Binəqədi İcra Hakimiyyətindən daha bir yenilik

Rayon ərazisində Elektron İnformasiya Köşkləri quraşdırılır

Binəqədi Rayon İcra Hakimiyyəti paytaxt rayonları arasında daha bir ilkə imza atıb. Belə ki, Rayon İcra Hakimiyyəti Binəqədi ərazisində Elektron İnformasiya Köşklərinin quraşdırılmasına start verib. Bu mıəqsədlə Rayon İcra Hakimiyyətinin binasında sözügedən layihənin kütləvi informasiya vasitələrinə təqdimatı olub. Tədbirdə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov Azərbaycanda informasiya kommunikasiya texnologiyalarının inkişafı sahəsində görülən işlərdən danışıb. İKT sahəsində görülən işlər və qazanılan nailiyyət nəticəsində Azərbaycanın BMT-nin İKT ilə bağlı son hesabatında 28 pillə irəlilədiyini deyən icra hakimiyyəti başçısının birinci müavini bu sahədə daha ciddi nailiyyətlərə imza atmaq istiqamətində dövlətin məqsədyönlü işlər gördüyünü diqqətə çatdırıb.  Bildirib ki, ASAN Xidmətin yaradılması, İKT ilə bağlı yeni-yeni proqramların qəbul edilib icra olunması, Azərbaycanın ilk süni peykinin buraxılması, eləcə də digər atılan addımlar deyilənləri təsdiqləyir. İlqar Süleymanov Binəqədi rayonu ərazisində də İKT-dən daha səmərəli istifadə, onun tətbiqi, elektron xidmətlərin göstərilməsi prosesinin sürətləndirilməsi istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, 2013-cü ilin əvvəllərindən etibarən Binəqədi Rayon İcra Hakimiyyətində sakinlərin müraciət xidməti yaradılıb və ötən müddət ərzində rayon sakinləri tərəfindən bu xidmətə on minlərlə müraciət daxil olub. İlqar Süleymanov bu istiqamətdə işlərin bundan sonra da davam etdiriləcəyini deyib. İcra Hakimiyyətinin sənədlər və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Elnur İmanov Elektron İnformasiya Köşkü barədə ətraflı məlumat verib. Bildirib ki, ilkin mərhələdə rayonun 3 ərazisində quraşdırılmış Elektron İnformasiya Köşkü vasitəsilə sakinlər Rayon İcra Hakimiyyəti başçısı, onun müavinləri, aparatın şöbə müdirlərinin qəbul günlərinin qrafiki, icra hakimiyyəti başçısının ərazilərdə keçirdiyi səyyar görüşlər, ərizə formalarının nümunələri və sənədlərin siyahısı barədə məlumat ala bilərlər. Hələlik yalnız Azərbaycan dilində olan köşklərdə tələbat olacağı təqdirdə digər dillərdən də istifadə mümkünlüyü yaradılacaq. Elnur İmanov deyib ki, Elektron İnformasiya Köşkündə həmçinin Binəqədi rayonunun elektron xəritəsi, rayon ərazisində aparılan abadlıq-quruculuq işləri, gələcək layihələr haqqında məlumat, Binəqədidə yerləşən idarə-müəssisələr, onların ünvanları, rayondakı dövlət qurumları, təhsil, səhiyyə, turizm, idman, mədəniyyət müəssisələri barədə məlumatlar əksini tapıb. Şöbə müdiri yaxın vaxtlarda bu cür köşklərin daha 4 yerdə quraşdırılacağını deyib. Bildirib ki, bununla Elektron İnformasiya Köşklərinin sayı 7-yə çatacaq. Sonrakı mərhələdə isə bu kimi köşklərin rayonun kənd və qəsəbələrində də quraşdırılması qarşıda duran planlar sırasındadır. Elnur İmanov bu praktikanın bir növ şəffaflığın artırılmasına xidmət etdiyini deyib və qeyd edib ki, bununla vətəndaş heç bir məmurla təmasda olmadan İcra Hakimiyyətinə müraciət edə bilər. Rabitə və Yüksək Yexnologiyalar Nazirliyinin informasiya cəmiyyətinin inkişafı şöbəsinin müdiri İsfəndiyar Əliyev də çıxışında ölkədə İKT-nin inkişaf etdirilməsi istiqamətində görülən işlərdən danışıb. Ölkədə 440-dan artıq elektron xidmətin olduğunu deyən nazirlik rəsmisi deyib ki, Elektron Hökumət üzrə yeni Dövlət Proqramının qəbulu gözlənilir. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sosial innovasiyalar və strateji araşdırmalar  şöbəsinin müdir müavini Fariz Cəfərov Binəqədi Rayon İcra Hakimiyyətinin bu layihəsini yüksək qiymətləndirib və gələcəkdə təmsil etdiyi qurumla İcra Hakimiyyətinin birgə layihələrinin mümkünlüyündən danışıb. Sonda Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini İlqar Süleymanov rayon ərazisində həyata keçirilən "Təmiz Binəqədi" layihəsindən danışıb. Bildirib ki, burada məqsəd inzibati üsullarla nəsə iş görmək, təmizlik yaratmaq deyil. Məqsəd insanları könüllü şəkildə rayon ərazisinin təmizliyinə cəlb etməkdir. İlqar Süleymanov I Avropa Oyunları ərəfəsində həyata keçirilən layihənin gələcəkdə də davam edəcəyini deyib. Sonda KİV nümayəndələri İcra Hakimiyyətində yaradılan şərait, iş rejimi barədə ətraflı məlumatlandırılıblar.

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31