Binəqədidə Heydər Əliyevlə bağlı elmi-praktik konfrans keçirilib

Binəqədi Rayon İcra Hakimiyyətinin, YAP Binəqədi Rayon Təşkilatının və Binəqədi Rayon Ziyalılar Cəmiyyətinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin rəhbər vəzifəyə gəlişinin 46-cı ildönümünə həsr edilmiş elmi-praktik konfrans keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, tədbirdə Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov, Azərbaycanda Atatürk Mərkəzinin müdiri, millət vəkili Nizami Cəfərov, Naxçıvan MR-nın Bakıdakı Nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri və  ictimaiyyətin nümayəndələri iştirak ediblər.  Tədbiri giriş sözü ilə açan Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov 14  iyul 1969-cu il tarixinin əhəmiyyətindən danışdı. Müasir Azərbaycan tarixinin dönüş mərhələsini təşkil edən bu tarixin ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi böyük bir dövrün başlanğıcı olduğunu nəzərə çatdıran natiq ümummilli liderin Azərbaycan KP MK-ın I katibi seçilməsi ilə Azərbaycanın gələcək inkişafının fundamental strateji istiqamətlərinin müəyyənləşdirildiyini qeyd edib.  Daha sonra "Ümummilli liderin milli dil siyasəti"  mövzusunda məruzə ilə çıxış edən professor Nizami Cəfərov ulu öndərin təkcə dövlət quruculuğu sahəsində deyil, milli quruculuqda da xalqa liderlik etdiyini vurğulayıb. Məruzələr başa çatdıqdan sonra Cəfər Cabbarlı adına İrəvan Azərbaycan Dövlət Dram Teatrının aktyorlarının ifasında Ümummilli lider Heydər Əliyevə həsr olunmuş şeirlər oxunub. Tədbirə yekun vuran Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini İlqar Süleymanov Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğunu uğurlu siyasəti davam etdirən cənab Prezident İlham Əliyevə hər sahədə dəstək verməyin bir zərurət olduğunu nəzərə çatdırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31