Milli rəqslərimiz milli dəyərimizdir
9 İyun 2015 17:31 SosialRəqslər bəşəriyyətlə eyni yaşdadır. İnsanın daxili duyğularını ifadə edən rəqslər azadlığın dadıdır. Ritmik və estetik hərəkətləri ilə gözlərə, musiqiylə düşüncələrə xitab edən mənası lüğətdə yazılmayan lisandır. Bəşəriyyətin yeganə ortaq dili olan rəqslər, həm də insanlığın sahib olduğu yeganə anonim sənətdir. Rəqslər əsrlər boyu dini, folklor və ənənələrin iç-içə bağlı olduğu fərqli musiqi janrlarıyla inkişaf edərək, dəyişərək günümüzə qədər gəlib çatıblar. Rəqslər özündən sonrakı bütün sənət növlərinin başlanğıcıdır. Ünsiyyətin olmadığı vaxtlarda insanlar aralarında rəqs diliylə anlaşırdılar. İbtidai insan ilk eşitdiyi səsə məhz öz hərəkətiylə məna qazandırdı. Beləliklə, rəqs təsviri olan bir sənət kimi ortaya çıxdı. Müəyyən məqsədlər üçün edilən ritmik hərəkətlərə sonradan rəqs adı verildi. Aparılan araşdırmalar sübut edir ki, bu mənada bir çox müəyyən fərqliliklərə baxmayaraq, rəqslər bəşəriyyətin ortaq dəyəridir. 1789-cu il Fransa inqilabının dünya mədəniyyətinə etdiyi xidmətlərdən biri, məhz rəqs sənətinin şüurlu inkişafına verdiyi təkan oldu. İlk olaraq, "Country" rəqsləri ortaya çıxdı. Arxasınca, "Kadrıl" rəqsi dəbə düşdü və "Vals" sürətlə yayılmağa başladı. XX əsrin əvvəllərindən isə, "Tanqo" sevildi. 1908-ci ildən siyahıya "Boston" və "Two Step" adlı rəqslər əlavə olundu. Arxasınca cazmenlərin yaratdıqları - "Fox Trot", "Samba", "Pasodoble", "One Step" məşhurlaşdı. Bu inkişaflar dünya gənclərinin sevimlisinə çevrilən "Çarliston"u ortaya çıxardı. 1927-ci ildə "Rumba", "Karyoka", "Kokoraça" kimi rəqslər yarandı. İkinci Dünya Müharibəsindən sonra ritmik "Swing", "Blues", "Be Bop" kimi rəqslər də sərhədlər tanımadı. Təbii ki, dünya rəqs sənətinin sürətli inkişafı şüurlu proseslə müşahidə olunurdu. Rəqslər musiqilərinə görə sinifləndirilirdi - Latın Amerikası rəqsləri, standart rəqslər, klassik rəqslər, caz rəqsləri, tap rəqsləri kimi qruplaşdırıldı. Hər il rəqs yarışmaları təşkil olunmağa başlanıldı. Rəqslər indi də idmanın bir sahəsi kimi qəbul edilir. Buz rəqsi, ritmik gimnastika, sinxronizə su idmanı yarışları kimi idman növləri rəqslərlə müşahidə olunur. Ritm, estetika və rəqs təhsilinə əhəmiyyət verən və eyni paraleldə olan idmanlarla məşğul olanlar daha tez müvəfəqiyyət qazanırlar. Rəqs təhsili görən idmançıların ritm duyğuları inkişaf edir, estetikası artır, məşqlərdə özünəinam aşılayır. Fiziki və mənəvi yorğunluğu aradan götürür. Mənəvi ehtiyac olan rəqslər insanlara yardımlaşma, cəmiyyətə adaptasiya olmaq kimi üstünlüklər qazandırır.
