“Avropa Oyunlarının sosial şəbəkələrdə təbliği” mövzusunda tədbir keçirilib
17 İyun 2015 13:59 SosialBinəqədi Rayon İcra Hakimiyyətində "Bakı-2015 İlk Avropa Oyunlarının sosial şəbəkələrdə təbliği" mövzusunda tədbir keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nuridə Allahyarova, rayon icra nümayəndəliklərinin və bələdiyyələrinin Facebook sosial şəbəkəsindəki səhifələrinin adminləri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva respublikamız üçün tarixi əhəmiyyət daşıyan Bakı 2015 İlk Avropa Oyunlarının açılışı haqqında çıxış edib, bu idman yarışının Azərbaycanı dünyada daha geniş tanıdacağını, ölkəmizin pozitiv imicini gücləndirəcəyini qeyd edib. Gənclərin İlk Avropa oyunları ilə bağlı geniş məlumata malik olmasının, müxtəlif sosial şəbəkələrdə Avropa Oyunları ilə bağlı fəal təbliğata qoşulmasının vacibliyini vurğulayan natiq Azərbaycanın I Avropa Oyunlarının təşkilatçılığı ilə bütün dünyaya səs salacaq bir tarix yazacağından əminliyini qeyd edərək tədbir iştirakçılarını bu şərəfli gün münasibətilə təbrik edib. Daha sonra Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşı Leyla Kərimova Binəqədi Rayon İcra Hakimiyyətinin, rayonun icra nümayəndəliklərinin və bələdiyyələrinin Facebook sosial şəbəkəsindəki səhifələrinin fəaliyyəti ilə bağlı 5 aylıq hesabatı təqdim edib. Sonra mövzu ətrafında bir sıra fəal gənclər və adminlər - Əlimərdan Sultanov, Jalə Tofiq qızı, Nəzirə Rzazadə, Reyhan İsmayılova çıxış ediblər.