Tarixin soyqırımı
1 Aprel 2015 13:07 SosialBinəqədi rayonunda 31 mart - azərbaycanlıların soyqırımı günü münasibətilə Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatı və Milli QHT Forumunun birgə təşkilatçılığı ilə "Tarixin soyqırımı" adlı anım tədbiri keçirilib. Rayon İcra Hakimiyyətindən "OLAYLAR"-a daxil olan məlumata görə, icra başçısının müavini Aygün Əliyeva, YAP-ın Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, Milli QHT Forumunun prezidenti Rauf Zeyni, BDM rəhbərliyi, Türkiyədə Fəaliyyət göstərən "Əsassız Erməni Soyqırımı İddiaları ilə Mübarizə Dərnəyi"nin rəhbəri Göksal Gülbəy və digər şəxslər iştirak edib. YAP-ın Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov ötən yüzillikdə erməni qəsbkarları tərəfindən azərbaycanlılara qarşı törədilmiş qətliamlardan danışıb. Milli QHT Forumunun prezidenti Rauf Zeyni, "Əsassız Erməni Soyqırımı İddiaları ilə Mübarizə Dərnəyi"nin rəhbəri Göksal Gülbəy çıxışlarında Azərbaycan həqiqətlərinin, eləcə də ermənilərin bir yüzillikdə dəfələrlə azərbaycanlılara qarşı soyqırımı, etnik təmizləmə, deportasiya kimi qanlı cinayətlər törətməsi kimi tarixi faktlara söykənən gerçəkliklərin beynəlxalq aləmdə təbliği istiqamətində görülən işlərdən bəhs etmiş, bu məsələdə dövlətin davamlı dəstəyindən danışıblar. Sonda çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva zaman-zaman ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş fiziki və mənəvi terrorlar, vandalizm aktlarından danışmış, bu qanlı olaylara ilk dəfə Ulu Öndər Heydər Əliyev tərəfindən hüquqi-siyasi qiymət verildiyini bildirib. A.Əliyeva bu məsələdə beynəlxalq ictimaiyyətin maarifləndirilməsi işində hər bir soydaşımızın üzərinə məsuliyyət düşdüyünü qeyd edib.