Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 2013-cü ildəki fəaliyyətinə dair hesabat yığıncağı keçirildi

2014-cü il fevralın 14-də Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasında 2013-cü ilin yekunlarına dair hesabat yığıncağı keçirildi. Tədbirdə Prezident Administrasiyasının məsul əməkdaşı Tağı Tağıyev, millət vəkilləri Madər Musayev, Rəfael Cəbrayılov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, Bakı Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşı Ramiz Quliyev, RİH başçısının müavinləri, RİH başçısı Aparatının məsul işçiləri, rayon icra strukturlarının rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər. Tədbir Ümummilli Lider Heydər Əliyevin Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının inzibati binası qarşısındakı abidəsinin önünə güllərin qoyulması və Ulu Öndərin xatirəsinin ehtiramla yad edilməsi ilə başlandı. Sonra Binəqədi rayonunda 2013-cü il ərzində görülmüş işlərdən bəhs edən film nümayiş etdirildi. Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov hesabat məruzəsi ilə çıxış edərək 2013-cü ildə möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə respublikamızda bütün sahələrdə əldə olunmuş uğurlardan, Bakı şəhəri və onun ətraf qəsəbələrinin, eləcə də regionların sosial-iqtisadi inkişafı istiqamətində görülmüş işlərdən bəhs etdi. Ölkədəki hərtərəfli müsbət dinamikanı xüsusi qeyd edən X.İsgəndərov 2013-cü ildə ölkə həyatında ən əlamətdar hadisə kimi möhtərəm Prezidentimiz cənab İlham Əliyevin xalqın böyük əksəriyyətinin etimadını qazanaraq yenidən ölkə rəhbəri seçilməsini diqqətə çatdırdı. Bunu cənab Prezidentin yürütdüyü praqmatik, ardıcıl və məqsədyönlü siyasətə Azərbaycan xalqının obyektiv münasibətinin real təzahürü kimi səciyyələndirdi. Çıxışda ölkənin hərtərəfli potensialının güclənməsi fonunda rayonun sosial-iqtisadi sahədə qazandığı uğurlardan bəhs olundu. X.İsgəndərov konkret statistik rəqəmlər əsasında 2013-cü ildə rayonda sosial-iqtisadi və abadlıq-quruculuq sahəsində görülmüş işlərdən, əldə edilmiş uğurlardan danışdı. Vətəndaşların sosial rifahının, həyat səviyyəsinin yüksəlməsinə xidmət edən ötən il reallaşdırılmış tədbirlərdən danışan X.İsgəndərov şəffaflığının və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə elektron hökumətin yaradılması istiqamətində görülmüş işləri qeyd etdi.

RİH başçısının hesabat məruzəsindən sonra RİH başçısının müavini Aygün Əliyeva və Bakı Pedoqoji Kadrların İxtisasartırma və Yenidən Hazırlanması İnstitutunun rektoru Asəf Zamanov çıxış etdilər.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul əməkdaşı Tağı Tağıyev çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə gedən hərtərəfli və sürətli tərəqqidən danışdı.

Tədbir iclasın qərar layihəsi və Prezident İlham Əliyeyə ünvanlanmış müraciətin mətninin oxunması ilə davam etdi.

Tədbirdə media ilə sıx əməkdaşlığına görə rayon icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərova KİVDF-nin xüsusi mükafatı təqdim edildi.

Daha sonra Binəqədi Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə təşkil etdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırıldı.

Müzakirələrə RİH başçısı X.İsgəndərov yekun vurdu. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31