilmiş şəffaf müsabiqə əsasında hakim korpusunun 60 faizə qədər təzələnməsi ədalət mühakiməsinin səmərəli həyata keçirilməsinə xidmət etmişdir. Ulu Öndər 2000-ci ildə Vaşinqtonda beynəlxalq konfransda demişdir: "Biz Azərbaycanın məhkəmə sistemini tamamilə yeni səviyyəyə qaldırdıq və demokratik prinsiplər əsasında yaratdıq. Bütün hakimlər test üsulu ilə imtahandan, yarışdan keçdilər və kim qalib gəldi, o da hakim təyin olundu". Dahi Öndərin yüksək dövlətçilik amalları və siyasi kursu 2003-cü ildə keçirilmiş prezident seçkilərində xalqımızın böyük həmrəyliyi ilə dövlət başçısı seçilən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf etdirilərək bütün sahələrdə davamlı tərəqqiyə nail olunmuşdur. "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" qanunun imzalanması, ədliyyənin inkişafına dair Dövlət Proqramının qəbulu xüsusi əhəmiyyət kəsb etmişdir. Ədliyyə sahəsində həyata keçirilən islahatlara uyğun olaraq nazirliyin strukturu təkmilləşdirilmiş, yeni qurumlar - Ədliyyə Akademiyası, regional ədliyyə idarələri, müxtəlif reyestrlər, probasiya xidməti yaradılmışdır.

Ədliyyəsahəsində dövlət siyasətini və idarəetməni həyata keçirən Ədliyyə Nazirliyi qanunların təkmilləşdirilməsində iştirak edir, normativ hüquqi aktların layihələrini hazırlayır, onların, habelə əhalinin və mətbu nəşrlərin, sahibkarlıq sahəsində aparılan yoxlamaların və qüvvədən düşmüş sənədlərin reyestrlərini, vətəndaşlıq vəziyyəti aktlarının, qeyri-hökumət təşkilatlarının dövlət qeydiyyatını aparır, penitensiar sistemə rəhbərlik edir, ədalət mühakiməsi əleyhinə və bir sıra digər cinayətlər üzrə ibtidai istintaqın aparılmasını, notariat fəaliyyətini, məhkəmə ekspertizalarının keçirilməsini, məhkəmələrin fəaliyyətinin təşkilati təminatını, məhkəmələrin və digər orqanların qərarlarının icrasını və probasiya nəzarətini təmin edir. Həmçinin nazirlik bələdiyyələrə metodoloji yardım göstərir və inzibati nəzarət edir, Ədliyyə Akademiyasında ədliyyə və məhkəmə işçiləri, vəkillər, bələdiyyə üzvü və qulluqçularının və digər hüquqşünasların ixtisasartırmasını, habelə peşə fəaliyyətinə buraxılışı, ölkəmizin adından hüquqi yardım və əməkdaşlıq haqqında müqavilələrin bağlanmasını və onların icrasını, beynəlxalq sahədə hüquqi yardım göstərilməsini təmin edir və digər funksiyaları həyata keçirir. Təsadüfi deyil ki, ölkə başçısının təşəbbüsü ilə yaradılmış və artıq bütün dünyada Azərbaycan brendi kimi məşhurlaşmış ASAN xidmət mərkəzlərində fəaliyyət göstərən notariat və qeydiyyat orqanları tərəfindən 5 milyona yaxın əməliyyat aparılmış və verilən sənədlərin 40%-dən çoxu məhz ədliyyə qurumlarının payına düşmüşdür. Həmçinin nazirlikdə 2000-ci ildən fəaliyyət göstərən İstintaq idarəsinin səlahiyyətləri xeyli genişləndirilmiş, penitensiar müəssisələrdə qadağan olunmuş əşyaların qanunsuz dövriyyəsi, alimentin ödənilməsindən yayınma ilə bağlı cinayətlərin istintaqı nazirliyə həvalə olunmuşdur. Ölkədə bütün növ (qeyri-tibb) məhkəmə ekspertizalarını aparan və ədalət mühakiməsinin səmərəli həyata keçirilməsinə töhfələr verən nazirliyin Məhkəmə ekspertizası mərkəzinə məhkəmə və istintaq orqanlarından hər il daxil olan 30-35 min sənədə baxılır, 40-dan çox ixtisas üzrə 800 minədək suala cavab verilir. Ötən dövrdə penitensiar sistemdə köklü islahatlar aparılmış, qanunvericilik təkmilləşdirilmiş, məhbusların hüquq və imtiyazları genişlənmiş, infrastruktur yaxşılaşdırılmış, o cümlədən Naxçıvanda, Şəkidə, Bakı şəhəri Zabrat qəsəbəsində yeni müasir komplekslər istifadəyə verilmişdir. Saxlanılma şəraitinin və tibb xidmətinin yaxşılaşdırılması nəticəsində 2003-cü illə müqayisədə penitensiar müəssisələrdə ölüm hadisələrinin sayı 40%, vərəmdən ölənlərin sayı isə 16 dəfə azalmışdır. Beynəlxalq Qırmızı Xaç Komitəsi və Ümumdünya Səhiyyə Təşkilatı bu sahədə Azərbaycanın nailiyyətlərinin yayılmasını tövsiyə etmiş, Nazirliyin Vərəm üzrə Təlim Mərkəzinə Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən beynəlxalq status verilmiş, 20 dövlətdən 230-dək nümayəndə Bakıya səfərlər edərək müsbət təcrübəmizdən bəhrələnmiş, bəzi ölkələrdə bizim təcrübəyə uyğun modellərin tətbiqinə başlanılmışdır. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi və cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı dövlət başçısının 10.02.2017-ci il tarixli Sərəncamı bu sahədə ədliyyə və məhkəmə sistemi üçün "yol xəritəsi" olmuşdur. Sərəncama uyğun olaraq Cinayət Məcəlləsində dəyişikliklər edilərək bir sıra əməllər dekriminallaşdırılmış, yeni Qanunun təsiri altına düşən 5.700-ə yaxın məhkumun cəzası yüngülləşdirilmiş, o cümlədən 1.700-dək şəxs azadlıqdan məhrumetmə və digər cəzalardan azad olunmuşdur. Sərəncamın icrası nəticəsində istintaq təcridxanalarına daxil olan həbs olunmuş şəxslərin sayı 25% azalmış, həmçinin məhkəmələr tərəfindən azadlıqdan məhrum etmə cəzasının tətbiqi hallarının sayı enmişdir. Eyni zamanda, həbs qətimkan tədbirinə dair prokurorlar tərəfindən məhkəmələrə verilmiş təqdimatların sayı təxminən 22%, həbsdə saxlama müddətinin uzadılması barədə müraciətlərin sayı isə 37% azalmışdır. Sərəncama uyğun olaraq, həmçinin alternativ cəzaların icrasına effektiv nəzarətin təşkili məqsədilə Nazirlikdə yeni Probasiya xidməti yaradılmış, cinayət qanunvericiliyinə dəyişikliklər edilərək yeni cəza növü - azadlığın məhdudlaşdırılması cəzası müəyyən olunmuşdur. Həmin cəzaların icrasında elektron nəzarət vasitələrinin tətbiqi təmin olunmuş, bu sahədə bir sıra dövlətlərin təcrübəsi öyrənilmiş, xarici və yerli şirkətlərin nəzarət qurğuları sınaqdan keçirilmiş və yerli istehsalçıya üstünlük verilmişdir. Probasiya xidmətində müasir avadanlıqlarla təchiz olunmuş, məhkumları fasiləsiz izləməyə və operativ əlaqə qurmağa imkan verən Elektron monitorinq mərkəzi yaradılmış, mərkəzin imkanları və "elektron qolbağ"ın funksiyaları barədə geniş ictimai təqdimatlar keçirilmişdir.Bu elektron nəzarət vasitələri artıq 500 şəxsə tətbiq olunmaqla səmərəli probasiya nəzarəti həyata keçirilir. Eyni zamanda ədliyyə orqanlarının sağlam mənəviyyata, yüksək hazırlığa və peşəkarlığa malik işçilərlə möhkəmləndirmək üzrə məqsədyönlü tədbirlər görülür, açıq müsabiqələr əsasında test üsulu ilə şəffaf seçim aparılır. Ədliyyə xidmətlərin səviyyəsinin yüksəldilərək müasir tələblərə uyğun qurulması və vətəndaş məmnunluğunun təmin olunması məqsədilə yeni iş metodları, elm və texnikanın müasir nailiyyətləri tətbiq edilir. Eyni zamanda nazirlik tərəfindən fiziki və hüquqi şəxslərə 31 növ elektron xidmət göstərilir, bu xidmətlərdən istifadələrin sayı 11 milyonu ötmüşdür. Beynəlxalq təcrübədə yalnız bir neçə inkişaf etmiş dövlətlərdə rast gəlinən bu informasiya sistemlərinin tətbiqi nəticəsində ədliyyə orqanlarının fəaliyyətində şəffaflıq, insanların müraciət etmə, o cümlədən elektron yazışma imkanları genişləndirilmiş, vətəndaş-məmur təmasları azaldılmışdır.

Ədliyyə sahəsində islahatların davam etdirilməsi daim diqqət mərkəzində saxlanılaraq fəaliyyətin daha da təkmilləşdirilməsi məqsədilə Azərbaycan ədliyyəsinin inkişafına dair yeni Dövlət Proqramı hazırlanmışdır. Məhkəmə sisteminin fəaliyyətinin müasirləşdirilməsi xüsusi əhəmiyyət verilmiş, bu sahədə mütərəqqi qanunvericilik bazası yaradılmış, məhkəmə hakimiyyətinin müstəqil özünüidarə orqanı - Məhkəmə Hüquq Şurası təsis edilmişdir. Məhkəmə hakimiyyətinin möhkəmləndirilməsi məqsədilə qanunvericiliyə 50-dək dəyişiklik edilmiş, Şuranın səlahiyyətləri ilbəil genişləndirilmiş, o cümlədən hakimlərin müstəqilliyinin təmini və fəaliyyətinə kənar müdaxilələrin qarşısının alınması həvalə edilmiş, hakimlərin təyinatında, səlahiyyətinə xitam verilməsində Şuranın rolu artırılmışdır. Azərbaycanda hakimlərin maaşının məbləği qanunla konkret müəyyən edilməklə yanaşı, onun azaldılması qadağan olunmuşdur. Məhkəmə sisteminin müasirləşdirilməsi üzrə həyata keçirilən islahatlar çərçivəsində "Elektron məhkəmə" informasiya sisteminin yaradılması haqqında dövlət başçısının Sərəncamı bu sahədə strateji prioritetləri müəyyən etməklə inqilabi təkamülün əsasını qoymuşdur. Bu sistem məhkəməyə müraciət imkanlarının daha da genişlənməsinə, süründürməçilik və sui-istifadə hallarının qarşısının alınmasına, şəffaflıq və operativliyin təmin edilməsinə, elektron kargüzarlığın və sənəd dövriyyəsinin təmin olunmasına xidmət edir. Artıq bu sistemin ayrı-ayrı komponentləri - elektron sənəd dövriyyəsi, işlərin elektron qaydada bölgüsü, elektron idarəetmə və elektron məlumatlandırma proqramları, proseslərin elektron qeydiyyatı tətbiq olunur. Təsadüfi deyil ki, 2017-ci ildə Azərbaycan Avropa Şurasının ədalət mühakiməsinə dair müsabiqəsində "Məhkəmənin Nəbzi: İdarəetmədə İnqilab" adlı layihə ilə iştirak etmiş və ölkəmiz məhkəmə sistemindəki nailiyyətlərinə görə "Ədliyyənin Kristal Tərəzisi" mükafatına layiq bilinmişdir. Yeni nəsil hakim korpusunun formalaşdırılması məqsədilə mütərəqqi Qaydalar hazırlanmış, müstəqil qurum - Hakimlərin Seçki Komitəsi yaradılmışdır. Çoxmərhələləi imtahanlarda şəffaflıq və obyektivlik, o cümlədən bütün prosesin - sualların seçilməsi, çoxaldılaraq paylanması, nəticələrin yoxlanması və elan edilməsi, çoxsaylı yerli və beynəlxalq müşahidəçilərin, KİV nümayəndələrinin qarşısında keçirilməsi və onlayn rejimdə canlı yayımlanması, nüfuzlu beynəlxalq təsisatların da diqqətini cəlb etmişdir. Bu prosesi bilavasitə izləyən Avropa Şurası Ədalət mühakiməsinin səmərəliliyi üzrə Komissiyası (CEPEJ), habelə Avropa İttifaqı Azərbaycanda hakimliyə namizədlərin seçimini örnək kimi qiymətləndirmiş və digər dövlətlərə tövsiyə etmişdir. Sözsüz ki, ədliyyə sisteminin inkişafı ölkəmizdə aparılan genişmiqyaslı islahatların və respublikamızın hərtərəfli tərəqqisinin məntiqi davamıdır.

