"Binəqədi rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər"
Binəsi qədim, özü müasir BİNƏQƏDİ
12 Dekabr 2014 15:35 SosialAzərbaycanda son illərdə həyata keçirilən məqsədyönlü islahatlar, bir sıra ümummilli proqramlar, mühüm infrastruktur layihələrin uğurla reallaşdırılması ölkəmizin sosial-iqtisadi mənzərəsini əhəmiyyətli dərəcədə dəyişmiş, tarazlı inkişaf və davamlı yüksəliş üçün möhkəm əsas yaratmışdır. Prezident İlham Əliyev cəmiyyət qarşısında verdiyi bəyanatlara sadiqliyini, habelə yürütdüyü siyasətin reallığa adekvatlığını əməli işi ilə sübuta yetirərək islahatların davamlılığını, ardıcıllığını təmin etmiş, ictimai həyatın bütün sahələrində intibah və tərəqqinin əsasını qoymuşdur.
İsgəndərovla gələn abadlıq
Ölkədə əldə edilən nailiyyətlərə öz payını verməyə çalışan Binəqədi rayonunda da sosial-iqtisadi sahədə parlaq göstəricilər qazanılmış, son illərdə abadlıq-quruculuq işləri daha geniş vüsət almışdır.
Binəqədi paytaxt Bakının 12 rayonundan biri olmaqla 6, 7, 8, 9-cu mikrorayonları, Rəsulzadə, Biləcəri, Binəqədi, Xocasən, Sulutəpə və 28 May qəsəbələrini əhatə edir. Beş ərazi icra nümayəndəliyi, 5 bələdiyyə fəaliyyət göstərir. Rayonun inzibati mərkəzi Rəsulzadə qəsəbəsidir. Ərazisi 170 kvadrat kilometrə yaxındır. Əhalisi daimi qeydiyyatda olanlarla 253 min 500 nəfər, qeyri-rəsmi məlumatlara görə, qeydiyyatda olmayanlarla birlikdə 400 min nəfərdən çoxdur.
Etiraf etmək lazımdır ki, Xaləddin İsgəndərov Binəqədi rayonuna icra başçısı təyin olunduqdan sonra rayon ərazisi paytaxtda əsl tikinti meydanını xatırladır. Geniş abadlıq-quruculuq işlərinə start verilməsi, nəinki mikrorayonlarda, qəsəbələrdə və digər yaşayış məntəqələrində fərq qoymadan qurub-yaratmaq rayon rəhbərliyinin devizinə çevrilmişdir.
Fəaliyyətini məhz bu prinsip əsasında quran Binəqədi Rayon İcra Hakimiyyəti də dinamik yüksəliş üçün bütün zəruri tədbirləri həyata keçirməyə, ölkədəki inkişaf prosesinə layiqli töhfəsini verməyə çalışır. Ümummilli lider Heydər Əliyevin hakimiyyəti dövründə özü üçün güclü istehsal potensialı, zəngin infrastruktur formalaşdırmış Binəqədi rayonu Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı ilə böyük uğurlar əldə edərək bu gün daha da müasirləşib. Binəqədi, demək olar ki, inkişafının keyfiyyətcə yeni mərhələsini yaşayır. Rayon sakinlərinin razılığına səbəb olan quruculuq tədbirləri təkcə Binəqədi rayon mərkəzində deyil, ətraf qəsəbələrdə də qabarıq hiss olunur. Dövlət başçısının 2013-cü il aprel ayının 23-də imzaladığı "Bakı şəhəri Binəqədi rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında" sərəncamından irəli gələn bütün tədbirlərin icrasına başlanılıb və uğurla davam edir.
Mikrorayonlar rayonu Binəqədi
Ümumiyyətlə, Binəqədi rayonunda müşahidə olunan böyük canlanma və tərəqqi ilk növbədə sistemli, ardıcıl və yeniliyə əsaslanan mütərəqqi iş üslubunun bəhrəsidir. Rayon rəhbərliyi ölkə başçısının çevik və səmərəli iqtisadi islahatlar strategiyasını rəhbər tutaraq idarəçilikdə mütərəqqi üsulların tətbiq edilməsinə nail olub. Rayonun illik inkişaf planı hazırlanaraq təsdiq olunub, bu sənəddə hər rüb üzrə görülməli işlər, onların maliyyələşdirilməsi mexanizmləri dəqiq əksini tapıb.
Bakının şimal istiqamətində magistral yolun Binəqədi ərazisindəki hissəsinin hər iki tərəfinin abadlaşdırılması, gözəl xiyaban və parkların, yaşıllıqların salınması rayon rəhbərliyinin təşəbbüsü əsasında həyata keçirilib və ümumilikdə paytaxt sakinləri tərəfindən böyük rəğbətlə qarşılanıb. Hazırda şəhərin şimal istiqamətində hərəkət edən hər bir vətəndaş qısa müddətdə necə böyük və uğurlu bir layihənin reallaşdırıldığının şahidinə çevrilir. Ölkənin şimal və şimal-qərb bölgələrindən paytaxta gələn qonaqlarda şəhər haqqında ilk xoş təəssürat yaradan Biləcəri qəsəbəsi simasını göz oxşayan bir şəkildə dəyişib. Bakı-Sumqayıt istiqamətində gedib-gələn insanlar Biləcəridə davam edən tikinti-quruculuq və bərpa işlərini məmnunluqla qəbul edirlər.
Binəqədi həm də bir neçə mikrorayonun yerləşdiyi rayondur. Mikrorayonların isə daha çox diqqət və qayğı tələb etdiyi hamıya məlumdur. Bu səbəbdən də adıçəkilən ərazilərdəki evlərin istilik sistemlərinin böyük hissəsi yenilənib.
Yeni parklar, abad məhəllələr, xoş istirahətlər...
Uğurla həyata keçirilən abadlıq və yenidənqurma işləri Binəqədi rayonunun simasını tamamilə dəyişib. Son bir ildə "Abad Məhəllə" layihəsi çərçivəsində rayonun ayrı-ayrı ərazilərində yeni istirahət parkları tikilib, küçələrə və məhəllədaxili yollara asfalt örtüyü döşənib, müasir küçə fənərləri, yeni, yaraşıqlı dayanacaqlar quraşdırılıb. Yaradılmış abad məhəllələrdəki yaşayış binalarında müasir tələblərə cavab verən təmir-bərpa işləri aparılıb. Binaların qarşısında xüsusi səliqə-sahman yaradılıb, sakinlərin istirahəti üçün mini parklar salınıb. Əhalinin rahatlığının təmini məqsədi ilə sakinlərin sıx yaşadığı ərazilərdə lazımi avadanlıqlarla təchiz olunmuş müasir tipli "xeyir-şər evləri"i inşa edilib. Son illərdə ən çox abad məhəllə 7 və 8-ci mikrorayonların ərazisində yaradılıb. Bundan başqa, məhəllədə zibil qutularının yerləşdirilməsi üçün xüsusi yerlər inşa olunub. Digər ərazilərdə olduğu kimi, burada da çörək qırıntılarının yığılması üçün xüsusi qutular qoyulub. Binaların qarşısına asfalt döşənib və maşınların park edilməsi üçün xüsusi yerlər ayrılıb. Parkın ətrafındakı yaşayış binalarında təmir işləri aparılıb, binaların fasadları rənglənib, girişi təmir edilərək dəmir qapılar qoyulub. Su xətləri təmir olunub, zirzəmilər çirkab sulardan təmizlənib. Kanalizasiya sistemləri yenilənib, qaz və su və işıqla bağlı problemlər aradan qaldırılıb.
Məhəllənin mərkəzində salınmış yaşıllıqda sakinlərin hərəkəti üçün xüsusi asfalt örtükdən ibarət cığırlar salınıb. Parkda uşaqlar üçün əyləncə yerləri, ağacdan hazırlanmış oturacaqlar quraşdırılıb. Məhəllədə yaşlı insanlar üçün stolüstü oyun guşələri inşa edilib. Sakinlərin gecə saatlarında parkda normal istirahət etmələri üçün burada müasir işıqlandırma sistemi quraşdırılıb.
Binəqədi rayonu ərazisində sanitar təmizliyini təmin edilməsi istiqamətində də ciddi işlər görülməkdədir. Son bir il ərzində rayon ərazisində sanitar normalara əməl olunması və ərazilərin təmizliyinə nəzarət etmək məqsədilə görülən tədbirlər artıq öz müsbət nəticələrini verməkdədir. Belə ki, 2014-cü ildə bu sahədə istifadə olunan avadanlıq və texniki qurğuların sayının artması işlərin intensivliyinin və keyfiyyətinin artmasına səbəb olub. Məişət tullantılarının yığıldığı ərazilərin abadlaşdırılması, tullantıların vaxtında götürülməsi, texnika və avadanlıqlardan səmərəli istifadə təmizliyə zəmanət verir.
Günü-gündən yaşıllaşan rayon
Binəqədini digər rayonlarından fərqləndirən xüsusiyyətlərindən biri də son illərdə burada aparılan irimiqyaslı yaşıllıq işləridir. Bu da Binəqədini ekoloji baxımdan ən təmiz rayonlardan birinə çevirib. Belə ki, 2012-ci ildən başlayaraq rayon ərazisində milyonlarla ağac, gül kolları əkilib. Bunu biz Bakı-Sumqayıt yolboyu salınan və insanın könlünü oxşayaraq Bakımıza özünəməxsus bir gözəllik bəxş edən yaşıllıq-abadlıq işlərində də aydın görürük.
Belə ki, Bakı Sumqayıt yolunun hər iki tərəfi xüsusi memarlıq layihəsi əsasında yaşıllaşadırılıb və dekorativ şəkildə bəzədilmiş istinad divarları inşa edilib. Yolboyu salınan hündür təpəliklərdə əkilən otlar, müxtəlif ağac və kol bitkiləri insanda qeyri adi-duyğuların oyanmasına səbəb olur. Ərazidə xüsusi işıqlandırma sistemi quraşdırılıb. Bu da gecələr yaşıllığa xüsusi gözəllik verir.
Onu da deyək ki, yaşıllaşdırmada tətbiq edilən belə landşaft memarlığını ölkəmizdə ilk dəfə tətbiq edən Binəqədi rayonu olub.
Belə bir landşaft memarlığının tətbiqi Binəqədinin daha da gözəlləşməsinə, onun digər rayonlardan daha çox diqqəti cəlb etməsinə yol açıb.
Rayonda aparılan abadlıq quruculuq işləri çərçivəsində Heydər Əliyev adına mədəniyyət və istirahət parkı yenidən qurulub.
Parkdakı yararsız tikililər sökülüb, kommunikasiya xətləri yenilənib. Parkda 67 növ nadir ağac, kol və bitki növləri əkilib. Burada relyef nəzərə alınmaqla müasir üslubda hazırlanan körpülərdən, şəlalələrdən, fəvvarələrdən, çeşmələrdən və digər kiçik memarlıq elementlərindən geniş və məharətlə istifadə olunub.
Parkda uşaqlar üçün müxtəlif attraksionlar, yelləncəklər və digər idman və oyuncaq elementləri quraşdırılıb. Parkın mərkəzində müasir texnologiyalardan istifadə etməklə milli və dünya musiqi nümunələrindən təşkil olunan kompozisiyalardan ibarət musiqili fəvvarə buraya xüsusi yaraşıq verməklə yanaşı, istirahət edənlərin könlünü oxşayır.
Qeyd edək ki, Binəqədi rayonunda aparılan quruculuq işlərini ölkə başçısı İlham Əliyev yüksək qiymətləndirib. O, bu ilin aprel ayında Biləcəri qəsəbəsində əsaslı təmirdən sonra yenidən istifadəyə verilmiş mədəniyyət-istirahət parkının açılışı mərasimində: "Bu parkın açılışı onu göstərir ki, nəinki Bakının, ölkəmizin hər bir yerində iş görmək mümkündür və lazımdır", - deyib.
Rayonlar üçün yeni keyfiyyət nümunəsi - BİNƏQƏDİ
Paytaxtın bütün ərazilərində olduğu kimi, Binəqədi rayonunda da qanunsuz tikililər sarıdan ciddi problemlər yaşanır. Uzun illər ərzində neft-qaz yataqları üçün ayrılmış ərazilərdə, su-kanalizasiya kəmərlərinin, yüksək gərginlikli enerji xətlərinin, dəmir və şose yollarının zolaqlarında heç bir sənəd olmadan, ən yaxşı halda bələdiyyə qərarları ilə minlərlə qanunsuz evlər tikilmiş, həyətyanı sahələr salınmışdır. Bu səbəbdən belə yaşayış sahələrində müxtəlif bədbəxt hadisələr baş verir, yanğınlar olur, evlər uçur. Xatırlayıram ki, bir neçə il bundan əvvəl Rəsulzadə qəsəbəsində həyətində ağac kəsən sakin budağın evinin üstündən keçən yüksək gərginlikli elektrik xəttinə toxunması nəticəsində həyatını itirmişdi. Digər tərəfdən, həmin ərazilərə heç bir mühəndis- kommunikasiya xətləri, yollar çəkilməmiş, sosial infrastruktur obyektləri, məktəb, xəstəxana, uşaq bağçaları, müxtəlif xidmət obyektləri yaradılmamış, onlar üçün torpaq sahələri saxlanılmamışdır. Məhz bu cür halların nəticəsidir ki, indi həmin ərazilərdə çoxsaylı problemlər yaşanır. Amma çətin də olsa, bu gün Binəqədi rayon rəhbərliyi problemlərin həllinə çalışır, həmin ərazilərdə sosial infrastruktur yaradılır və nəticədə müsbət dəyişikliklərə nail olunur.
Nizam RZAYEV, Lent.az İnformasiya agentliyi
"Binəqədi Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə keçirdiyi müsabiqəyə təqdim etmək üçün"