Dünya çempionu Mayis İbadov: “Özbəkistanı ikinci Vətən saymağa tam haqqım çatır”

Məlum bir həqiqətdir ki, insan iki şeyi-Vətəni və valideynlərini özü seçmir. Amma başqa bir qeyri seçim amili-qismət də var. İnsan özündən qaça bilmədiyi kimi, qədər-qismətindən, el arasında deyildiyi kimi alın yazısından da qaça bilmir.

Mayis İbadovu çoxdan tanıyıram, tanışlığımdan sonra məndə belə bir qənaət hasil olub ki, bəzən insanın niyyəti və həmin niyyətə doğru yorulmaz mübarizəsi onun ömür yolunu müəyyənləşdirən bir olaydır.

Həm doğulduğu Azərbaycanda, həm də yaşadığı Özbəkistanda adı həmişə yaxşı işlərdə hallanıb, tanınmış güləşçidir, 69 kiloqram çəki dərəcəsində dəfələrlə sərbəst güləş üzrə Özbəkistan çempionu, dünya çempionu olub, dostları onu zarafatla "Çempion", "Dünya çempionu" kimi də çağırır, bu haqda bir az sonra...

Çoxlu dostları var Mayisin, həm Azərbaycanda, həm də Özbəkistanda, onların arasında ictimai-siyasi xadimlər də var, tanınmış idmançılar da...

Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev deyir ki, Mayis sədaqətli dost, gözəl ailə başçısıdır. O dəfələrlə nüfuzlu yarışlarda Azərbaycanın bayrağını yüksəklərə qaldırıb. Mən desəm ki, Mayis Azərbaycanla Özbəkistan arasında bir körpü rolunu oynayır, əlbəttə yanılmaram. Harada yaşamasından asılı olmayaraq kim Azərbaycanın adını uca tutursa, o əsil vətəndaşdır. Mayis də məhz belələrindəndir.

Cəmiyyətdə baş verən proseslərə öz radikal münasibəti ilə fərqlənən məşhur inqilabçı Çe Çevaranı "iyirminci əsrin ən mükəmməl insanı adlandıran" fransız yazıçısı və filosofu Pol Sartr deyirdi ki, yalnız məqsədlərinə doğru usanmadan mübarizə aparanlar istədiklərinə nail olurlar. Mayis İbadov xaraktercə inqilabçı yox, təkamülçü olsa da məhz məqsədinə doğru yorulmadan mübarizə aparan insanlardandır. Və təbii ki, hər bir insan üçün onun ömür yolu bir

roman misallıdır. Amma Mayis İbadovun ömür yolunda elə məqamlar var ki, həmin məqamları onun öz dilindən eşitdikcə fikirləşirsən ki, insan taleyində təsadüfi heç nə yoxdur, hər şey sanki zərurət üzərində qurulub. Məhz Azərbaycanda məşhurlaşmağa başlayıb, Özbəkistanda şah-şöhrət sahibi olub, zəhməti ilə, əməksevərliyi ilə, idmana olan sevgisi ilə...

İştirak etdiyi yarışlar, qələbə çaldığı turnirlər o qədər çoxdur ki, hamısını sayası olsaq böyük bir siyahı alınar, amma əsas yarışlardan da yan keçə bilmərik axı...

1990-cı ildə Sumqayıtda keçirilən Azərbaycan çempionatında birinci yeri tutub.

Bu Mayisin birinci böyük qələbəsi idi, zarafat deyil Azərbaycan çempionu olmaq...

1992-ci ildə Xerson şəhərində keçirilən MDB birinciliyində Mayis daha bir qələbə qazanır. MDB çempionu adını alır. Həmin il Mahaçkalada keçirilən turnirdə birinci yeri tutur. 1993-cü ildə İstambulda baş tutan yarışlarda Mayis yenidən birinci yeri tutur.

1995 və 1996-cı illərdə Daşkənddə keçirilən Özbəkistan birinciliyində ölkə çempionu adına layiq görülür. Həmin il Moskvada baş tutan dünya birinciliyində Mayis dünya çempionu adını alır.

1998-ci ildə isə iki qələbə əldə edir, yenidən Özbəkistan çempionu adını qazanır, həm də Almatıda keçirilən Asiya çempionatında birinci yeri tutur.

Mayis deyir ki, 1999-cu ildə Özbəkistanın müstəqilliyi kuboku uğrunda keçirilən yarışlarda yenidən çempion adını qazandım və bu mənim üçün çox qiymətli idi. Axı şan-şöhrəti məhz Özbəkistanda qazanmışdım.

22 ildən artıqdır ki, Mayis İbadov Özbəkistanda yaşayır. Özbəkistanı özü üçün qürbət hesab etməyən Mayis deyir ki, vətənsizlik niskiıinə səbəb də yoxdur. Evimizdə Azərbaycanın səkkiz televiziya kanalına baxırıq, adət-ənənələrimiz də vətənimizdəkindən fərqlənmir. Axı biz eyni kökdən, eyni soydan olan, dili bir, dini bir olan xalqlarıq. Ona görə də Özbəkistanı ikinci Vətən saymağa tam haqqım çatır.

Bioqrafiyası ilə tanışlıq Mayis İbadovun keçdiyi ömür yoluna əməlli-başlı işıq salır. Lənkəran rayonunun Separadi kəndində dünyaya gələn Mayis 1987-1992-ci illərdə Bakıdakı idman təmayüllü internat məktəbində oxuyub.

SSRİ idman ustası, Özbəkistanın Beynəlxalq dərəcəli idman ustası kimi fəxri ad daşıyır.

Azərbaycanda gedən prosesləri, xüsusilə son vaxtlar sosial-iqtisadi inkişafı diqqətlə izləyən Mayis İbadov deyir ki, respublikamızın nəinki postsovet ölkələri, eləcə də bir sıra Şərqi Avropa ölkələri arasında öncül yer tutması, iqtisadi inkişafın sürətinə görə irəlidə olması bizi hədsiz sevindirir, qol-qanadımızı açır. Ona görə də hər yerdə "Biz Azərbaycanlıyıq" deyərək başımızı dik tuturuq.

Məncə bu sözlər tək Mayis İbadovun deyil, qürbətdə yaşayan bütün azərbaycanlıların içindən gələn bir kəlmədir.

...Məhz həmin kəlmə ümummilli lider Heydər Əliyevin "Mən demişəm, yenə də deyirəm, mən azərbaycanlıyam və bununla fəxr edirəm" kəlməsindən qaynaqlanır.

Züleyxa Nadir

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR