Binəqədidə Avropa Oyunları ilə bağlı qərargah yaradılıb

I Avropa Oyunlarına hazırlıqla əlaqədar Binəqədi rayonunda iclas keçirilib. "OLAYLAR"-ın xəbərinə görə,  iclasa sədrlik edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov bu yarışlarda 49 ölkədən 6 min idmançının, 10 mindən çox qonağın ölkəmizə gəlməsinin gözlənildiyini bildirərək yerli hakimiyyət orqanlarının qarşısında oyunların iştirakçılarına və turistlərə ölkəmizdə gedən dinamik inkişafı, Bakı şəhərinin günü-gündən abadlaşdırılması prosesini və aparılan islahatları layiqli şəkildə təqdim etmək kimi mühüm vəzifənin durduğunu qeyd edib və sadalanan bütun bu işlərin hamısının şəhərimizin təmizliyindən başladığı vurğulayıb. Bildirib ki, 2014-cü ilin iyul ayının 1-dən etibarən "Təmiz Binəqədi" sosial layihəsinə start verilib. Həmin layihə başladığı gündən etibarən bir çox sosial tədbirlər həyata keçirilib. Vətəndaşlar arasında təbliğat işləri görülüb, təmizliyin qorunması, saxlanması ilə bağlı vətəndaşlara bukletlər paylanılıb. Avropa Oyunlarının başlanmasına qısa müddət qaldığı üçün hazırlığın son mərhələsində fəaliyyətin intensivləşdirilməsinə ehtiyac yaranıb. Buna görə də  I Avropa Oyunlarına hazırlıqla əlaqadar Bakı şəhər İcra Hakimiyyəti başçısının 89 nömrəli,  Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 244 və 263 nömrəli sərəncamları ilə hazırlanan və həyata keçirilən Tədbirlər Planının icrası ilə əlaqadar rayonda qərargah yaradılıb. YAP Binəqədi rayon təşkilatının inzibati binasında fəaliyyət göstərəcək qərargahda qaynar telefon xətti fəaliyyət göstərəcək, məsul şəxslər müəyyənləşdiriləcək, işlərin koordinasiyası təmin ediləcəkdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31