«DOLU»dakı komandir kimin obrazıdır? VIDEO

Aqil Abbas

 

Görkəmli aktyorumuz Məmməd Səfanın "Dolu" filmində böyük bir ustalıqla yaratdığı Komandir obrazı ilə bağlı mənə hələ də suallar ünvanlayırlar ki, siz Komandir deyəndə həyatda kimi nəzərdə tutmusunuz?

Mənim son romanlarımda və povestlərimdə rəsmi adlar yoxdur. Bütün adlar rəmziləşdirilib. Bu da mənim yazı üslubumdu. Eləcə də "Dolu" romanında bütün adlar rəmzi məna daşıyır: Komandir, Drakon, Pələng, Müəllim, Rəis, Katib, Qeyrət Dağarcığı... Mən orda onların hamısının adını yaza bilərdim. Mənim fikrimcə, bu müharibədə ölümün gözünə dik baxan hər bir döyüşçü Drakondu, Pələngdi, Qeyrət Dağarcığıdı, Müəllimdi... Mən onlarla bir yerdə döyüşlərdə olmuşam, onların keçirdiyi hissləri keçirmişəm, yaşadıqlarını yaşamışam. Və onları bir-birindən ayırmamışam.

Komandir! Müharibədə də Qarabağda vuruşan bütün komandirlərlə demək olar ki, münasibətim olub. Bəziləri ilə dostluğum olub, hətta uşaqlıqdan bir yerdə olmuşam. Yəni mən romanda Komandir obrazını yaradanda təbii ki, gözümün qabağında bir insan olub və adını da yaza bilərdim. Necə Mehdi Hüseynzadə, Həzi Aslanov haqqında əsərlər yazırlar, mən də həmin adamın adını romanda və filmdə əbədiləşdirə bilərdim. Amma eləmədim. O romanı bütün komandirlərə, bütün drakonlara, bütün pələnglərə həsr elədim.

Qarabağ müharibəsində bütün komandirlər xalqın içindən çıxanlar idilər. Demək olar ki, heç birinin hərb elmindən xəbəri yox idi. Deyək ki, Şirin Mirzəyev, Nəcməddin Sadıqov, Talıb Məmmədov... istisna idi.

Qaçaq Nəbinin də hərb elmindən xəbəri yox idi, Soltan bəyin də. Amma onlar hərb elmini mükəmməl bilən çox generalları və zabitləri diz çökdürürdülər, hətta generalın küçük kimi qulağını kəsirdilər.

Yəni mən nəzərdə tutduğum Komandirin adını ona görə yazmadım ki...

... Bəs Goranboydan Maşallah Əhmədov, Rasim Əkbərov? Bəs Tərtərdən Sərdar Həmidov, Vəzir Orucov, Şahin Tağıyev? Bəs Şuşadan Mikayıl Gözəlov, Fəxrəddin Həsənov, Ramiz Qənbərov? Bəs Laçından Arif Paşayev, Füzulidən Mobil Yusifov? Malıbəylidən "Drakon" ləqəbli Azay Quliyev, güləbirtli Vaqif, Qubadlıdan Əliyar Əliyev, Cəbrayıldan Rəşid Məmmədov (Qara Rəşid), Xocavənddən Eyvaz Hüseynov, İbad Hüseynov, İlyas Hüseynov, Tovuzdan Kərbəlayı, Qazaxdan Alik Muradov, Ağdamdan Eldar Bağırov, Fred Asif, Yaqub Məmmədov (Qatır Məmməd), General Ərşad, Şelli Eldar, Şirin Mirzəyev, Elmar Ədilov, Hacı Əkbər Rüstəmov ("Dolu" filmindəki Müəllim) ...

... Mən onları və adlarını çəkmədiklərimi nəzərdə tutduğum Komandirdən fərqləndirmək istəmədim. Və bir daha deyirəm, bu adamların heç birinin hərbdən xəbəri yox idi. Bunlar fitrən hərbçi idilər. Qanlarındaydı komandirlik, qanlarındaydı igidlik. Qanlarındaydı bir ordunu idarə etmək, döyüşə aparmaq. Çox qəribə idi ki, bunların səsləri də başqalarından fərqli idi. Yəni əmr verəndə elə bil Koroğlu nərə çəkirdi.

Və gəldik obrazını yaratdığım Komandirə. İndi bu sirri aça bilərəm: Azərbaycanın Milli Qəhrəmanı ALLAHVERDİ BAĞIROV! Qafqaz Qartalı. Ləqəbi elə "Qartal" idi.

Adı gələndə ermənilərin rəngini qaçıran Allahverdi Bağırov. 1003 xocalılını erməni əsirliyindən azad edən Allahverdi Bağırov.

Ağdamdakı bütün komandirlərin Komandiri Allahverdi Bağırov. Arxasınca yüzlərlə, minlərlə igidi döyüşə aparmağı bacaran Allahverdi Bağırov. Döyüşün önündə gedən Allahverdi Bağırov. Döyüşdə zəiflik göstərən hərbçi zabitlərin ayaqlarını titrədən Allahverdi Bağırov.

 

Və mənə hələ də elə gəlir ki, hansısa xain tərəfindən minaya salınıb öldürülməsəydi (getdiyi yolu geri qayıdarkən, Şirin Mirzəyev də getdiyi yolu geri qayıdarkən minaya salınmışdı) ermənilər Ağdamı işğal edə bilməzdi.

 

Ruhu da digər şəhid olmuş Komandirlər kimi Ağdamda, Qarabağda bizi gözləyir Allahverdi Bağırovun.

Ruhunla görüşənədək! Sənin ruhunu sevindirənədək! Gözlə, qardaşım, gələcəyik!

Və 70 yaşın mübarək!

 

 

Eldar Bağırov - Milli Qəhrəman Allahverdi Bağırovun kiçik qardaşı,Qarabağda yaranan ilk bataliyonun komandiri

 

 

 
 

Elşən Bağırov - Milli Qəhrəman Allahverdi Bağırovun oğlu

 

"Qarabağ" futbol klubunun kapitanı, məşqçisi və əsl komandiri

 
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31