İtaliyada Türk Mədəniyyəti, İncəsənəti və Mədəni İrsin Mühafizəsi Simpoziumu keçirilib
10 Sentyabr 2015 17:40 Sosialİtaliyanın Verona Universiteti, Türkiyənin Səlcuq Universiteti və Azərbaycanın MİRAS İctimai Birliyinin təşkilatçılığı ilə Verona şəhərində Türk Mədəniyyəti, İncəsənəti və Mədəni İrsin Mühafizəsi IX Beynəlxalq Simpoziumu keçirilib. İctimai Birlikdən "OLAYLAR"-a daxil olan məlumata görə, simpoziumda İtaliya, Türkiyə, Azərbaycan, Özbəkistan, Rusiya və digər ölkələrdən 70-dən çox elm adamının məruzələri dinlənilib. Eləcə də 60-dan çox elm adamının poster-məruzələri nümayiş etdirilib. Simpoziumda Azərbaycan Milli Elmlər Akademiyasının institutları, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Üzeyir Haçıbəyov adına Bakı Musiqi Akademiyası və digər elmi qurumları təmsil edən 30-dan çox elm adamı iştirak edib. Simpoziumda tarix, arxeologiya, etnoqrafiya, memarlıq, turizm, folklor, musiqi, ədəbiyyat və digər elm sahələrinə aid aktual mövzularda məruzələr edilib. Simpozium iştirakçıları 3 gün ərzində İtaliyanın Verona, Sirmione, Venesiya, Boloniya və Milan şəhərlərində tarixi-memarlıq abidələrini ziyarət edəcəklər.