Binəqədidə Qarabağ həftəsi keçiriləcək

Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatının inzibati binasında "Qarabağ həftəsi" layihəsinə start verilib. "OLAYLAR"-a daxil olan məlumata görə, Binəqədi rayon İcra Hakimiyyəti, YAP Binəqədi rayon Təşkilatı, Binəqədi rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçiriləcək layihə may ayı ərzində silsilə olaraq davam etdiriləcək və Binəqədi rayonunda yerləşən bütün orta ümumtəhsil məktəblərini əhatə edəcək. Layihənin həyata keçirilməsində əsas məqsəd dövlətimiz və xalqımız üçün hər zaman aktual və müqəddəs amallardan olan vətənpərvərliyin təbliği, Azərbaycanın əzəli tarixi torpaqları olan Dağlıq Qarabağın ermənilər tərəfindən işğalı faktının geniş ictimaiyyətə çatdırılmasından ibarətdir. Layihə çərçivəsində əvvəlcədən aparılmış bölgü əsasında orta məktəblər tərəfindən işğal altında olan rayonlarımıza həsr olunmuş təqdimatlar keçiriləcək. Təqdimatları orta ümumtəhsil məktəblərinin şagirdlərindən ibarət qruplar nümayiş etdirəcək. Onlar işğal altındakı rayonlarımızın tarixini, etnoqrafiyasını, coğrafi mövqeyini, iqtisadiyyatını, milli-mənəvi, multikultural dəyərlərini, görkəmli şəxsiyyətlərini, musiqi, rəqs nümunələrini və digər istiqamətləri əhatə edən təqdimatlar həyata keçirəcəklər. Təqdimatları musiqi və rəqs, bədii qiraət, qısa səhnəciklər və müxtəlif slaydlar əhatə edəcək. Daha sonra təşkilatçı qrup tərəfindən seçilmiş münsiflər heyəti təqdimatları müxtəlif nominasiyalar üzrə qiymətləndirəcəklər. Yekun tədbir zamanı orta ümumtəhsil məktəbləri tərəfindən işğal olunmuş rayonları əhatə edən stendlər quraşdırılacaq və bütün rayonların seçilmiş təqdimat nümunələrinin nümayiş olunacaq. Mükafatlandırma mərasimi keçiriləcək, bundan əlavə bütün layihə iştirakçılarına xatirə hədiyyəsi təqdim olunacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31