***
Azərbaycanda rəqs sənəti eramızdan 2-3 min il əvvəl yaranıb. Ölkə ərazisində də ünsiyyət forması kimi ortaya çıxan rəqslər erkən orta əsrlərdə şüurlu inkişaf prosesinə girdi. Bu, Fransa inqilabından əvvələ təsadüf edirdi. Bu gün, Azərbaycanın müasir dünyada iştirakını təmin edən rəqs sahəsinin inkişafına xüsusi diqqət var. Sahəyə dəstək üçün ali və orta məktəblərdə, həmçinin özəl olaraq rəqs kursları, klubları, xüsusi studiyalar fəaliyyət göstərir. Çünki milli rəqslər dəyərlərimizin daşıyıcılarından hesab olunur. Qobustan qayaüstü rəsmlərində (e.ə. V-III minilliklər) təsvir olunmuş rəqs görüntüləri buna sübutdur. Öz çılğın hərəkətləri ilə tanınan Azərbaycan xalqı paylaşıldığı regional fərqlərə görə, özünəməxsus rəqs növləri də müxtəlifliklərlə müşahidə olunur. Beləliklə, milli rəqslər Azərbaycan folklorunun tərkib hissəsidir. Folklor isə xalqın adət-ənənələrə bağlılığını, onun maddi və mənəvi mədəniyyətini özünə xas metodlarla araşdıran, bir yerə yığan, sinifləndirən və xalq mədəniyyəti üzərində qiymətləndirən kimlikdir. Azərbaycanın milli rəqsləri tamamilə öyrənilməyib, araşdırmalar bu gün də davam edir. Ölkənin etnik zənginliyi və böyük tarixi keçmişi bu sahənin birdəfəyə öyrənilməsinə imkan tanımır. Təkcə kəndlərində bəlli olan 2000-dən çox rəqs növləri Azərbaycanda bu mədəniyyətin nə qədər dərin keçmişinin olduğunu sübut edir. Milli rəqslər digər sənət növlərindən fərqli olaraq, məxsus olduğu cəmiyyətin orijinal xarakterini üzərində daşıyır. Toplumu təşkil edən fərdlərin düşüncə və davranışlarını göstərir. Milli rəqslər musiqi, ritm və hərəkətlərilə cəmiyyətin fiziki və ruhi imkanlarını təqdim edir. Təqlid, insan-təbiət əlaqələrini göstərən, rəqəmlərlə ifadə edilən oyunlar, ictimai hadisələri göstərən, döyüş mövzulu, sevgi və məhəbbəti göstərən oyunlar, döyüşçünü yola salmaq kimi müxtəlif rəqs nümunələri, həmçinin əkinçiliyə, müxtəlif peşələrə məxsus milli rəqslər də var.
***
XVI əsrdə Azərbaycan miniatür sənətinin inkişafında xüsusi yeri olan təbrizli rəssam Soltan Məhəmməd əsərlərində rəqslərə geniş yer verib. Şair Nizami Gəncəvi öz əsərlərində saray rəqslərindən bəhs edib. Azərbaycanda ilk rəqs sözünü də Nizami işlədib. Yazılı və təsviri mənbələrdən məlum olur ki, xalq rəqsləri çeviklik, gözəllik, insani duyğular aşılayan, pis qüvvələri cəzalandıran, yaxşıları qoruyan folklor növüdür. Beləliklə, Azərbaycan rəqsləri mövzusu, məzmunu və forma baxımından zəngindir. Şübhəsiz, dövrümüzə qədər gəlib çatmayan və tarixin alt qatlarında qalan çoxlu sayda milli rəqslərimiz var. Milli rəqslərimizin öyrənilməsində Azərbaycan xalq dastanları və nağıllarının da payı böyükdür. Dastanlarda tez-tez "Yallı", "Gülüm ey", "Cəhribəyim" kimi rəqslərə rast gəlinir. "Dədə Qorqud", "Koroğlu", kimi dastanlarda toy mərasimin erkən formaları haqqında maraqlı məlumatlar var. Rəqslərdə istifadə olunan geyim formaları ənənəvi xalq geyimlərindən parça, rəng seçimi və başqa elementlərin stilizə olunması səbəbiylə fərqlidir. Həmin fərqliliklər