“Təmiz Binəqədi” layihəsinə start verildi
7 İyul 2014 12:33 Sosial"Bakı 2015" ilk Avropa Oyunlarının keçirilməsi ərəfəsində Paytaxtın Binəqədi rayonunda "Təmiz Binəqədi" adlı sosial layihəyə start verilib. Layihə çərçivəsində Binəqədi rayonu, 9-cu mikrorayon Adil Məmmədov küçəsində yeni istirahət parkının açılışı olub. Parkın açılış mərasimində bildirilib ki, layihənin keçirilməsində əsas məqsədlərdən biri qəsəbə və mikrorayonlarda, küçə və məhəllələrdə abadlıq işlərini intensiv və mütəşəkkil formada davam etdirməkdir. Belə parkların salınması, yeni-yeni ağacların, bitkilərin əkilməsi ilə yaşıllıq zolaqlarının yaradılması, rayonun abadlaşması ilə yanaşı, həm də vətəndaş məmnunluğunu qazanmağa xidmət edir. 9-cu mikrorayon ərazisində salınan parkın açılışı münasibətilə Binəqədi Rayon İcra Hakimiyyətinin Binəqədi bələdiyyəsi ilə birgə təşkil etdiyi tədbirdə Rayon İcra Hakimiyyətinin rəhbərliyi, əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov tədbir iştirakçılarını RİH başçısı Xaləddin İsgəndərovun adından bu əlamətdar hadisə - parkın açılışı münasibətilə təbrik edib, onlara ən xoş arzularını bildirib. O, paytaxtın şimal qapısında start götürən "Təmiz Binəqədi" sosial layihəsinin mahiyyəti barədə sakinlərə ətraflı məlumat verib. Natiq "Bakı 2015" ilk Avropa Oyunlarının keçirilməsi ərəfəsində reallaşan bu tədbirin ciddi əhəmiyyət daşıdığını və hər bir rayon sakininin bu ictimai faydalı işə öz töhfəsini verməsinin zəruriliyini qeyd edib. Tədbir tanınmış incəsənət ustalarının ifasında musiqi parçalarının ifası ilə davam edib. Sonda atəşfəşanlıq olub. Ramazan ayının gəlişini və iftar vaxtını nəzərə alan tədbir təşkilatçıları oruclarını açmaq üçün sakinlərə şirniyyat, xurma və su paylayıb. Sakinlər Binəqədi RİH tərəfindən başladılan "Təmiz Binəqədi" layihəsinin əhəmiyyətindən danışıb və parkın açılışından razılıqlarını bildiriblər.