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə insan haqlarının, o cümlədən məhbusların hüquqlarının təmin olunmasına xüsusi diqqət yetirilir, qanunvericilik təkmilləşdirilir, cəza-icra siyasəti humanistləşdirilir, islahatlar aparılır və geniş ictimai iştirakçılıq tətbiq olunur. Qlobal COVİD-19 infeksiyasına qarşı dövlətimizin başçısının və respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ölkəmizdə görülən qəti tədbirlər çərçivəsində Ədliyyə Nazirliyi tərəfindən zəruri preventiv addımlar atılır, penitensiar və tibb xidmətləri fəaliyyətlərini gücləndirilmiş iş rejimində davam etdirərək, məhkumların və təqsirləndirilən şəxslərin həyat və sağlamlıqlarının qorunmasına ciddi nəzarətdə saxlanılmaqla, onların gündəlik termometriyası həyata keçirilir.

Ədliyyə Nazirliyinin nazirliyin Tibb baş idarəsi fəaliyyətini Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə uyğun quraraq, Səhiyyə Nazirliyi və TƏBİB ilə sıx əlaqədə penitensiar müəssisələrdə saxlanılan şəxslərin test nümunələri götürülərək laborator analizlərin aparılması təşkil olunub. Virus testlərinin nəticələri pozitiv çıxan tək-tək məhkumlar dərhal təcrid olunaraq ixtisaslaşdırılmış müalicə müəssisəsində xüsusi yaradılmış şöbəyə yerləşdirilir və intensiv müalicə tədbirləri aparılaraq tam

sağaldıqdan sonra karantindən çıxarılırlar. Qeyd olunmalıdır ki, bütün penitensiar müəssisələrdə epidemioloji cəhətdən gərgin mühit yoxdur, nəzarət tədbirləri fasiləsiz davam etdirilir. Bu sahədə vəziyyət, həmçinin nazirliyin vətəndaş cəmiyyəti nümayəndələrindən ibarət yaradılmış monitorinq qrupu tərəfindən mütəmadi öyrənilir. Ötən müddətdə penitensiar müəssisələrdə 65 monitorinq aparılaraq məhbusların saxlanma şəraiti, ərzaq, qida, tibbi və dərman təminatı ilə tanış olunub, qida rasionunun qanunvericiliklə müəyyən edilmiş normalara uyğunluğu yoxlanılıb, sanitar-gigiyenik vəziyyətə, dezinfeksiya işlərinin aparılmasına xüsusi diqqət yetirilib. Pandemiya ilə əlaqədar müvəqqəti dayandırılmış məhkumlara sovqat və banderolların ötürülməsi ölkə ərazisində karantin rejiminin yumşaldılması çərçivəsində bərpa olunub. Həmçinin respublikada infeksiyanın yayılmasının getdikcə azalması nəticəsində karantin qaydalarının növbəti dəfə yumşaldılması nəzərə alınaraq sanitar-epidemioloji tələblərə ciddi riayət olunmaqla məhkumlara qısa müddətli görüşlərin verilməsi qərara alınıb. Bununla əlaqədar penitensiar müəssisələrdə mövcud olan qısamüddətli görüş otaqları həmin tələblərə uyğun yenidən qurulub və danışıq qurğuları ilə təchiz edilmiş şüşə arakəsmələr və kabinələr təşkil olunub. Artıq müəssisələrin çoxunda yaradılmış bu şəraitə uyğun məhkum və həbs olunmuş şəxslərə qısamüddətli görüşlərin verilməsinə başlanılıb. Bununla yanaşı, ailələri ilə əlaqə saxlanılması məqsədilə məhbusların telefon danışıqları imkanları genişləndirilir.

Eyni zamanda, məhkumların cəmiyyətə yenidən inteqrasiyasında mühüm rol oynayan cəzadan vaxtından əvvəl şərti azad etmənin son aylarda tətbiqi daha da intensivləşib, bu sahədə şəffaflığın və obyektivliyin təmin olunması məqsədilə nazirliyin vətəndaş cəmiyyətinin nümayəndələrinin təmsil olunduğu Komissiyası tərəfindən videokonfrans vasitəsilə virtual qaydada mütəmadi iclaslar keçirərək məhkumlarla söhbətlər aparılıb, şəxsi işləri öyrənilib və qanunvericiliyin tələblərinə cavab verən məhkumlar barədə materiallar məhkəmələrə təqdim olunur.

Dövlətimizin başçısının qanunvericilik təşəbbüsü əsasında Cinayət Prosessual Məcəlləsində edilmiş dəyişikliklərlə artıq cinayət işlərində videokonfransın keçirilməsi bu humanist institutun daha asan, çevik və məhkumların təhlükəsizliyi təmin olunmaqla tətbiqinə əlverişli imkan yaradıb. Yeni Qanunun qüvvəyə minməsi ilə əlaqədar nazirlik tərəfindən dərhal zəruri tədbirlər görülərək cinayət işləri üzrə məhkəmə proseslərinin videokonfrans formatında onlayn qaydada keçirilməsinə başlanılıb. Artıq bu günədək məhkəmələr tərəfindən videokonfrans vasitəsilə 400-ə yaxın, o cümlədən nazirliyin Komissiyasının rəyləri nəzərə alınmaqla cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilmə ilə bağlı göndərdiyi təqdimatlara, habelə cəza siyasətinin humanistləşdirilməsi məqsədilə qəbul edilərək icrasına başlanılmış qanunvericiliyin tətbiqinə dair işlərə baxılır.

Bu humanist institutların davamlı tətbiqi və bu məsələdə müasir informasiya texnologiyalarının istifadəsi nəticəsində cari ildə 1727 nəfər vaxtından əvvəl azadlığa buraxılıb və ya yüngül rejimli müəssisəyə keçirilib ki, onların da 80 faizə yaxını, yəni, 1333 nəfəri indiki pandemiya şəraitinə təsadüf edir. Eyni zamanda, 493 həbs edilmiş şəxs, o cümlədən pandemiya dövründə 408 nəfər ev dustaqlığı və digər alternativ qətimkan tədbirlərinin tətbiqi nəticəsində həbsdən azad ediliblər. Bununla yanaşı, cinayət qanunvericiliyinə edilmiş dəyişikliklərlə bəzi əməllərin dekriminallaşdırılması ilə əlaqədar Penitensiar və Probasiya xidmətləri üzrə 1000-dək məhkumun işləri öyrənilib və yeni Qanunun təsiri altına düşən məhkumlarla bağlı məhkəmələrə göndərilmiş təqdimatlara baxılıb. Artıq 100 məhkum cəzadan tamamilə azad edilib, 211 nəfərin cəza müddəti azaldılıb və ya yüngül cəza növü ilə əvəzlənib, 63 nəfərin əməli yeni maddələrə tövsif olunmuşdur.

Fəaliyyətində hər zaman şəffaflığa, ictimaiyyətlə əlaqələrə xüsusi önəm verən Ədliyyə Nazirliyi vətəndaşların ədliyyə orqanlarına əlçatanlığının təmin olunması, ədliyyə fəaliyyəti barədə mütəmadi məlumatlandırılması məqsədilə həm vətəndaş cəmiyyəti nümayəndələrinin, həm də kütləvi informasiya vasitələrinin, eləcə də nazirliyin rəsmi saytlarının və sosial şəbəkələrdə səhifələrinin imkanlarından geniş istifadə edilir. Dövlətimizin başçısının tapşırıqlarının icrası istiqamətində xüsusi karantin rejimi dövründə Nazirliyin rəsmi "Facebook" səhifəsində davamlı olaraq ədliyyənin ayrı-ayrı fəaliyyət istiqamətləri üzrə canlı yayımların keçirilməsi də məhz əhalinin hüquqi maarifləndirilməsinə xidmət edir.

Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizdə yeni növ koronavirus (COVİD-19) pandemiyasının geniş yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının qorunması ilə bağlı tövsiyə və tapşırıqları bütün dövlət qurumları kimi, Ədliyyə Nazirliyi tərəfindən də daim diqqət mərkəzində saxlanılır, bu istiqamətdə genişmiqyaslı tədbirlər fasiləsiz həyata keçirilir. Pandemiya dövründə Ədliyyə Nazirliyinin bütün struktur qurumları kimi, Tibb Baş İdarəsi də gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. İdarə fəaliyyətini koronavirusla mübarizəyə səfərbər edib, eyni zamanda, Operativ Qərargahın qərarlarının, eləcə də Ədliyyə Nazirliyi üzrə verilmiş göstəriş, əmr və sərəncamların icrasına yönəldilmişdir. Ölkə ərazisinə daxil olan şəxslərdə yeni növ koronavirus infeksiyası aşkarlandığı andan Ədliyyə Nazirliyi tərəfindən genişmiqyaslı tədbirlər həyata keçirilir. Bu tədbirlər çərçivəsində bütün tabe qurumlarda profilaktik işlər aparılır. Demək olar ki, bütün müəssisələr üzrə sanitar nəzarət postları qurulmuşdur. Bu postlar fərdi mühafizə vasitələri, termometrlər, dezinfeksiyaedici avadanlıq və digər vasitələrlə təchiz edilmişdir. Hər bir qurumda infeksiyaya nəzarət üçün lazımi şərait yaradılmışdır və işlər bu gün də davam etdirilir. Penitensiar müəssislərə daxil olan bütün nəqliyyat vasitələrinin, ərazinin dezinfeksiyası həyata keçirilir. Eyni zamanda, əməkdaşlar, məhkumlar arasında tibbi maska gəzdirməyin, müəyyən edilmiş məsafənin saxlanılmasının əhəmiyyəti, əllərin yuyulması və digər təlimatlar üzrə bütün göstərişlər onların çatdırılır. Xüsusi vurğulanıb ki, bu istiqamətdə işin ən yüksək səviyyədə təşkilini daim ciddi nəzarətdə saxlayan Ədliyyə Nazirliyinin rəhbərliyi tərəfindən maarifləndirmə işinin önəmi diqqətə alınmaqla, hələ ilk vaxtlardan etibarən əməkdaşların bu infeksiya ilə mübarizə istiqamətində məlumatlandırılması, onlara lazımi biliklərin aşılanması ilə bağlı tabe qurumlara müvafiq göstərişlər verilib. Məhz bu istiqamətdə atılan ilk addımlardan biri kimi, yoluxma faktı aşkarlanacağı təqdirdə həmin şəxslərin dərhal müalicəsinin təmin edilməsi, təmaslara nəzarət olunması, karantin qaydalarına riayət olunmasına diqqət yetirilməsi və digər qabaqlayıcı tədbirləri görmək üçün mütəxəssislər ayrılmış, ixtisaslaşmış müalicə müəssisəsinin nəzdində xüsusi şöbələr müəyyənləşdirilmişdir. Hazırda bu proseslər həyata keçirilir və bütün penitensiar müəssisələrdə epidemioloji cəhətdən gərgin mühit yoxdur, infeksiyaya tam nəzarət olunur. COVİD-19 qlobal pandemiyası şəraitində məhkum və həbs olunmuş şəxslərin sağlamlığının və təhlükəsizliyinin qorunması ilə bağlı görülən tədbirlər onların ailələri və yaxınları tərəfindən minnətdarlıqla qarşılanır. Ədliyyə Nazirliyi tərəfindən məhkumların hüquqlarının qorunması üzrə, o cümlədən indiki pandemiya şəraitində tədbirlər davam etdirilir.

Ədliyyə işçiləri Ulu Öndər Heydər Əliyevin dövlətçilik amallarına daim sadiq qalaraq ölkəmizin qüdrətlənməsi və demokratik hüquqi dövlət quruculuğu işində möhtərəm Prezidentimiz cənab İlham Əliyevə yardımçı olmağı özlərinin vəzifə və vətəndaşlıq borcu sayırlar. Fürsətdən istifadə edib bütün ədliyyə işçilərini 22 noyabr peşə bayramı münasibətilə təbrik edir, çətin və şərəfli işlərində müvəffəqiyyətlər arzulayıram.

Eldar  Həsənov

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi

Penitensiar Xidmətin əməkdaşı

istefada olan ədliyyə polkovnik-leytenantı

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31