kişi və qadın rəqqasların geyimlərində də görünür. Azərbaycanın ənənəvi geyimləri əsasında hazırlanan rəqs geyimləri hər bir rəqsin icra tərzinə uyğun kostyumları var. Azərbaycanda səhnə dekorasiyası və kostyum dizaynı sahəsində uzun illər çalışmış sənətkarlar Bədurə Əfqanlı, Mayıs Ağabəyov, Tahir Tahirov böyük işlər görüblər. Rəqs geyimlərimiz zərifliyi, lirizmi, təbiət mənzərələrinin romantik təsviri, sahənin geniş həcmi ilə kiçik ölçülərinin biri-birinə uyğunlaşdırılması kimi elementlərlə fərqlənir. Azərbaycan rəqslərində istifadə olunan geyimlərdə musiqi və rənglərin ritmi çox gözəl işlənilib. Geyimlər ənənələrin daşıyıcısıdır. Məsələn, qədim "Qaytağı" rəqsi Şəkiyə məxsusdur. Ritmik, çevik, coşqun kişi rəqsidir. "Qaytağı"nın medodiyasına uyğun geyim də nəzərdə tutulub. Rəqs üçün ən yaxşı geyimi Tahir Tahirov hazırlayıb. Rəqsin geyimi əsasən qara və yaşıl rənglərdən hazırlanıb, qızılı işləməli yaşıl atlas parçadan hazırlanmış yələk və üzərindən geyinilən çuxa var. Uzunluğu dizə qədər olan çuxa ətəkləri rəqsə uyğunlaşdırılaraq, yələklə eyni ölçüdə nəzərdə tutulub. Bitki motivli işləmələr yələyi boyun və sinə hissəsini, çuxa isə yaxa və qolları bağlayır. Qollar çiyindən aşağı doğru sərbəst buraxılır. "Qaytağı" rəqsinin xakterik xüsusiyyətlərindən biri də diz üstə oturmaq olduğu üçün dizlərə sırıqlı dizliklər dikilib. Kənarları qızılı rəngli lentlə örtülərək, qızılı rəngli işləmələrlə uyğunlaşdırılıb. Rəqqasın baş geyimi - çalmanın ətrafında dönən parça sağ tərəfdən çiyinə düşər.
***
Azərbaycanda ilk rəqslər ritual və ov rəqsləri olub. Erkən orta əsrlərdən isə başlayaraq, əsasən mərasim rəqslərindən müxtəlif növ xalq rəqsləri formalaşmağa başlayıb. Milli rəqslərimiz mövzu baxımından da rəngarəngdir; əmək ("çobanı"), mərasim, məişət ("mirzeyi", "turacı"), gəhrəmanlıq hərbi ("cəngi" - "döyüş"), idman ("zorxana"), xorovod-oyun ("yallı", "halay") və s. "Səməni", "Xıdır İlyas", "Qodu-qodu" kimi qədim kütləvi mərasim rəqsləri də var. Erkən orta əsrlərdə bunlardan müxtəlif xalq rəqsləri yaranıb. Xalq rəqsləri bir qayda olaraq, 3 hissədən ibarətdir: Birinci hissə sürətlidir, dairə üzrə rəqs; İkinci hissə lirikdir, rəqqas sanki yerində donub qalır, korpus qəti və vüqarlı tərzdə dik tutulur; Üçüncü hissədə - yenə dairə üzrə rəqs, sürətli, təntənəli və böyük emosional coşğunluqla səciyyəvi olur. Qadın və kişi rəqsləri bir-birindən fərqlənir. Qadın rəqsinin inkişafı geyimlə şərtlənir: uzun don ayaqların süzgün hərəkətini müəyyənləşdirir, rəqqasələrin bütün diqqəti əl və korpusun yuxarı hissəsinin işlənmiş texnikasına cəmlənir. Kişi rəqsinin əsas fərqi isə ayaqların texnikasıdır. Rəqqas çevikliklə barmaqları üzərində dayanır, dizləri üstündə sürətlə yerə enir və s. Azərbaycan rəqslərinin musiqi həcmi - 6/8 və 3/4 -dür. Rəqslər adətən xalq çalğı alətləri: zurnaçılar triosu, sazəndə triosu və s. müşayiəti ilə ifa olunur.Ritminə görə isə, Azərbaycan rəqsləri 3 qrupa bölünür: ağır, aram ("Uzundərə); yüngül şən ("Tərəkəmə"); şıdırğı ("Xançobanı"). Bəzi rəqslərin adı isə hərəkətlərlə bağlıdır: "Süzmə" və s. Xalq arasında kollektiv rəqs nümunələri də var. Onlardan ən qədimi "Yallı"dır. Daha bir kollektiv rəqs, keçmişdə bir qayda olaraq döyüşçülər tərəfindən ifa olunan "Cəngi"dir. Azərbaycanın coğrafi adlarını özündə yaşadan "Dərbəndi", "Aşqabadi", "Əsgərani", "Qars"və digər milli rəqslərimiz də var. Əminə Dilbazi, Roza Xəlilova, Böyükağa Məmmədov, Kamil Dadaşov kimi məşhur rəqqaslar ifalarıyla rəqslərimizi yeni çalarlarla zənginləşdiriblər. Rəqqaslar tamaşaçılarla bir-birindən fərqli yollarla ünsiyyət qururlar. Bədən diliylə və üzlərindəki mimikalarla daxili duyğularını ifadə edirlər, bunu kompleks jestlər, mimikalarla göstərərək, pandomim mənada da izah etmək olar. Yəni, anlamadığımız dillərdən fərqli olaraq, istənilən mədəniyyətə aid olan rəqslər ünsiyyəti daha asan təmin edir. Məsələn, balerinaların ürəyin üzərinə qoyulan əl hərəkətlərinin sevgini izah etdiyini hər kəs anlayar. Rəqs eyni zamanda əyləncədir, idmandır. Mütəmadi rəqs edənlər həmişə sağlam və sakit təbiətli olurlar. Rəqs açıq təqdimat, sərbəst yaşam deməkdir. Bu istər tək, istər cüt, istərsə də cəm olaraq edilsin, əhəmiyyətli olan təmiz duyğulardır.
***
Heydər Əliyev Fondunun Azərbaycan mədəniyyətinin tanıdılması yönündə geniş fəaliyyəti var. Fondun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın mədəniyyət sahəsində fəaliyyətindən bəhs edən "Mədəniyyətimizin və mədəni incilərimizin hamisi" kitabı bu baxımdan əhəmiyyətlidir. Kitabda Mehriban Əliyevanın Azərbaycan mədəniyyətinin qlobal səviyyədə tanıdılması yönündə gördüyü işlər yer alıb. Mədəniyyət və turizm naziri Əbülfəz Qarayev kitab haqqında deyir: "Kitab Mehriban Əliyevanın Azərbaycan mədəniyyətinin dünyada təbliği istiqamətində fəaliyyətinin əks-sədasıdır". Kann şəhərində "Azərbaycan Kannda" mədəniyyət günlərinin rəsmi açılışında etdiyi çıxışında ölkənin birinci xanımı "Biz azərbaycanlılar öz qədim və zəngin tariximiz və mədəniyyətimizlə fəxr edirik" - deməklə Azərbaycanın mədəni dəyərlərə üstünlük verən ölkə olduğunu nümayiş etdirdi. Mütəmadi olaraq, xarici ölkələrdə Heydər Əliyev Fondu tərəfindən təşkil edilən "Qız qalası", "Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri" kimi mədəni tədbirlər silsiləsi ölkə mədəniyyətinin digər sahələri kimi milli rəqslərimizin dünyaya tanıdılmasında böyül rol oynayıb. Fondun keçirdiyi belə kütləvi tədbirlər həmçinin Ermənistanın Azərbaycan qarşısında mədəniyyətimizə dair qaldırdığı qondarma ittihamlarına qarşı tutarlı cavab verir. Fondun xarici ölkələrdəki tədbirləri milli rəqslərimizlə yanaşı, bütöv mədəniyyətimizin, məişətimizin zənginliyi barədə dolğun təsəvvür yaradır. Sərgilərin qiymətli eksponatlarından olan milli musiqi alətlərimiz də dünya insanları tərəfindən maraqla qarşılanır.
Mənsur Rəğbətoğlu
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycan Mətbuat Şurasının "Milli rəqslərimiz milli dəyərimizdir" mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur