"Prezidentin Böyük Britaniya səfəri iqtisadi cəhətdən çox uğurlu addımdır"- Vüqar Zifəroğlu
27 Aprel 2018 15:30 Siyasət"Şübhəsiz ki, prezidentin ard-arda gerçəkləşdirdiyi səfərlər həm strateji, həm də dostluq münasibətləri baxımdan kifayət qədər müsbət nəticələr verəcək".
Bu sözləri Publika.az-a siyasi analitik Vüqar Zifəroğlu Prezident İlham Əliyevin seçkilərdən dərhal sonra Türkiyəyə və Böyük Britaniyaya səfərini şərh edərkən deyib. Onun sözlərinə görə, hər iki ölkənin Azərbaycan, Azərbaycanın da hər iki ölkə üçün xüsusi əhəmiyyəti var:
"Türkiyə bizə qardaş ölkə olmaqla yanaşı, sözün həqiqi mənasında strateji önəmi olan ölkədir. Hər iki ölkə liderlərinin görüşləri artıq ənənə halını alıb. Bu olduqca sevindirici haldır. Prezident İlham Əliyevin seçkilərdən sonra birbaşa Türkiyəyə səfər etməsi gözlənilirdi. Bu mənada regionda baş verən ciddi siyasi proseslərin fonunda iki ölkə arasındakı münasibətlərin daha da sıxlaşması təbii ki, qibtə ediləcək vəziyyətdir. Ümumiyyətlə, Türkiyə bir çox geosiyasi proseslərdə Azərbaycan maraqlarına xidmət edəcək aktiv mövqe ortaya qoyur".
Prezidentin Ankaradan birbaşa Böyük Britaniyaya səfər etməsinə münasibət bildirən V.Zifəroğlu əlavə edib ki, İngiltərə - Azərbaycan münasibətlərinin tarixi əhəmiyyəti genişdir:
"Ümumiyyətlə, Azərbaycan müstəqillik əldə etdikdən bu günə qədər iki dövlət arasında olduqca geniş və sıx dostluq, əməkdaşlıq əlaqələri var. Bu xüsusilə iqtisadi cəhətdən olduqca əhəmiyyətli səfər oldu. Çünki Böyük Britaniya Azərbaycan iqtisadiyyatına ən çox sərmayə qoyan xarici ölkələrdən biridir. Ona görə, Azərbaycan üçün iqtisadi nöqteyi-nəzərdən ciddi əhəmiyyəti var ki, Böyük Britaniyanın Avropada xüsusi çəkisi var. Xüsusi strateji mövqeyi ilə seçilən Britaniyanın Azərbaycana olan münasibəti də sevindirici haldır. Bu digər Avropa ölkələri üçün nümunəvi addım ola bilər. Ona görə də prezidentin strateji mövqedən seçimi son dərəcə uğurludur".