Binəqədi rayonunda 31 Mart azərbaycanlıların soyqırımı günü ilə əlaqədar tədbir keçirilib
1 Aprel 2014 13:16 SiyasətMart ayının 31-də Binəqədi rayonunda qan yaddaşımızda dərin iz buraxmış 31 Mart azərbaycanlıların soyqırımı günü ilə əlaqədar tədbir keçirilmişdir. Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binasında gerçəkləşdirilən tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, millət vəkilləri Madər Musayev, Rafael Cəbrayılov, BDU-nun kafedra müdiri, tarix elmləri doktoru, professor Anar İsgəndərov, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmləri doktoru, professor Elman Nəsirov, Binəqədi RİH başçısının müavinləri, Aparatın şöbə müdirləri, rayonun hüquq mühafizə orqanları, icra strukturlarının rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Tədbir 31 Mart soyqırımından bəhs edən videoçarxın nümayişi ilə başlamışdır.
Sonra Binəqədi RİH başçısı Xaləddin İsgəndərov çıxış etmişdir. O, tarix boyu imperialist qüvvələrin havadarlığı ilə erməni qəsbkarlarının vətənimizə və xalqımıza qarşı məkrli addımlar atdığını, qırğın və soyqırımıları həyata keçirdiyini diqqətə çatdırmışdır. Belə qanlı olaylardan birinin də 1918-ci ildə erməni daşnak-bolşevik birlikləri tərəfindən törədilən 31 Mart soyqırımı olduğunu bildirən X.İsgəndərov bu qətliam zamanı azərbaycanlılara məhz milli mənsubiyyətinə görə divan tutulduğunu, qətl və amansız işgəncələrə məruz qaldığını vurğulamışdır. Natiq 31 Mart soyqırımına da ulu öndər Heydər Əliyev tərəfindən gerçək hüquqi-siyasi qiymət verildiyini qeyd edərək bu hadisəni təkcə tarixdən, şahidlərin xatirələrindən öyrənmədiyimizi, həm də bir soyqırımı aktı kimi hiss etdiyimizi bildirmişdir. RİH başçısı eyni xarakterli, eyni mahiyyətli Xocalı soyqırımı və işğal olunmuş digər torpaqlarımızda soydaşlarımıza qarşı həyata keçirilmiş qanlı qırğınlardan cəmi iyirmi ildən bir az artıq zaman keçdiyini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.
Daha sonra tarixçi alim BDU-nun professoru Anar İsgəndərov "31 Mart azərbaycanlıların soyqırımı: sənədlər və tarixi faktların şahidliyi", politoloq Elman Nəsirov "Azərbaycanlılara qarşı soyqırımı siyasəti: tarix və müasirlik kontekstində", tarixçi alim və millət vəkili Rafael Cəbrayılov "31 Mart azərbaycanlıların soyqırımının hüquqi-siyasi tərəfləri" mövzusunda çıxış etmişlər. Natiqlər imperialist dövlətlərin dəstəyi ilə əzəli Azərbaycan torpaqlarında məskunlaşdırıldıqdan sonra ermənilərin daim soydaşlarımıza qarşı məkrli və təcavüzkar planlar həyata keçirdiklərini vurğulamışlar.