Bakı Avrasiya Universitetinin 20 illik yubileyinə həsr olunan tədbir keçirilib
Jurnalistikada diffamasiya problemlərinin hüquqi və etnik aspektləri” mövzusunda müzakirələr aparılıb
28 İyun 2012 17:05 Sosialİyunun 28-də Bakı Avrasiya Universitetində "Jurnalistikada diffamasiya problemlərinin hüquqi və etnik aspektləri" mövzusunda elmi praktik konfrans keçirildi. Konfransda bildirildi ki, keçirilən tədbir BAU-nun 20 illiyinə həsr olunub. O da qeyd olundu ki, bu tədbiri keçirməkdə məqsəd yaxın zamanlarda qəbul olunması gözlənilən "Diffamasiya haqqında" qanun layihəsinə tövhə verməkdir. Tədbirdə çıxış edən Bakı Avrasiya Universitetinin filalogiya və jurnalistika kafedrasının müdiri, professor Firuz Mustafayev diffamasiya, söz azadlığı və informasiya ekologiyasından danışdı. Bildirdi ki, bu gün reket jurnalistikası adlı anlayışın meydan gəlməsi cəmiyyətimizdə ictimai fikirlərin formalaşmasına böyük zərər vurur. Onun sözlərinə görə, Azərbaycanda azad söz, azad mətbuatın yaradılması istiqamətində davamlı addımlar atılır. Bu gün gündəlik nəşr olunan qəzetlərlə yanaşı fəaliyyət göstərən elektron KİV-lərin fəaliyyəti üçün dövlət tərəfindən heç bir əngəl yaradılmır. Ancaq bəzi hallarda KİV-lərdə, eləcə də elektron informasiya portallarında söz və fikir azadlığından istifadə edən jurnalistlər peşə etikasından kənara çıxaraq şər, böhtan xarakterli yazılar yazırlar. : "Bu gün dünyanın azad söz uğrunda apardığı mübarizəsinə qoşulub informasiyanın əks istiqamətdə işıqlandırılmasının qarşısını almalıyıq". Tədbirdə həmçinin Azərbaycan Respublikasının əməkdar jurnalisti və Avrasiya Universitetinin filalogiya kafedrasının müəllimi İlyas Adıgözəlli "Azərbaycanda müasir radio və televiziya journalistikasının inkişaf istiqamətləri" mövzusunda çıxış etdi. Bildirdi ki, müasir dövrdə internet və internet saytlarının meydana gəlməsi, qəzet, televiziya və radio jurnalistikasını üstələyib. Bu sahədə baş verən inkişafı ümumilikdə dünya mətbuatının inkişafı kimi qələmə verən İ.Adığözəlli bildirdi ki,
bütün bunlara baxmayaraq jurnalistikada müəyyən çatışmamazlıqlar var. Ən əsası jurnalistlər hazırladıqları məqalələri düzgün yazmalıdırlar: "Hər bir media və KİV sahəsi öz-özünü senzuradan keçirməli və xəbəri düzgün işıqlandıraraq diffamasiya hallarına şərait yaratmamalıdır".
Jurnalistika kafedrasının müəllimi Məsayim Abdullayev isə "Azərbaycan qanunvericiliyində diffamasiya problemi" mövzusunda çıxış edərək cəmiyyətdə baş verən qanunsuzluq və diffamasiya probleminin sivil yollarla həlli istiqamətlərini irəli sürüb. Tədbirdə universitetin 20 illik fəaliyyəti dövründə bütün işlərdə yaxından iştirak edənlərə fəxri fərman və diplomlar verildi. Tədbirdə həmçinin televiziya ekranlarında yayımlanan bir çox verilişlərlə bağlı iradlar səsləndirildi. Qeyd olundu ki, həmin verilişlərin hazırlanmasında müəyyən problemlər var. Eyni zamanda yayımlanan proqramların bir çoxu izləyicilər üçün deyil, sadəcə reklam xarakterinə görə ekranlaşdırılır.
Ədil Ədilzadə