“Dövlət-din münasibətlərinin tənzimlənməsində dini icmaların rolu” mövzusunda tədbir keçirilib

Binəqədi rayonunda "Dövlət-din münasibətlərinin tənzimlənməsində dini icmaların rolu" mövzusunda tədbir keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhər üzrə şöbəsinin müdiri Anar Kazımov, Binəqədi rayon İcra Hakimiyyəti başçısı yanında Dini İşlər üzrə Komissiyanın üzvləri, eləcə də, rayon ərazisində fəaliyyət göstərən dini icma rəhbərləri, imam və axundlar iştirak ediblər. Tədbiri giriş nitqi ilə açan Vüsar İsmayılov vurğulayıb ki, dünyanın bir çox ölkələrində dini zəmində terror aktları baş verir, ekstremist hərəkatlar, dini konfessiyalararası qarşıdurmalar müşahidə olunur. Azərbaycanda isə multikulturalizm həyat tərzidir. Daha sonra çıxış etmək üçün söz alan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhər üzrə şöbəsinin müdiri Anar Kazımov Azərbaycanda dini vəziyyətin sabitliyindən, Dini etiqad azadlığı baxımından Azərbaycandakı vəziyyətin region ölkələrinə nümunə olduğundan bəhs edib. Tədbirdə xüsusi olaraq vurğulanıb ki, Ümummilli lider Heydər Əliyevin siyasi iradəsi nəticəsində Azərbaycan tarixən sahib olduğu tolerantlıq və multikulturalizm ənənələrini hüquqi və siyasi müstəvidə yenidən bərpa edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31